AZ

Bu gün İlaxır çərşənbədir – Torpaq çərşənbəsinin qədim və maraqlı adətləri

Bu gün ölkədə İlaxır çərşənbə – Novruz bayramı ərəfəsində qeyd edilən çərşənbələrin sonuncusu, Torpaq çərşənbəsidir. Xalq arasında bu gün həm də “İlaxır çərşənbə”, “Axır çərşənbə” və ya “Yer çərşənbəsi” kimi tanınır.

Qədim inanclara görə, məhz bu gündə torpaq oyanır, təbiət yenidən canlanmağa başlayır, otlar cücərir, ağaclar tumurcuqlayır, sanki qışın uzun yuxusundan sonra həyat yenidən dirçəlir. Bu səbəbdən də Torpaq çərşənbəsi xalqımızın ən əziz və təntənəli qeyd etdiyi günlərdən biri hesab olunur.

Əcdadlarımızın təsəvvürünə görə, Novruzdan əvvəlki dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri – kainatın və təbiətin əsas ünsürlərinin oyanışını simvolizə edir. Bu dörd ünsürün sonuncusu olan torpaq insan həyatının, məhsuldarlığın və bərəkətin əsas mənbəyi sayılır. Ona görə də İlaxır çərşənbə həm də bolluq, ruzi və yeni həyatın başlanğıcı kimi qəbul olunur.

Torpaq çərşənbəsinin ənənəvi adətləri

Adətən İlaxır çərşənbədən başlayaraq kəndlərdə və bağ sahələrində xüsusi canlanma müşahidə olunur. Bağ-bostanlar, dirrik yerləri əkinə hazırlanır, torpaq yumşaldılır, yeni mövsüm üçün hazırlıq işləri görülür. Bu, təkcə kənd təsərrüfatı ilə bağlı deyil, həm də qədim inanclara əsaslanan bir mərasim xarakteri daşıyır. İnsanlar inanırdılar ki, torpağı məhz bu günlərdə oyatmaq gələcək məhsulun bol olmasına səbəb olar.

Evlərdə isə bayram hazırlıqları daha da canlanır. Süfrələrin üzərinə təbiətin oyanışını simvolizə edən yaşıl səməni qoyulur. Səməni bərəkətin, yenilənmənin və həyatın davamlılığının rəmzi hesab edilir. İlaxır çərşənbə süfrəsi həm estetik baxımdan zəngin, həm də rəmzi məna baxımından dərin olur.

Axır çərşənbənin ən məşhur adətlərindən biri tonqal qalamaqdır. Adətən həyətlərdə və məhəllələrdə böyük tonqallar qalanır. Yaşından asılı olmayaraq hər kəs tonqalın üzərindən yeddi dəfə atlanır və bu zaman “Ağırlığım-uğurluğum odda yansın” kimi sözlər deyir. Bu mərasim insanın üzərindəki mənfi enerjidən, xəstəlikdən və bədbəxtlikdən təmizlənməsi kimi yozulur.

Qədim inanca görə tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal öz-özünə sönməlidir. Tonqal sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənara – çölə atırlar. Bu isə rəmzi şəkildə ailənin bütün uğursuzluqlarının və bəlalarının kül ilə birlikdə evdən uzaqlaşdırılması deməkdir.

Xalq arasında belə bir inanc da var ki, İlaxır çərşənbə gecəsini hər kəs öz evində keçirməlidir. Əgər kimsə həmin gecəni evindən kənarda keçirərsə, guya Novruzu yeddi il ard-arda evindən uzaqda qarşılayar.

Bayram xonçası və İlaxır süfrəsi

İlaxır çərşənbədə süfrələr xüsusi zövqlə hazırlanır. Bayram xonçası hazırlanaraq məcməyi və ya sinilərin üzərinə qoyulur. Xonçanın ortasında səməni yerləşdirilir, ətrafı isə boyanmış yumurtalar, qoz, fındıq, badam, müxtəlif şirniyyatlar və quru meyvələrlə bəzədilir. Bu xonça həm də bayramın ən gözəl simvollarından biri sayılır.

Evlərdə şəkərbura, paxlava, qoğal kimi ənənəvi şirniyyatlar bişirilir. Bu şirniyyatların hər biri öz rəmzi mənasını daşıyır: paxlava bolluğu və bərəkəti, şəkərbura ayı, qoğal isə günəşi simvolizə edir.

İlaxır çərşənbənin falları

Axır çərşənbə həm də fallar gecəsi kimi tanınır. Xüsusilə gənclər bu gecə müxtəlif fal mərasimləri keçirərək gələcək talelərini öyrənməyə çalışırlar.

