Bu oyundan əvvəl “Göygöl” 11 xalla 12 komandanı turnir cədvəlinin 11-ci pilləsində qərarlaşmışdı. İlk “6-lıq”da qərarlaşan “Şəki”nin heç-heçə etməsi, məğlub olması sensasiya sayılardı. Amma 1:10 hesablı məğlubiyyətə izah tapmaq çətindi. Komanda ilk yarıda cəmi iki top buraxsa da, ikincidə “qol yağışına tutuldu”.
Rüsvayçı məğlubiyyətlə bağlı “Şəki”nin baş məşqçisi Firuddin Mövsümovun fikrini öyrəndik:
“Biabırçı məğlubiyyətdi. Oyuna pis başladıq. İki top fərqi ilə geri düşəndən sonra komanda toparlandı, bir qol vurduq. Birinci hissənin son 20 dəqiqəsində hətta üstünlüyü ələ almışdıq, hesabı bərabərləşdirə də bilərdik. Elə nə baş verdisə, ikinci hissədə baş verdi. Üçüncü qoldan sonra komanda ayıla bilmədi. Bunun da müəyyən səbəbləri var. Fasilədə və 60-cı dəqiqəyə qədər üç dəyişiklik etdik. Futbolçuların əzələlərində problem yarandı. Meydançaya buraxdığımız, mübarizə aparan futbolçuların cəmi 15 yaşı var. Heyətimiz kasaddı, cəzalılar və ya zədəlilər olanda problemlər bir qədər də artır. Start heyətində meydana çıxam futbolçular da birinci dövrəni, demək olar ki, ehtiyat oyunçular skamyasında keçiriblər. Komandanın məşqsiz olması, oyundan-oyuna yığılması belə nəticələrə gətirib çıxarır. Futbolçularla danışdım, onların potensiallarından da çox aşağı səviyyədə çıxış etdiklərini söylədim. Fərdi şəkildə məşq etmələrini tapşırmışıq. Belə vəziyyətdə heç nə edə bilmirik. Əlimiz-qolumuz bağlıdı. Sadəcə, komandanın mövsümü problemsiz başa çatdırmasını düşünürük. Rəhbərlik və mən indidən növbəti mövsüm üçün planlar qururuq. Növbəti “futbol ili”ndə daha iddialı komanda quracağıq”.
MÜZƏFFƏR QULUZADƏ