AZ

Aqil Camal: “İranda rejimin ideoloji dayaqları ciddi zərbə alıb”

Press Klub TV-də yayımlanan gündəm müzakirəsində İran ətrafında baş verən hadisələr və regiondakı geosiyasi vəziyyət müzakirə olunub.

QHT.az xəbər verir ki, verilişin qonaqlarından biri “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, görüntülərə baxaraq belə düşünmək olar ki, İran cəmiyyətinin böyük hissəsi mövcud rejimi dəstəkləyir. Lakin əslində vəziyyət tam belə deyil. Həmin görüntülər bizi aldatmamalıdır. Çünki 90 milyonluq əhalisi olan ölkədə təkcə könüllü “Bəsic” qüvvələrinin sayı təxminən bir milyondur:

"Bu qüvvələr əyalətlər üzrə bölündükdə və kütləvi aksiyalarda iştirak etdikdə, xüsusilə də ailə üzvləri ilə birlikdə meydana çıxdıqda, kənardan böyük kütlə görüntüsü yarada bilirlər. Bu isə İran cəmiyyətinin bütün təbəqələrinin – istər müxtəlif etnik qrupların, istər müasir gəncliyin, istərsə də digər sosial qrupların – vahid şəkildə rejimi dəstəkləməsi demək deyil. Buna görə də hesab edirəm ki, İrandakı rejim ciddi zərbə aldı. Çünki rejim İran xalqını və dövlətini, onların ifadəsi ilə desək, “ədalətsiz və qaniçən” hesab etdikləri ABŞ-İsrail koalisiyası qarşısında qoruya bilmədi".

QHT sədri həmçinin bildirib ki, bu vəziyyət rejimin ideoloji əsaslarını da zəiflətdi. Rejim uzun müddət öz ideologiyasını “ilahi ədalət” və haqqın müdafiəsi kimi təqdim edirdi. İndi isə belə bir vəziyyətdə xalq qarşısında bunu necə izah edəcəkləri sual altındadır:

"Məscidlərdə rejimin sözçüləri çıxış edir, lakin bundan sonra cəmiyyətə nə deyəcəkləri də ciddi müzakirə mövzusudur. Bu baxımdan hesab edirəm ki, baş verən hadisələr sistemin ideoloji dayaqlarına çox ciddi zərbə vurub".

 

Pərvanə Fərhadqızı

Seçilən
17
qht.az

1Mənbələr