AZ

TRIPP nə qədər gecikə bilər?

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ləngimə kim(lər)in ziyanına olacaq?

Artıq 7 aydır sülh şəraitində yaşayan Azərbaycan və Ermənistanın dərhal yüksək səviyyəli əlaqələr qurması üçün yeni yol xəritələrinin cızılması zəruridir. Bu istiqamətdə mühüm təşəbbüslərdən biri Birləşmiş Ştatların vasitəçiliyi ilə irəli sürülən "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsidir. Genişmiqyaslı kommunikasiya layihəsi Azərbaycanla Ermənistan arasında 30 il davam edən münaqişənin yekun iqtisadi həlli olmaqla yanaşı, həm də Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa və Türkiyə ilə birləşdirən Orta Dəhlizin ən kritik və strateji həlqəsi kimi dizayn edilib.

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata birgə bəyanatında TRIPP-in icrası istiqamətində qurumun rəsmi Bakıyla əməkdaşlığa sadiqliyi təsdiqlənmiş oldu. Bunun ardınca, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Eduard Stiprays ilə görüşündə də "Tramp marşrutu" əsas müzakirə mövzularından biri oldu. Bu diplomatik təmaslar rəsmi Bakının dövlət səviyyəsində TRIPP layihəsinin reallaşdırılmasında kifayət qədər qərarlı və istəkli olduğunu nümayiş etdirir.

***

Yaxın Şərqdə alovlanan genişmiqyaslı hərbi münaqişə qlobal maliyyə resurslarının yenidən bölüşdürülməsi və texniki-hüquqi maneələrin kəsişməsində yaranan mürəkkəb geosiyasi mənzərənin birbaşa nəticəsidir. Yay aylarında inşasına başlanılması nəzərdə tutulan Tramp marşrutu hazırda bir sıra xarici və daxili amillərin təsiri ilə yubanır. Gecikmənin əsas səbəbi kimi ötən ay ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatları göstərmək olar. Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə verdiyi bəyanatda mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək bildirmişdi ki, hazırda TRIPP ABŞ administrasiyası üçün prioritet məsələ deyil və bu, tranzit dəhlizinin açılmasını ləngidən əsas amildir. Vaşinqtonun diqqətini tamamilə İran cəbhəsinə yönəltməsi layihənin prioritetlər siyahısında arxa plana düşməsinə səbəb olub. Fevral ayının əvvəlində ABŞ vitse-prezidenti Ceyms Devid Vensin həm Ermənistan, həm də Azərbaycana səfəri TRIPP ətrafında ciddi hərəkətlilik üçün ümid yaratmışdı. Bu səfərdə müəyyən razılaşmalar əldə olunsa da, real icra mexanizmləri ləngiyir. Regionda müşahidə olunan gərginlik fonunda layihənin sürətinin zəifləməsi təbii qarşılanmalıdır. Mövcud regional qarşıdurma, xüsusən İsrail/ABŞ–İran münaqişəsi layihənin gələcək perspektivləri üçün ciddi suallar doğurur.

İran tərəfi bu layihəni, təbii ki, birbaşa təhdid kimi qiymətləndirir. Doğrudur, ölkə prezidenti Məsud Pezeşkian son çıxışlarında TRIPP barədə yalnız müsbət fikirlər səsləndirib. Amma ötən il İrəvana səfəri zamanı bu layihədən söz açılarkən o bildirmişdi ki, “Qafqazda qayda-qanun qafqazlıların özü tərəfindən müəyyən edilməlidir”.

Ötən il dekabrın 17-də İranın sabiq ali liderinin baş müşaviri Əli Əkbər Vilayəti Ermənistan səfiri ilə görüşündə TRIPP-i tənqid edərək, Tehranın bu təşəbbüsə "qəti şəkildə qarşı çıxdığını" bildirmişdi. Vilayətinin fikrincə, marşrut NATO-nun İranın şimal sərhədi yaxınlığında mövcudluğunu asanlaşdıra bilər və bu, təkcə İran üçün deyil, həm də Rusiyanın cənubu üçün təhlükəsizlik riskləri yaradır.

Layihənin icrasında gecikmələr regionun uzunmüddətli sabitliyi üçün ciddi risklər formalaşdıra bilər. 30 illik münaqişədən sonra cəmi 7 aydır sülh şəraitində yaşayan 2 ölkə üçün TRIPP mühüm inteqrasiya mexanizmidir. Dəhlizin inşasının yubanması sülh prosesinin kövrəkliyini artıra bilər ki, bu da yaranmış geosiyasi vakuumdan bəzi dövlətlərin öz maraqları naminə sui-istifadə etməsinə şərait yaradar.

