AZ

Çərəzlərin qiyməti niyə fərqlidir? -Ekspert izah ETDİ

Bildiyimiz kimi, qarşıdan Novruz bayramı gəlir. Bayramın yaxınlaşması ilə çərəzlərə tələbat da artır. Bazarda çərəzlərin qiymətləri isə kifayət qədər dəyişkəndir.

Bəs qiyməti nisbətən ucuz olan çərəzlərlə daha bahalı çərəzlər arasında hansı fərqlər mövcuddur?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır:

"Birincisi, biz bazarlarda, küçə ticarəti nöqtələrində və ya marketlərdə müxtəlif çərəzlərin - qoz, fındıq, badam ləpəsinin çəki ilə satışını görürük. Bu məhsulların bir kiloqramı 17, 18 və ya 20 manat kimi müxtəlif qiymətlərə təklif olunur. Digər tərəfdən, hər hansı bir şirkət öz brendini formalaşdırmaq üçün həmin məhsulları xüsusi qutularda və paketlərdə qablaşdırır, üzərinə öz loqosunu, ştrix-kodunu vurur və daha baha qiymətə məsələn, 25-26 manata satışını təşkil edir. Əslində məhsul eynidir, lakin qablaşdırma müştəridə vizual rahatlıq, komfort və inam yaradır. İstehlakçı düşünür ki, məhsul tanınmış şirkətə məxsusdursa, deməli, keyfiyyətlidir. Burada artıq sırf məhsulun özünün deyil, brendin və etibarın pula çevrilməsindən söhbət gedir".

Marketdən

Müsahibimiz məsələnin digər tərəfinin isə gigiyena və təhlükəsizliklə bağlı olduğunu bildirdi.

"Alıcı küçədə, yol kənarında toz-torpağın içində 15 manata satılan qoz ləpəsini almaq istəmir. O, marketdən hər hansı bir firmanın qablaşdırılmış, sterilizə edilmiş məhsulunu 18 manata almağı daha təhlükəsiz hesab edir. İstehlakçıda belə bir fikir formalaşır ki, təmiz və paketlənmiş məhsuldan istifadə etmək daha məqsədəuyğundur və bu, daxili bir rahatlıq yaradır. Qiymət fərqi də məhz bu amillərə görə dəyişir. Nəhayət, məhsulun birbaşa keyfiyyəti ilə bağlı məqam var. Bazarda ucuz qiymətə təklif olunan məhsul həqiqətən keyfiyyətsiz ola bilər. Məsələn, ləpələr qırıq olar, rütubətli yerdə saxlanılar və ya dadında acılıq olar. Belə məhsulların ucuz qiymətə satılması artıq rəqabət deyil, istehlakçının aldadılması deməkdir", - deyə ekspert əlavə etdi.

Xədicə BAXIŞLI

Seçilən
26
1
redaktor.az

2Mənbələr