“Baharın rəngləri” – Masallıda tədbir
Masallıda Novruz bayramı münasibətilə “Baharın rəngləri” adlı bayram tədbiri keçirilib.
Martın 16-da Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdən əvvəl tələbələrin hazırladıqları əl işləri, eləcə də Novruz təamları sərgilənib.
Bayram tədbirində rayon rəsmiləri, kollecin müəllim və tələbə kollektivi, şəhid valideynləri, idarə və təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.
Mərkəzin geniş zalında davam edən tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, iki şəhid anası Ziba Əsgərli, “Xocalı soyqırımını tanıtım” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ənənələrini özündə əks etdirən qədim bayram olduğunu vurğulayaraq, gənclərin bu ənənələrin qorunması və yaşadılmasındakı rolundan bəhs ediblər.
Tədbirin bədii hissəsində kollecin tələbələrinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub. Tələbələrin ifasında nümayiş etdirilən səhnəciklər, milli rəqslər və müxtəlif musiqi nömrələri tamaşaçılarda xoş ovqat yaradıb və bayram əhval-ruhiyyəsini daha da artırıb.
Bayram tədbirində fəal iştirak edən bir qrup tələbə Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunub.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
Akif AĞAYEV