AZ

Bu şəhərdə dərslər metroda keçirilir


Ukraynanın Xarkov şəhərində minlərlə uşaq dərslərini metro stansiyalarında davam etdirir.

Yeniavaz.com “Al Jazeera”yə istinadən xəbər verir ki, hazırda şəhərdə metro və bunker tipli məktəblərdə təxminən 20 min şagird təhsil alır.
Məlumata görə, Xarkov Rusiyaya yaxın yerləşdiyi üçün tez-tez raket və dron hücumlarına məruz qalır. Bu səbəbdən şəhərdəki adi məktəblər bağlanıb və dərslər təhlükəsiz hesab olunan metro stansiyalarına köçürülüb.
Belə məktəblərdən biri şəhərin cənub-şərqində yerləşən Oleksandr Maselski metro stansiyasında fəaliyyət göstərir. Burada təxminən 2000 məktəbli və məktəbəqədər uşaq dörd kiçik sinif otağında növbəli şəkildə, həftənin yeddi günü dərs keçir.
Məktəbin direktoru və ingilis dili müəllimi Maksım Trıstapşon bildirib ki, metro məktəbləri uşaqlar üçün təhlükəsiz mühit yaradır. Onun sözlərinə görə, burada əsas məqsəd uşaqların müharibə barədə düşünmədən normal təhsil ala bilməsidir.
Doqquz yaşlı Alisa isə metro məktəbində özünü daha təhlükəsiz hiss etdiyini deyib: “Burada oxumağı və dostlarımla görüşməyi xoşlayıram, çünki təhlükəsizdir”.

Ukrayna rəsmilərinin məlumatına görə, 2022-ci ildən bəri Xarkov vilayətində Rusiya hücumları nəticəsində 100-dən çox uşaq və təxminən 3 min mülki şəxs həlak olub. Son günlərdə şəhərdə bir yaşayış binasına edilən raket zərbəsi nəticəsində 9 yaşlı oğlan və 13 yaşlı qız da daxil olmaqla bir neçə nəfər ölüb.
Şəhərdə hava hücumu siqnalları gün ərzində dəfələrlə səslənir. Buna görə də valideynlər uşaqlarını evdə onlayn dərslərə qoşmaq əvəzinə metro məktəblərinə göndərməyə üstünlük verirlər.
Hazırda Xarkov metrosunun 30 stansiyasından bəzilərində 8 metro məktəbi, həmçinin regionda 10 bunker və zirzəmi məktəbi fəaliyyət göstərir.
Ukrayna rəsmilərinin açıqlamasına görə, müharibə başlayandan bəri ölkə üzrə 4 mindən çox məktəb, uşaq bağçası və universitet binası zədələnib və ya dağıdılıb. Xarkovda isə 184 məktəbdən 134-ü hücumlar nəticəsində zərər görüb.
Seçilən
36
1
yeniavaz.com

2Mənbələr