AZ

Koçaryanın “zəmanətli sülh” sərsəmləməsi

Erməni xalqı nə ilə qorxudulur?

Ermənistanın ikinci prezidenti Robert Koçaryan yenidən “fəallaşıb”. Buna səbəb ölkənin Baş naziri Nikol Paşinyanın “Facebook”dakı çıxışıdır. Qeyd edək ki, Paşinyan ötən həftə sonu etdiyi canlı yayımda iki məqamı qabardıb.

Birincisi, Qarabağ avantürası yolverilməzdir. İkincisi, ölkə konstitusiyası istiqlal bəyannaməsinə istinad etməməlidir, çünki bəyannamə özündə münaqişə məntiqini daşıyır. Ümumiləşdirmə aparan Nikolun mövqeyi budur: Ermənistan məhvə yox, inkişafa doğru getməlidir. Ancaq inkişafla bağlı R.Koçaryanın öz baxışı var. Əlbəttə, söhbət sərsəm baxışdan gedir.

Əlbəttə, Paşinyanın dedikləri hay ictimai rəyi üçün mühüm mesajdır və adekvat qarşılanır. Nəzərə alaq ki, Ermənistanda normal düşüncə qabiliyyətinə malik kəsim var və həmin kəsim baş nazirin komandasını dəstəkləyir. Bu dəstəyin yayda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində ifadə olunacağı da şübhəsizdir. R.Koçaryan məhz buna görə “fəallaşıb”. O və tərəfdarlarının istəyi hakim komandanın üstünlüyünü heçə endirmək və qalibiyyətinə maneçilik törətməkdir. Onların prosesdən qələbə gözləntilərinin mövcudluğu da vurğulanmalıdır.

Beləliklə, R.Koçaryan deyib ki, Ermənistanın Azərbaycanla sülh sazişinin mətnini paraflanası zəmanətli hadisə deyil. Çünki bu olay bir nəfərin, indiki halda, N.Paşinyanın xoş niyyətindən asılıdır və belə durum yolverilməzdir. O, mövqeyini əsaslandırmaq üçün İsrail–Fələstin münaqişəsi və Kipr böhranı xüsusunda uğursuz paralel də aparıb.

R.Koçaryan Rusiya amilini qabarmasaydı, təəccüblənərdik. Robertin sözlərinə görə, 2020-ci ilədək Moskva Qarabağ faktorunun zəmanətçisi idi. Ermənistanda da həmçinin. 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat nəticəsində isə Ermənistan bu missiyadan imtina etdi. Belə bir durumda Kreml üzərinə iki missiya götürdü: həm vasitəçiliyi, həm də Qarabağ üçün qarant olmağı. Ancaq Koçaryanın fikrincə, Ermənistanın 2020-ci ildən sonrakı hərəkətləri sülh konstruksiyasını məhv etdi.

Əslində, Koçaryanın fikirləri kifayət qədər aydın mesaj mahiyyəti daşıyır. Yəni sabah Ermənistanda başqa qüvvələr hakimiyyətə gəlsələr, ölkə Azərbaycanla sülhdən imtina edəcək. “Zəmanətlərdən danışanda biz sülhün möhkəm olmasını istəyirik. Sabah başqa liderlər gələ və deyə bilərlər ki, “mən bu vədi verməmişəm, bu, sadəcə şifahi vəddir və heç nə ifadə etmir”. Bu halda heç bir çəkindirici mexanizm yoxdur”, - deyən Koçaryan sülh naminə başqa dövlətlərin zəmanətinin olmamasından söz açıb. Bununla da, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın şahid imzası ilə təsdiqlənmiş Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyannaməsinin mahiyyətini şübhələndirib. Onun bu direktivinin haradan qaynaqlandığı məlumdur. Əlbəttə, direktivin Bakının daim təcavüzə hazır vəziyyətdə olmasına dair təbliğat motivi də var. Bu motiv Robertin “zəmanətsiz sülh” klişesini erməni xalqında qorxu yaratmaq alətinə çevirir.

