"ABŞ/İsrail - İran arasındakı müharibə xüsusilə Yaxın Şərqi əhatə edir. İran ABŞ-nin regiondakı müttəfiqləri olan və hərbi bazalarının yerləşdiyi əraziləri - Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və Türkiyəni hədəf alır. Hazırda bu ölkələr ABŞ ilə koalisiya yaradaraq İrana qarşı aktiv müharibəyə başlamayıblar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan səsləndirdi.
Onun sözlərinə görə, perspektivdə onların da ABŞ ilə birlikdə İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək ehtimalı var.
"Bu, o halda baş verə bilər ki, ABŞ və İsrail İrana qarşı əməliyyatları uğurla başa çatdırmaqda çətinlik çəksinlər. Hələlik ABŞ-nin bu istiqamətdə deyil, yalnız Hörmüz boğazının blokadadan çıxarılması məsələsində müttəfiqlərinin, xüsusən NATO tərəfdaşlarının yardımına ehtiyacı var. Ərəb ölkələri isə bu məsələdə ABŞ-ni dəstəkləsələr də, hələ ki, hər hansı hərbi yardım göstərmir və İrana qarşı əməliyyatlarda açıq şəkildə iştirak etmirlər", - deyə o qeyd etdi.
Xədicə BAXIŞLI