AZ

ABŞ-dəki azərbaycanlı icması Novruz bayramını qeyd edib

Vaşinqton, 17 mart, AZƏRTAC

Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə Merilend ştatında Novruz bayramı münasibətilə bu ölkədə yaşayan azərbaycanlı icması üçün bayram tədbiri təşkil olunub.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə bu ölkədə yaşayan azərbaycanlı icmasının üzvləri, xarici qonaqlar və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən səfirliyin müşaviri Vüsalə Mehdiyeva Novruz bayramının Azərbaycan xalqının ən qədim və gözəl ənənələrindən biri olduğunu qeyd edib. O bildirib ki, bu bayramın ABŞ-də yaşayan azərbaycanlı icmasının bir araya gəlməsi baxımından xüsusi əhəmiyyəti var. Vurğulayıb ki, belə tədbirlər milli-mənəvi dəyərlərin qorunması, icma daxilində həmrəyliyin gücləndirilməsi və Azərbaycan mədəniyyətinin tanıdılması baxımından mühüm rol oynayır.

Müşavir, xüsusilə uşaqların və gənclərin bu tədbirdə iştirak etməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, onların milli ənənələr və mədəni irs ilə böyüməsi gələcək nəsillərə bu dəyərlərin ötürülməsi baxımından vacibdir. O, iştirakçıları səfirlik adından Novruz bayramı münasibətilə təbrik edərək hər kəsə xoş bayram arzularını çatdırıb.

Tədbirin bədii hissəsində azərbaycanlı azyaşlılar tərəfindən “Nəlbəki”, “Uzundərə”, “Bizim Vətən” və “Yallı” rəqsləri ifa olunub.

Bununla yanaşı, gənc ifaçılar pianoda “Aman ayrılıq”, “Sarı gəlin”, “Qubanın ağ alması”, “İntizar”, “Nazəndə sevgilim”, “Çırpınırdı Qara dəniz” və “Ay Laçın” musiqilərini səsləndiriblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
101
3
azertag.az

4Mənbələr