Tam aydındır ki, R.Koçaryan sülhün zəmanətsiz kimi qiymətləndirdiyi strukturunun Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqələliliyini əsaslandırmağa çalışır. O demək istəyir ki, zəmanətsiz barış mühiti yalnız Paşinyan iqtidarını seçki qalibi etməyə hesablanıb. Göründüyü kimi, ortada son dərəcə absurd yanaşma var ki, belə yanaşmanın məqsədi erməni cəmiyyətindəki sülh ab-havasını puça çıxarmaqdır. Heç şübhəsiz, bu, hay cəmiyyətinin revanşist və şovinist kəsimini hakimiyyət komandasına qarşı körükləmək məramı daşıyır. Yəni cəmiyyət zəmanətsiz olduğu iddia edilən sülhün davamsızlığını anlayıb Azərbaycandan qorxmalı, Nikol və komandasını tarixin arxivinə göndərməlidir. Amma Koçaryanın başqa hesablaması da var.

“Mənə aydındır ki, Nikol Paşinyan niyə zəmanətlər istəmir. Çünki bu halda sülh birbaşa onun adı ilə əlaqələndirilməyəcək. O elə bir sülh istəyir ki, insanlarda belə fikir formalaşsın: “Nikol olmasa, mütləq müharibə olacaq”. Əslində isə bizə Nikol Paşinyan, Robert Koçaryan və ya başqa hər hansı bir şəxslə əlaqələndirilməyən sülh lazımdır”, - deyən Koçaryanın aşkar siyasi manipulyasiyaya baş vurduğu ortadadır. Belədə Ermənistanın ikinci prezidentinə ünvanlanan sual var. Sual hansı dövlətlərin Ermənistana zəmanət verməyə hazır olması ilə bağlıdır. Robertin cavabı isə budur: “Onlar (hakimiyyət komandası – red.) bu dövlətləri cəlb etmək üçün hansı addımlar atıblar? Sıfır addım. Hətta, Birləşmiş Ştatlara belə zəmanətlər sistemi təklif etməyiblər. Bu istiqamətdə addım atmağa cəhd göstərmirlər. Bunun səbəbi birdir: sülh seçkilərlə bağlı təbliğat xarakterli sülhdür”.

Bəli, R.Koçaryan Paşinyan iqtidarının parlament seçkilərindəki başlıca üstünlük aləti olan sülhü heçə endirməyə girişib. Axı Nikol “Facebook” çıxışında barışa qarşı duranlar sırasında sabiq prezidentlər Serj Sarkisyan və Levon Ter-Petrosyanla yanaşı, Robertin də adını çəkmiş, üçlüyü katolikos II Qareginin düşərgəsində təmsil olunanlar kimi qələmə vermişdi. Sülhün zəmanətsizliyi ritorikasını qabardan Koçaryan isə Paşinyanın hakimiyyətdə olduğu dövrdə Azərbaycanın Ermənistana hücum etməyəcəyi fikrini də bildirir. Xeyr, o, bu fikri reallığı nəzərə alaraq demir.

Koçaryanın qənaətincə, sülhün zəmanətsizlik formulu gec-tez yenidən başlayacaq müharibə riskini daşıyır. Yəni erməni cəmiyyəti bu riski görməli və indidən çətinliyə doğru getməlidir. Başqa sözlə desək, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməli, müharibə başlamalıdır. Koçaryanın düşüncəsinə görə, başlayacaq yeni savaş şəraitində ölkəsi zəmnanətçilər tapacaq və o zaman “hər şey normala dönəcək, Ermənistan sülh şəraitində inkişaf edəcək”. Robertin zəmanətçi məntiqindəki ölkə isə Rusiyadır. Deməli, plan bəllidir: Koçaryan hakimiyyətə gələcək, müharibəyə başlayacaq, Rusiya avantüra naminə ölkəyə dəstək verəcək. Eynilə 1991-1993-cü illərdəki kimi. Həqiqətən də ortada böyük sərsəmlik var.

Ə.RÜSTƏMOV
XQ

Seçilən
74
1
xalqqazeti.az

2Mənbələr