Son dövrlərdə dünyada islamofobiya meyllərinin artması həm siyasi manipulyasiya, həm də mediada formalaşdırılan stereotiplərlə əlaqələndirilir.
Mövzu ilə bağlı Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlama verib.
O bildirib ki, dünyada son dövrlərdə artan gərginlik fonunda islamofobiya meyillərinin güclənməsi diqqət çəkir. Bu tendensiya bir sıra siyasi, informasiya və sosial amillərlə bağlıdır.
Rauf Zeyni bildirib ki, hazırda dünyada mövcud olan gərginlik və qarşıdurmalar arzuolunan vəziyyət deyil və bu proseslər islamofobiya meyillərinin artmasına da təsir göstərir. Onun sözlərinə görə, media stereotipləri, siyasi manipulyasiya, terror qruplaşmalarının fəaliyyəti və islam dini haqqında məlumat azlığı bu prosesə təkan verən əsas amillərdəndir.
R.Zeyninin sözlərinə görə, islam dini haqqında real və obyektiv məlumatların az olması cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. O bildirib ki, “İslam haqqında real məlumatın azlığı və onun bəşəriyyət dini olması barədə bilgilərin çatdırılmaması islamofobiyanın yaranmasına və güclənməsinə səbəb olur.”
Sədr vurğulayıb ki, bəzi siyasi qüvvələr və maraqlı dairələr müxtəlif məqsədlərlə islam dini haqqında yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Onun sözlərinə görə, bu prosesdə bəzi media qurumları da islam dini və mədəniyyəti ilə bağlı məlumatları təhrif edərək təqdim edir.
Rauf Zeyni qeyd edib ki, nəticədə dünyada islam dini ilə bağlı iki fərqli təsəvvür yaranır – real islam və dünyaya təqdim olunan islam obrazı. O bildirib ki, “dünyaya islamı qara rəngdə təqdim edən qüvvələr islamı öz siyasi maraqları naminə təhrif edir və bu da islamofobiyanın güclənməsinə səbəb olur.”
R.Zeyninin sözlərinə görə, islamofobiyanın artması həm siyasi qarşıdurmalar, həm müharibələr, həm də bəzi siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi ilə bağlıdır. O qeyd edib ki, sosial media platformalarında və müxtəlif informasiya məkanlarında da islamın təhrif olunmuş formada təqdim edilməsi bu prosesə təsir göstərir.
Sədr əlavə edib ki, islam dünyası və müsəlman ölkələri bu istiqamətdə daha fəal iş aparmalı, beynəlxalq ictimaiyyətə islam dini haqqında düzgün məlumatların çatdırılmasını gücləndirməlidir. Rauf Zeyni hesab edir ki, islam ölkələrinin media qurumları, qeyri-hökumət təşkilatları və universitetləri bu sahədə daha geniş fəaliyyət göstərməlidir.
Fatimə Nəbiyeva