525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Onu tanısam da, haqqında məlumatlı olsam da, son vaxtlar rastlaşdığım bir neçə müsahibəsindən sonra bəzi düşüncələrimi, fikirlərimi bölüşmək istədim. Çünki fərqli bir düşüncə və əxlaq sahibidir. Özünün də dediyi kimi dostluqda etibarlı, etdiyi xeyirxahlıqda təmənnasızdır. O, həm millət vəkili, həm Qızıl Aypara Cəmiyyətinin prezidenti, həm bəstəkar kimi çox fəaldır. Hər üçünün arxasında da eyni ürəklə, eyni ruhla dayanmağı bacarır.
Millət vəkili olaraq İsmayıllı rayonunu təmsil edir. Demək olar ki, ayda bir neçə dəfə rayonda seçicilərilə görüşdədir. Elə etməlisən ki, insanlar səni seçdiklərinə peşman olmasınlar - deyir. Elə problemlər olur ki, həll edə bilirəm, elələri var ki, ona gücüm çatmır. Amma müraciət edənlər görürlər ki, mən onların probleminin həlli üçün sonacan çalışıram. Çox şükür, hər halda məndən narazı ayrılan olmur...
Düşünürəm ki, bu, yəqin, onun yaradıcı təbiətindən və doğularkən qəlbinə qoyulan ruhdan, duyğudan irəli gəlir. Təbiət demişkən dünyanı bürüyən qlobalizasiya problemindən çox narahatdır. Onu güclü bir axına, selə bənzədir. Və o selin, o axının qarşısında, demək olar ki, hər şey itib gedir –mədəniyyət anlayışı dəyişir, zövqlər korlanır, əxlaqda da müəyyən çatlar yaranır, insanlar arasındakı münasibətlər pozulur. Deyir sosial şəbəkələr, sözün əsl mənasında, hər birimizin üzərində hökmranlıq eləyir. Bir yandan yaxşıdır, tıxacda belə sayta baxıram, yazılarımı yerləşdirirəm, yəni vaxtım boşa getmir. Amma başqa bir tərəfdən baxanda da əksini görürsən. Bir dostum var deyir, keçmişdə müdirim olub. İndi də çox yaxın münasibətlərimiz var. Yazıram ona: “Salam.” Yazır: “Əleyküm- salam.” Yazıram: “Bayramın mübarək.” O da mənə yazır. Yəni ilk baxışdan hər şey normaldır. Ardınca zəng eləyirəm ki, səsini eşidim: “ Qardaş, nə var, nə yox? Necəsən?” Deyir: “Qanım qaradır, bacım bir həftədir rəhmətə gedib.”

Deyirəm: “Ay əzizim, axı səninlə hər gün danışırıq, hər gün yazışırıq...” Deyir: “Sən mənə yazırsan: Sabahın xeyir, Bayramın mübarək. Mən də cavab verirəm. Mən sənə necə yazım ki, bacım rəhmətə gedib...” Gördüyünüz kimi, bəlkə də sosial şəbəkə ünsiyyət üçün yaxşı bir vasitədir.
Amma mükəmməl deyil. Doğrudur, bu gün ən azı yazaraq bildim ki, o adam sağdır, salamatdır, dünyasını dəyişməyib. Amma bilə bilmirsən ki, sən ona yazdığın anda o hansı vəziyyətdədir, hansı dərdin, müsibətin içindədir? Yəni bir mənalı olaraq canlı ünsiyyət, əlaqə çox vacibdir...
Yaradıcılıq da belə bir şeydir, ona da bir motivasiya lazımdır. O da diqqət tələb edir. O vaxt yazmağa, yaratmağa can atırsan ki, sən özünü lazımlı hiss edirsən, yəni hiss edirsən, görürsən ki, səni oxuyurlar, səni dinləyirlər. Əksi də olur: səni nə oxuyan var, nə dinləyən... Efirdə də sənə yer vermirlər. Fikirlərin qarışır, düşünürsən ki, yəqin cəmiyyətdə yazdıqlarına tələbat yoxdur. Gəlin baçqa bir tərəfdən də baxaq: Bu gün bizim musiqi nə üzərində qurulub ? Diqqət yetirsəniz, görəcəksiz əksər halda orda fkir, düşüncə yoxdur. Bildiyiniz kimi, hər mahnıda bənd və nəqarət olur. Hər bir bənddə də yeni bir fikir olmalıdır. Amma bu gün nə baş verir? Birinici bənd eyni söz və nəqarət, ikinci bənd həmin birinci bəndin təkrarı və nəqarət...
