Süni intellektin media sahəsində sürətlə yayılması jurnalistikanın gələcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Bu texnologiyanın xəbər istehsalına təsiri bəziləri tərəfindən risk kimi qiymətləndirilsə də, digərləri onu jurnalistika üçün yeni imkanlar yaradan alət hesab edir.
Mövzu ilə bağlı Süni intellekt mütəxəssisi Ümid Salay QHT.az-a açıqlama verib. O, bildirib ki, süni intellekt jurnalistika üçün nə təkcə təhlükə, nə də avtomatik xilasedici imkan hesab edilə bilər. Ümid Salay söyləyib ki, bu texnologiya daha çox media sahəsində oyunun qaydalarını dəyişən bir alətdir və ondan necə istifadə olunacağı nəticəni müəyyən edir.
Ümid Salay bildirib ki, süni intellektin yaratdığı əsas risklərdən biri xəbərin sürətinin artması ilə keyfiyyət və doğrulama prosesinin arxa plana keçməsi ehtimalıdır. Onun sözlərinə görə, bu vəziyyət jurnalistikanın əsas dayağı olan etibara mənfi təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, “AI xəbərin sürətini artırdıqca, keyfiyyət və doğrulama ikinci plana keçə bilər”. Ü.Salayın sözlərinə görə, saxta xəbərlər, deepfake videolar, manipulyativ başlıqlar və mənbəsiz avtomatik mətnlərin yayılması media mühitində etibarın zəifləməsinə səbəb ola bilər.
Ü.Salay sözlərinə görə, süni intellektin yaratdığı risklərə baxmayaraq, onun media üçün ciddi imkanları da mövcuddur. Mütəxəssis qeyd edib ki, bu texnologiya jurnalistlərə böyük həcmdə məlumatı daha sürətli analiz etməyə, transkripsiya etməyə, arxivlərdə axtarış aparmağa, məlumatları müqayisə etməyə və ilkin qaralama mətn hazırlamağa kömək edə bilər.
Ümid Salay bildirib ki, süni intellekt jurnalistin yerini tutan deyil, onun işini asanlaşdıran texniki alət kimi istifadə olunmalıdır. Bu halda jurnalistlər daha çox araşdırmaya, mənbə yoxlamasına və materialın dərinliyinə diqqət ayıra bilərlər.
Mütəxəssis vurğulayıb ki, “gələcəkdə jurnalistikada üstünlük xəbəri ilk yayanın yox, ən etibarlı şəkildə təsdiqləyən və izah edən tərəfin olacaq”. Onun sözlərinə görə, süni intellekt dövründə məlumatın həcmi artsa da, etibarın qorunması jurnalistikanın əsas vəzifələrindən biri olaraq qalacaq.
Ü.Salay qeyd edib ki, bu səbəbdən jurnalistin rolu yox olmur, əksinə dəyişir. O, artıq yalnız xəbər yazan deyil, həm də məlumatı ayırd edən, doğrulayan və mənalandıran şəxsə çevrilir.
Ekspert əlavə edib ki, süni intellekt məsuliyyətsiz şəkildə istifadə olunarsa jurnalistika üçün təhlükəyə çevrilə bilər. Lakin düzgün yanaşma ilə bu texnologiya media keyfiyyətini artıran güclü alətə çevrilə bilər. Onun fikrincə, gələcəyin uğurlu media modeli “jurnalist + süni intellekt dəstəyi” prinsipinə əsaslanacaq.
Fatimə Nəbiyeva