AZ

Avropa İttifaqı Ermənistana sürətli reaksiya qrupu göndərəcək

Brüssel ölkədə keçiriləcək seçkilər ərəfəsində mümkün təhlükələrə və xarici müdaxilə risklərinə qarşı İrəvana dəstək göstərməyi planlaşdırır...

Avropa İttifaqı Ermənistanın müraciəti əsasında ölkədə keçiriləcək seçkilər ərəfəsində təhlükələrə qarşı mübarizə aparmaq üçün xüsusi sürətli reaksiya qrupunun göndəriləcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı regionda demokratik institutların möhkəmləndirilməsini və seçki proseslərinin təhlükəsiz şəkildə keçirilməsini vacib hesab edir. Kaya Kallas vurğulayıb ki, Ermənistanın demokratik sabitliyinin qorunması Brüssel üçün prioritet məsələlərdən biridir və bu istiqamətdə Aİ ölkəyə praktiki dəstək göstərməyə hazırdır.

Diplomat qeyd edib ki, Avropa İttifaqı Ermənistana mümkün xarici müdaxilə cəhdlərinə qarşı tək qalmasına imkan verməyəcək. Onun sözlərinə görə, seçki prosesinə təsir göstərə biləcək təhdidlərin qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin olunması üçün xüsusi tədbirlər həyata keçiriləcək.

“Regionumuzda demokratik dayanıqlığın dəstəklənməsi son dərəcə vacib olaraq qalır. Biz Ermənistanı xarici müdaxilə ilə üz-üzə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya arxalana bilərlər. Bu barədə nazirlərə də məlumat verilib və biz bu məsələ ilə bağlı daha ətraflı məlumatı sabah açıqlayacağıq”, deyə Kaya Kallas bildirib.

Məlumata görə, göndərilməsi planlaşdırılan sürətli reaksiya qrupu seçkilər ərəfəsində yaranan təhlükəsizlik və informasiya mühiti ilə bağlı riskləri qiymətləndirəcək, mümkün kiberhücumlar, dezinformasiya kampaniyaları və digər xarici təsir cəhdlərinin qarşısının alınması üçün yerli qurumlarla əməkdaşlıq edəcək.

Ekspertlər hesab edirlər ki, Avropa İttifaqının bu addımı regionda demokratik institutların qorunması və seçki proseslərinin şəffaflığının təmin olunması məqsədinə xidmət edir. Eyni zamanda, bu təşəbbüs Aİ-nin Cənubi Qafqazda siyasi və institusional sabitliyin gücləndirilməsinə yönəlmiş strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr