Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt və diqqətçəkən açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Tramp çıxışında İranı “kağız pələng” adlandıraraq NATO ölkələrini daha fəal mövqe tutmağa çağırıb.
ABŞ prezidenti bildirib ki, Tehran artıq əvvəlki kimi güclü deyil və münaqişə başlayandan bəri İranın hərbi potensialı ciddi şəkildə zəifləyib.
“İranın hədəf olub-olmamasının fərqi yoxdur, çünki bu, bizim qarşılaşdığımız kağız pələngdir. İki həftə əvvəl kağız pələng deyildi, indi isə elədir”, – deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbəri iddia edib ki, ABŞ qüvvələri münaqişə başlayandan bəri İran daxilində 7 mindən çox hədəfə zərbə endirib və ölkənin hərbi infrastrukturu böyük zərər görüb.
Trampın sözlərinə görə, ABŞ əməliyyatları nəticəsində İranın ballistik raket buraxılışları 90 faiz, dron hücumları isə 95 faiz azalıb.
ABŞ prezidenti həmçinin bildirib ki, Vaşinqton İranın Hörmüz boğazında mina yerləşdirmək üçün istifadə edə biləcəyi 30-dan çox qayığını məhv edib. O qeyd edib ki, Tehran bu addımı atarsa, bu, “intihara bərabər” olacaq.
Tramp NATO ölkələrinə müraciət edərək İranın zəif olduğunu və alyansın bu vəziyyətdən çəkinməməli olduğunu bildirib.
“NATO üzvlərinə demək istəyirəm ki, İran zəifdir – qorxmayın, müdaxilə edin. Əks halda bu, zəiflik əlaməti olacaq və biz bunu müttəfiqlərin yanlış addımı kimi dəyərləndirəcəyik”, – deyə ABŞ prezidenti əlavə edib.
Tramp eyni zamanda İranın enerji infrastrukturu ilə bağlı da xəbərdarlıq edib və lazım gələrsə Xark adasındakı neft boru kəmərlərinin hədəfə çevrilə biləcəyini bildirib./musavat