AZ

“Qazaxıstan sanki ikinci dəfə müstəqilliyini elan edir” Qazaxıstanlı jurnalist Oljas Əbdilxaliq MÜSAHİBƏ)

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bununla Türk dünyasında konstitusiya islahatlarının yeni dalğası başlaya bilər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni konstitusiyanın ölkəni təzə nailiyyətlərə və uğurlara aparacağına əmindir. Qazaxıstan Prezidenti bunu referendumun ilkin "exit-poll" nəticələri ilə tanış olarkən deyib. Ümumxalq səsverməsində yüksək seçici fəallığının qeydə alındığını bildirən Tokayev bildirib ki, Qazaxıstan vətəndaşları dünyaya birlik, həmrəylik, vətənpərvərlik və vətənin taleyi üçün ortaq məsuliyyətin ən parlaq nümunəsini nümayiş etdiriblər.

Qeyd edək ki, Avrasiya İnteqrasiya İnstitutu və Astana Kompleks Sosial Araşdırmalar İnstitutunun "exit-poll" nəticələrinə görə, müvafiq olaraq sorğuda iştirak edən vətəndaşların 86,7 və 87,4 %-i yeni konstitusiyanın lehinə səs verib.

Yeni konstitusiya layihəsinin mətni fevralın 12-də açıqlanıb. Yeni əsas qanunun hazırda qüvvədə olandan prinsipial fərqləri arasında parlamentin birpalatalı modelə keçid, vitse-prezident postunun təsis edilməsi, eləcə də ali məşvərətçi orqan qismində Xalq Şurasının formalaşdırılması yer alır. 

Qazaxıstan “Jas Qazaq” qəzetinin redaktoru, jurnalist Oljas Əbdilxaliq mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Qazaxıstanda Konstitusiya niyə dəyişdirildi?

-Ölkədə Konstitusiyanın dəyişdirilməsi zərurəti əslində dövlətin siyasi və institusional sistemini yenidən qurmaq axtarışından qaynaqlanırdı. Yeni Konstitusiyanın qəbul edilməsi çox vaxt yalnız hüquqi islahat deyil, eyni zamanda dövlətin inkişaf modelinin yenidən müəyyənləşdirilməsi deməkdir. Bu baxımdan yanaşdıqda, müstəqilliyinin 35-ci ilinə yaxınlaşan Qazaxıstanın sanki ikinci dəfə öz suverenliyini və dövlət kimliyini yenidən elan etdiyini demək mümkündür. Çünki konstitusiya bir ölkənin siyasi sisteminin əsasını müəyyən edən ən mühüm sənəddir.

-Əvvəlki qanunlar tamamilə yeniləri ilə əvəz olundu?

-Bu proses tamamilə köhnə konstitusion nizamın rədd edildiyi anlamına gəlmir. Məsələn, Prezident Kasım-Jomart Tokayevin növbəti prezident seçkilərinin 2029-cu ildə keçiriləcəyini açıqlaması əvvəlki konstitusion normaların hələ də qüvvədə olduğunu göstərir. Yəni yeni Konstitusiya köhnə sistemdən tam qopmayıb. Bu daha çox mövcud siyasi quruluşun islah edilməsi və yenilənməsi kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, yeni Konstitusiya adətən yeni siyasi dövrün başlanğıcı kimi qəbul edilir. Nəzəri olaraq belə bir vəziyyətdə yeni dövlət modelinə uyğun olaraq yeni siyasi institutların və təmsilçilik orqanlarının formalaşması, hətta yeni liderlik müzakirələrinin gündəmə gəlməsi mümkündür. Buna görə bəzi ekspertlər Qazaxıstanın bu addımını “dövlətin ikinci institusional quruluşu” kimi şərh edirlər.

-Bu, Türk dünyası üçün nə ifadə edir? Digər türk dövlətləri də Konstitusiya dəyişikliyinə gedə bilərmi?

-Türk dünyası baxımından bu inkişaf regionda konstitusion islahat proseslərinin necə irəliləyə biləcəyinə dair mühüm nümunə yarada bilər. Lakin hər bir türk dövlətinin öz siyasi sistemi və daxili dinamikası fərqli olduğu üçün Qazaxıstandakı modelin eynilə tətbiq edilməsi çətin görünür. Buna baxmayaraq, bu proses konstitusion islahatların dövlətin modernləşdirilməsi üçün mühüm vasitə ola biləcəyini göstərir. Eyni zamanda, bu, idarəetmə modelinin yenilənməsində belə islahatların necə istifadə oluna biləcəyini nümayiş etdirən diqqətəlayiq bir təcrübədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
sherg.az

1Mənbələr