“Səbəb” də çox sadədir: müğənnilər oxuduqlarını yadda saxlaya bilmirlər deyə təkrarlanmalar olur. Birincisi, bu, normal hadisə deyil. İkincisi, deyirlər ki, musiqi asan olmalıdır. Əksinə, musiqi düşündürməlidir. Əgər mənim yazdıqlarım bu gün kimisə düşündürmürsə, deməli, heç yazmağa dəyməz. Bu gün bəzi bəstəkarlar komputer qrafikasından və yaxud bir sıra musiqi yazma proqramlarından istifadə edərək “əsər” yaradırlar. Onu mən də “yarada” bilərəm, özü də onlardan yüz dəfə yaxşı. Amma bu, populizmdir, düzgün deyil, zövqlərin korlanmasıdır. Mən hesab edirəm ki, insan musiqiyə qulaq asanda düşünməlidir, musiqi onu harasa aparmalıdır, onun əhval-ruhiyyəsinə təsir etməlidir...
Novruz Aslan Qarabağ müharibəsi vaxtı vətənpərvərlik mövzusunda aparılan təbliğat işlərini olduqca yüksək qiymətləndirir, bu 44 gündə, həqiqətən, televiziyalarımız, mətbuatımız, ümumən, bizim mediamız əvəzsiz işlər gördü deyir. Səslənən mahnılar, şeirlər də vətənpərvərlik ruhunda, müharibə mövzusunda idi. Bu, çox unikal bir hadisə id. Deyir Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər və cəmiyyətin ona verdiyi dəstək, bir vətəndaş kimi, məni də olduqca qürurlandırdı. Hesab edirəm ki, biz bütün dünyaya bir nümunə göstərdik. Bəzi ölkələrdə hələ də müharibə gedir və gündə ən azı 200-300 nəfər ölür, amma orda hər gün çal-çağırdır, konsertdir. Yəni bu, normal hal deyil. Amma bizdə 44 gün ərzində bir müğənni belə konsert vermədi, bir şən musiqi eşitmədik, biz görmədik ki, kimsə toy eləsin. Yəni cəmiyyət o qədər birləşib bütövləşdi ki... Həmin vaxt fəhləmiz də, nazirimiz də bir olmağı bacardı, bacardıq. Ona görə Cənab Prezidentin apardığı uğurlu siyasət belə parlaq bir qələbə ilə nəticələndi...
Yeri gəlmişkən, o, 44 günlük müharibənin ilk günlərində hərbi komissarlığa yollanaraq ön cəbhəyə getmək istəyini bildirib və bunu özünün bir vətəndaşlıq borcu, vətəndaşlıq mövqeyi hesab etdiyini söyləyir. Mən tək deyildim deyir. Hətta bir nazir müavini tanımasınlar deyə idman forması geyinib hərbi komissarlığa gəlmişdi ki, onu qeydiyyata alsınlar. Hazırda o, nazir müavini deyil, icra başçısıdır. Yəni demək istəyirəm ki, belə hallar çox idi. Vətənin çağırışına hər kəs cavab verməli, hər kəs öz sahəsində lazımi addımları atmalı idi. Yeri gəlmişkən, bəziləri zəmanədən çox şikayətlənir, əxlaqi dəyərlər, adət-ənənələr itir, ailələr dağlır, milli mənəvi dəyərlər yox olur deyərək zəmanəni günahkar tuturlar. Novruz Aslanın fikirləri isə tam fərqlidir. Deyir zəmanə haqqında alimlər, filosoflar çox danışıb və danışmaqdadır. Bəzilərinə görə zaman bizdən daha irəlidədir.