Ən məşhur fallardan biri “qulaq falı”dır. Bu falı əsasən subay qızlar və oğlanlar tutur. Onlar qonşu evlərin qapısı arxasında gizlənərək ilk eşitdikləri sözə əsasən yeni ildə baş verəcək hadisələri yozurlar. Buna görə də İlaxır çərşənbə axşamı insanların yaxşı sözlər danışması xüsusi əhəmiyyət daşıyır.

Bəzi bölgələrdə isə qızlar güzgü falı tuturlar. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində qızlar əllərində güzgü tutaraq ayın əksini gözləyirlər. Ayın şəkli güzgüyə düşərkən orada oğlan əksi görünərsə, bu qızın həmin oğlana qismət olacağı kimi yozulur. İnanca görə güzgü ruhlar aləmi ilə əlaqəli hesab edilir.

Digər maraqlı fallardan biri də yumurta ilə falabaxma adətidir. Bu ənənə xüsusilə Şəki bölgəsində geniş yayılıb. Bir yumurta, iki rəngli qələm – qara və qırmızı – arxın kənarına qoyulur. Niyyət edən şəxs ürəyində arzu tutur. Səhər yumurtaya baxılır: əgər yumurtanın üzərində qırmızı xətt əmələ gəlibsə, bu arzunun həyata keçəcəyinə işarə sayılır. Qara xətt isə əksinə, niyyətin baş tutmayacağı kimi yozulur.
İlaxır çərşənbənin ən məşhur fallarından biri də “üzüksalma” falıdır. Adətən gənc qızlar bir otağa yığışır, ortalığa dərin mis qab qoyurlar. Hər kəs öz üzüyünü həmin qabın içinə atır və ardınca bayatılar oxunur. Bayatı bitən kimi bir oğlan uşağı qabdan bir üzük çıxarır. İnanca görə hansı üzük çıxarsa, həmin qızın diləyi oxunan bayatının məzmununa uyğun şəkildə yozulur.

Bayram oyunları və şənliklər

İlaxır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı”dır. Bu adət bəzi bölgələrdə qurşaqsallama, şalsallama, baca-baca və ya nünnünü adları ilə də tanınır. Bu zaman uşaqlar evlərin qapısına papaq və ya torba ataraq bayram payı istəyirlər. Ev sahibləri də onları boş qaytarmır, şirniyyat və ya müxtəlif nemətlərlə sevindirirlər.

Cənubi Azərbaycanda isə maraqlı bir oyun keçirilir. Novruza on gün qalmış ağacdan təkə müqəvvası hazırlanır, bəzədilir, boynuna zınqırov asılır və qapı-qapı gəzdirilərək pay toplanır.

Bayram günlərində ən sevilən oyunlardan biri yumurta döyüşdürməsidir. Bu oyunda iki nəfər qaynadılmış yumurtaları bir-birinə vurur. Yumurtası sınan tərəf uduzmuş sayılır. Bu sadə oyun əslində dərin rəmzi məna daşıyır – qışla yazın, soyuqla istinin, xaosla kosmosun mübarizəsini simvolizə edir.

Novruz günlərində keçirilən oyunlardan biri də “Küşti”, yəni qurşaqtutma güləşidir. Bu qədim idman oyunu el şənliklərinin ayrılmaz hissəsi olub. İki pəhləvan qarşı-qarşıya gələrək güləşir və qalib müəyyən olunur.

Digər maraqlı oyunlardan biri də “Çömçəbaşı bəzəmə” oyunudur. Yeniyetmələr iki dəstəyə bölünür, bir çömçənin başını müxtəlif rəngli parçalarla bəzəyir və ona zınqırov asırlar. Oyun zamanı bir nəfərin gözü bağlanır və zınqırovun səsini izləyərək çömçəni tutmağa çalışır. Bu oyun həm əyləncəli, həm də kollektiv şənlik ruhunu gücləndirən bir mərasimdir.

İlaxır çərşənbə süfrəsinin rəmzləri

İlaxır çərşənbədə süfrənin əsas atributlarından biri də yumurta boyamaqdır. İnsanlar il boyu qaynadılmış yumurta yesələr də, Novruz günlərində yumurtanı boyamaq xüsusi mərasim xarakteri daşıyır. Qırmızı rəngdə boyanmış yumurta torpağın oyanmasını, həyatın yenilənməsini və təbiətin dirilməsini simvolizə edir.

Adətə görə, bayram süfrəsində ya yeddi növ yemək, ya da yeddi ləziz nemət olmalıdır. Bəzən isə süfrəyə eyni hərflə başlayan yeddi bayram neməti qoyulur. Yeddi rəqəmi qədim türk və Şərq dünyagörüşündə müqəddəs sayılır və kainatın bütövlüyünü, harmoniya və tarazlığını ifadə edir.

Xalqımızın qədim və gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!

 

Xalidə Gəray
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr