AZ

Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"

Mərkəzi Asiyanı Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa İttifaqının elektrik enerjisi bazarı ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş "Yaşıl enerji dəhlizi" kimi təşəbbüslər Çexiya üçün böyük maraq kəsb edir.

Bunu Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji bölməsinin baş direktorunun müavini Petr Binhak "Far.Az"a müsahibəsində bildirib.

P.Binhak vurğulayıb ki, Çex Respublikası Azərbaycanın bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılması və ölkənin enerji balansının şaxələndirilməsi kursunu təqdir edir.

"Günəş, külək və su enerjisi layihələrinin həyata keçirilməsi vasitəsilə 2030-cu ilə qədər 6,5 QVt gücündə bərpa olunan enerji stansiyalarının istifadəyə verilməsi hədəfi ölkənin "yaşıl keçid" strategiyasına sadiqliyini nümayiş etdirir. Azərbaycanın əlverişli təbii-iqlim şəraitini, ilk növbədə, günəş və dəniz külək enerjisi seqmentini nəzərə alsaq, bu planları həyata keçirilməsi tamamilə mümkün görünür. Avropa ölkələri mövqeyindən baxsaq, bərpa olunan enerjinin inkişafı həm dayanıqlıq prinsipləri, həm də uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi məqsədləri ilə sıx bağlıdır", - baş direktorun müavini qeyd edib.

Onun sözlərinə görə, regional sistemlərarası əlaqələrin gücləndirilməsi və Avropanın ötürücü şəbəkələri ilə inteqrasiya uzunmüddətli perspektivdə enerji sisteminin dayanıqlığının artırılmasına və enerji təchizatı mənbələrinin genişləndirilməsinə töhfə verə bilər.

P.Binhak vurğulayıb ki, Çexiya enerji tədarükünün şaxələndirilməsi və beynəlxalq enerji əlaqələrinin gücləndirilməsinə töhfə verən layihələrə dəstək göstərir.

"Biz Azərbaycan-Türkiyə interkonnektoru kimi təşəbbüsləri daha geniş kontekstdə - təkcə potensial elektrik enerjisi axınları baxımından deyil, həm də texnoloji əməkdaşlıq və sənaye iştirakı üçün imkanlar yarada biləcək təşəbbüs kimi qiymətləndiririk", - o əlavə edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Seçilən
14
far.az

1Mənbələr