Rusiya tərəfi dəfələrlə layihədə iştirak istəyini ifadə etsə də, hələlik bu istiqamətdə müsbət nəticə əldə olunmayıb. Hərçənd, keçən il dekabrın 16-da Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin Moskvann Ermənistanla bu mövzuda məsləhətləşmələrə hazır olduğunu açıq şəkildə bildirsə də, İrəvan yanvarın 14-də verdiyi bəyanatla layihə çərçivəsinin artıq müəyyən olunduğunu vurğulayaraq Rusiyanın iştirakına dolayısı ilə ehtiyac qalmadığına işarə etdi. Rəsmi Bakı da, öz növbəsində, avqustda razılaşdırılmış plandan kənar tərəflərin prosesə qoşulmasına tərəfdar deyil. Nəticə etibarilə, mövcud vəziyyət Kreml üçün layihədə iştirak imkanlarını xeyli məhdudlaşdırır.

TRIPP layihəsi ətrafındakı gəlişmələr göstərir ki, biz “dəhlizlər müharibəsi"nin ən aktiv fazasındayıq. Azərbaycan üçün bu vəziyyət yüksək neft qiymətləri ilə iqtisadi dözümlülük, ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq sayəsində geostrateji mərkəz statusu və Cənubdan təhdidlərə qarşı Türkiyə ilə müttəfiqliyin hərbi modernləşmə vasitəsilə gücləndirilməsi deməkdir. Layihənin icra müddətindən asılı olmayaraq, regionun Rusiya mərkəzli sistemdən qoparaq qlobal bazarlara inteqrasiyası artıq "geriyə dönüşü olmayan nöqtə"dir. Gecikmə Azərbaycan üçün strateji resurs toplamaq, Ermənistan üçün isə daxili ziddiyyətlərini həll etmək üçün müvəqqəti nəfəslik rolunu oynayır.

Fikrət SADIXOV,Qərbi Kaspi Universitetinin professoru, politoloq

Zəngəzur dəhlizinin (TRIPP) açılma tarixi rəsmi sazişdə dəqiq göstərilməsə də, prosesin reallaşması qaçılmazdır. Unutmayaq ki, burada əsas oyunçular Bakı və İrəvandır, çünki dəhliz bilavasitə Ermənistan ərazisindən keçəcək. ABŞ-ın bu məsələdə qarant kimi çıxış etməsinə gəldikdə isə, hazırda Vaşinqtonun diqqəti daha çox İran ətrafındakı proseslərə yönəlib. Lakin bu, müvəqqəti xarakter daşıyır və Ağ Evin yenidən bu mövzuya qayıdacağı şübhəsizdir. ABŞ-ın regionda apardığı hərbi əməliyyatlar, təbii ki, dəhlizin açılması prosesində müəyyən texniki və siyasi çətinliklər törədə bilər. Amma hesab edirəm ki, Vaşinqtonun regiondakı hərbi fəallığı dəhliz məsələsində həlledici maneə deyil.

Dəhlizin açılması böyük ehtimalla Ermənistandakı parlament seçkilərindən sonraya təsadüf edəcək. Çünki hazırda Ermənistan rəhbərliyinin əsas diqqəti seçkilərə və hakimiyyəti qorumağa yönəlib. Biz ABŞ-la münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmalı və onun bu prosesdəki iştirakını təmin etməliyik. Şübhəsiz ki, bu məsələlər asan başa gəlməyəcək, lakin Azərbaycanın prinsipial mövqeyi dəyişməz qalır və biz bu qətiyyəti nümayiş etdirməyə davam edəcəyik.

İranın hazırkı rəhbərliyi regionda Qərb dövlətlərinin iştirakına və müxtəlif layihələrdə təmsil olunmasına qarşı dəfələrlə kəskin etirazlarını bildirib. Fəqət son münaqişədən sonra rəhbərliyin bu məsələyə baxışı daha mülayim müstəviyə keçəcək. Xüsusilə, əgər İranda ABŞ-a meyilli və daha loyal bir hakimiyyət formalaşarsa, dəhliz məsələsinin həlli tamamilə real görünür. Belə bir ssenaridə layihəyə ciddi etiraz edən regional qüvvə qalmayacaq.

Təbii ki, bu prosesin baş tutması üçün müəyyən geosiyasi şərtlərin yerinə yetirilməsi mütləqdir. Birmənalı şəkildə qeyd etmək olar ki, İranda hakimiyyət dəyişikliyinin baş verməsi və Qərbyönümlü, ABŞ ilə əməkdaşlığa açıq bir iqtidarın gəlməsi dəhlizin açılmasına çox müsbət təsir göstərəcək. Bu amil regiondakı gərginliyi azaldaraq, layihənin icrasını sürətləndirən əsas amillərdən birinə çevrilə bilər.

Tacir SADIQOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
xalqqazeti.az

2Mənbələr