ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Zəngəzur dəhlizi ətrafında geosiyasi rəqabət getdikcə kəskinləşir. Türkiyə mediasında ortaya atılan iddiada bildirilir ki, yeni dünya nizamının açarı məhz bu dəhliz ətrafında formalaşır. Bura “Orta dəhliz” kimi tanınan, Çindən Avropaya uzanan böyük ticarət yolunun əsas keçid nöqtəsidir. Bu marşrut Rusiyadan və ya İrandan asılı qalmadan Mərkəzi Asiyaya çıxış verən yeganə qapı sayılır. Hörmüz boğazını, Süveyş kanalını və ya Rusiya ərazisini yan keçmək istəyən hər kəsin diqqəti məhz buraya yönəlib.
Türkiyənin ekspert dairələrində ortaya atılan bu iddia gerçəkdirmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Zəngəzur dəhlinizin bir neçə mühüm əhəmiyyəti var:
“Birinci növbədə, Azərbaycanın əsas quru hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması baxımından önəmlidir. İkincisi, ümumilikdə türk coğrafiyası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsi baxımından əhəmiyyət daşıyır. Üçüncüsü və ən vacibi isə Çindən Avropaya gedən yüklərin daşınması baxımından mühüm rol oynaya bilər.
Bu layihə çərçivəsində yalnız ABŞ-ın deyil, müxtəlif ölkələrin investisiya yatırması məsələsi də aktualdır. Yəni bir sıra dövlətlərin bu layihəyə investor kimi qoşulacağı gözlənilir. Böyük ehtimalla burada Rusiya və Çin kimi ölkələrin də iştirakı mümkündür. Bu isə layihənin qlobal əhəmiyyətə malik olduğunu göstərir. Yəni söhbət təkcə hansısa bir ölkənin layihəsindən deyil, geniş beynəlxalq iştirakın nəzərdə tutulduğu böyük iqtisadi təşəbbüsdən gedir”.
Z.Əmrəliyev əlavə edib ki, İranla müharibənin başlanmasında Zəngəzur dəhlizinin hər hansı bir rolu yoxdur:
“Çünki ABŞ və İsrail uzun müddətdir İranla mümkün qarşıdurmaya hazırlaşır. Hətta bu istiqamətdə uzunmüddətli planlar qurulub və İrana qarşı əməliyyatların həyata keçirilməsi üçün hazırlıqlar aparılıb. Eyni zamanda, ABŞ-ın Suriyada möhkəmlənmək istəməsinin əsas səbəblərindən biri də İrana qarşı real əməliyyatlara başlamaq üçün əlverişli mövqe əldə etmək idi. Buna görə də prosesi yalnız Zəngəzur dəhlizi ilə əlaqələndirmək düzgün olmaz. Bu məsələ daha geniş və uzunmüddətli planın tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
ABŞ və Rusiyanın maraqlarının toqquşması məsələsinə gəlincə isə politoloq bildirib ki, burada ciddi qarşıdurma yaranacağı ehtimal edilmir:
“Əksinə, bu layihə çox perspektivli və beynəlxalq əhəmiyyətli iqtisadi təşəbbüs olduğu üçün müxtəlif güclər məhz bu layihə ətrafında əməkdaşlığa üstünlük verə bilərlər. Bu ideyanı ilk dəfə irəli sürən isə Prezident İlham Əliyev olub. Dövlət başçısı öz çıxışlarında da qeyd edib ki, bu layihə çərçivəsində yalnız region ölkələri deyil, eyni zamanda beynəlxalq güclər də birgə əməkdaşlıq edə bilər. Bu gün müxtəlif regionlarda bir-biri ilə rəqabət aparan güclərin belə bu layihə ətrafında maraq göstərməsi onu deməyə əsas verir ki, layihə ciddi əməkdaşlıq platformasına çevrilə bilər. Düşünürəm ki, bu dəhliz ətrafında qarşıdurmadan daha çox geniş iqtisadi əməkdaşlıq formalaşacaq”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.