AZ

Tehran İslam dünyasını ittiham etdi: “Bu necə müsəlmanlıqdır?”

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani İslam dünyasına və müsəlman dövlətlərinə ünvanlanan 6 bəndlik müraciətlə çıxış edib.

Musavat.com xəbər verir ki, İran rəsmisi bəyanatında regionda baş verən hadisələr fonunda İslam ölkələrinin mövqeyini sərt tənqid edib.

Laricani bildirib ki, İran danışıqların getdiyi bir vaxtda ABŞ və İsrailin planlı təcavüzü ilə üzləşib. Onun sözlərinə görə, hücumların məqsədi ölkəni parçalamaq olub və nəticədə İslam İnqilabının rəhbərliyi ətrafından olan şəxslər, mülki vətəndaşlar və hərbi komandirlər həlak olublar. İran rəsmisi iddia edib ki, buna baxmayaraq, ölkə daxilində güclü milli və islami müqavimət formalaşıb.

İranlı siyasətçi müraciətinin ikinci bəndində qeyd edib ki, nadir siyasi bəyanatlar istisna olmaqla, İslam dövlətlərinin əksəriyyəti İran xalqına dəstək verməyib. Onun fikrincə, buna baxmayaraq, İran xalqı “polad iradə” göstərərək düşmənə qarşı müqavimət göstərib və hazırda qarşı tərəf yaranmış strateji vəziyyətdən necə çıxacağını bilmir.

Üçüncü bənddə Laricani ABŞ və İsraili “böyük və kiçik şeytan” adlandıraraq bildirib ki, İran bu qüvvələrə qarşı müqavimət yolunu davam etdirəcək. O, eyni zamanda, müsəlman ölkələrinin mövqeyini tənqid edərək bunu İslam həmrəyliyi prinsiplərinə zidd addım kimi qiymətləndirib və sual edib: “Əgər bir müsəlmanın fəryadına cavab vermirsinizsə, bu necə müsəlmanlıqdır?”

Müraciətin dördüncü hissəsində Laricani bəzi ölkələrin İranın həmin dövlətlərdə yerləşən ABŞ bazalarını, eləcə də Amerika və İsrail maraqlarını hədəf almasına görə Tehrana qarşı çıxmasını tənqid edib. O bildirib ki, İran öz ərazisinə qarşı istifadə olunan bazalara səssiz qala bilməz və müsəlman dövlətləri qarşısında açıq sual qoyub: “Bu gün döyüşün bir tərəfində ABŞ və İsrail, digər tərəfində isə müsəlman İran dayanır – siz hansı tərəfdəsiniz?”

Beşinci bənddə isə Laricani İslam ölkələrini gələcək barədə düşünməyə çağırıb. O qeyd edib ki, ABŞ region dövlətlərinə sadiq deyil və İsrail onların maraqlarına qarşı çıxan qüvvədir. İran rəsmisinin sözlərinə görə, Tehran digər müsəlman ölkələri üzərində hegemonluq etmək niyyətində deyil və onların xeyrini düşünür.

Müraciətin yekun hissəsində Laricani vurğulayıb ki, İslam ümmətinin birliyi regionun təhlükəsizliyini, dövlətlərin müstəqilliyini və ümumi inkişafını təmin edə bilər.

Musavat.com

Seçilən
34
2
musavat.com

3Mənbələr