Bəziləri deyir ki, hətta zaman yoxdur, keçmiş və gələcək var. Bəziləri düşünür ki, heç hazırkı vəziyyət də yoxdur. Bəzi alimlər deyirlər ki, zaman bizim beynimizdə, düşüncəmizdədir. Deyir düzgün yaşamırıqsa, bunu zamanın üstünə atmaq doğru deyil. Zaman elə həmin zamandır. Amma biz dəyişirik. Doğrudur, zaman o qədər tez keçir ki, sanki həftəmiz bir gün, ayımız isə bir həftədir. Bunu ancaq onunla əlaqələndirirəm ki, informasiya yükümüz yaman çoxalıb...
Ümumən, Yaradan bizi elə yaradıb, bizə elə bir güc verib ki, biz təkcə özümüzə yox, bütün canlılara qarşı çox diqqətli, mərhəmətli olmalıyıq.
Mərhəmət də mərhəmətdir –onun ağı-qarası, pisi-yaxşısı olmur. Allahın yaratdıqlarına eyni qayğı ilə, eyni mərhəmət hissilə yanaşmağı öyrənməliyik. Bəzən girirəm bazara, canlıları qəfəsin içində görən kimi ürəyim ağrıyır, pul verib alıram onları. Bizdə bağda “azadlıq günləri” olur.
Uşaqlar da bunu bilirlər. Həmin gün qəfəsdə olan həmin canlıları açıb azadlığına qovuşdururuq. Əvvəllər Ucar yolunda çoxlu belə hallar olurdu – bəziləri tutduqları canlıları gətirib yolqırağında satırdılar. Alıb onları sərbəst buraxırdım. Elə satıcılar var idi ki, görürdülər quş uçub yaxınlıqda düşdü, onu ikinci dəfə tutmağa çalışırdılar. Geri qayıdıb həmin satıcıdan soruşurdum ki, mən sənə pul verib aldım, sən niyə gedib yenidən onu tutursan? Bir faktı da deyim: Mən 12 yaşımdan ovçuluq edən adamam. İndi hər gün Yaradandan, Allahımdan üzr istəyirəm ki, məni bağışla...
Sonda Novruz müəllimdən danışa-danışa həm Şəhriyarı, həm də ona bu ruhu, bu tərbiyəni verən şair-dramaturq, müəllim Davud Aslanı xatırladım.
Çünki məkan və zaman fərqli olsa da, hər ikisinin yazısında eyni ağrı-acı vardı. Şəhriyar hamımızın içindəki ömürlük bir ağrını, nisgili dilə gətirib belə deyirdi:
Heydər baba, dünya yalan dünyadır,
Oğul doğub dərdə salan dünyadır.
Davud Aslan isə eyni dərdi bir başqa cür dilə gətirirdi:
Sevgi məhəbbətlə birgə yarandı,
Arzuyla, istəklə dolandı dünya.
O da mənim kimi hər dərdi andı,
Dünyanın halına qalandı dünya.
Yeri gəmişkən, bir bahar günü -22 martda doğulsa da, hər cür soyuğa, şaxtaya, hər cür sıxıntıya, çətinliyə ürəklə sinə gərməyi bacaran Növruz müəllim artıq üç ildir atası Davud Aslanı itirdiyi yaşı -60 yaşı adlayıb sabaha doğru yol getməkdədir. Bu yolda ona dayaq olan, güc verən ancaq özündən cavan atasından ona qalan yarımçıq ömür, yaxşı ad, təmiz, təmənnasız əsərlər, bir də mahnılara çevrilən dünya boyda sevgi və həsrətdir...
Son olaraq Novruz Aslanın iki il əvvəl müsahibələrinin birində hamımıza ünvanladığı bir sualı xatırladım: Yaradanımız hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi? Elə bu yazını hazırlarkən o suala cavab tapmağa çalışsam da, deyəsən, o cavabı mən də tapa bilmədim.
P.S. Sonda “Asantv”nin “Qəbuldasan” verilişinin aparıcısı İlqar Mehmanoğluna və 1001info.az saytının rəhbəri Kəmalə Mirzəyevaya Novruz Aslan haqda materiallarına görə xüsusi təşəkkürlər.
Bəxtiyar QARACA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.