AZ

"Məşqçilər məsləhət görsələr, böyüklərin yarışına da qoşularam"

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi Azərbaycan yunan-Roma güləşçisi Elmin Əliyevin (82 kq) rəqiblərinin hər biri kifayət qədər təcrübəli olub.

Sportinfo.az xəbər verir ki, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.

Avropa çempionu turnirə hazırlaşmaq üçün çox əziyyət çəkdiyini söyləyib:

"Yarışa ciddi hazırlaşmışdım. Çox əziyyət çəkmişdim. Şükür Allaha ki, qızıl medal qazandım.

Rəqiblərimin hər birinin kifayət qədər medalları var, təcrübəli idilər. Çəkdiyim əziyyətin bəhrəsini gördüm.

Bu yolda mənə dəstək göstərdikləri üçün ailəmə, məşqçilərimə, həmçinin Azərbaycan Güləş Federasiyasına, Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümü bildirmək istəyirəm".

O, finala gedən yolda asan rəqiblə qarşılaşmadığını vurğulayıb:

"Finala qədər bütün rəqiblərim çətin idi. Hər biri güc baxımından eyni idi və zəif deyildilər".

Güləşçi növbəti hədəflərindən danışıb:

"Qarşıdan gənclərin Avropa çempionatı gəlir. Daha sonra U-20 və U-23 dünya çempionatları olacaq

Hər birində iştirak etməyə çalışacağam. Məşqçilər məsləhət görsələr, böyüklərin yarışına da qoşularam".

E.Əliyev finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.

Seçilən
63
sportinfo.az

1Mənbələr