AZ

Serbiyada Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub

Serbiyanın paytaxtı Belqrad şəhərində Novruz bayramı qeyd olunub.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, tədbiri Azərbaycan Dillər Universitetinin (ADU) Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzi təşkil edib.

Mərkəzin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı açılış nitqi ilə çıxış edərək təbiətin oyanmasından söz açıb:

"Bir səhər görürük ki, havanın qoxusu dəyişir, insanların üzündə əvvəlkindən daha çox sevinc görünür və təbiət oyanmağa başlayır. İnsan şüuru bu anı - fəsil dəyişməsini artıq min illərdir eyni şəkildə tanıyır. Bu, yeni başlanğıcdır. Bu hissin nə qədər qədim olduğunu düşündükdə anlayırıq ki, Novruz sadəcə bayram deyil. Bu, insanların minilliklər boyunca təbiətin ritminə verdiyi mədəni cavabdır.

Bu gün Novruz təkcə bir ölkəyə aid deyil. Onu dünyanın geniş bir coğrafiyasında – Balkanlardan Qafqaza, Mərkəzi Asiyadan Yaxın Şərqə qədər 300 milyondan çox insan qeyd edir. "Novruz" sözünün mənası "yeni gün"dür. Bu adın özəlliyi ondadır ki, o, hansısa hökmdarın və ya hadisənin adını daşımır, təbiətin dəyişməsini ifadə edir".

Mərkəz rəhbəri Azərbaycanda bu bayramın qeyd olunmasından danışaraq vurğulayıb ki, ölkədə Novruz bir gündən ibarət deyil, bayramdan əvvəlki dörd çərşənbə də onun tərkib hissəsidir:

"Tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, eləcə də paxlava, şəkərbura kimi ənənəvi şirniyyatların hazırlanması bu qədim bayramın bir hissəsidir. Dövlətlər dəyişib, imperiyalar yaranıb və süqut edib, dinlər və siyasi sistemlər bir-birini əvəz edib, lakin hər il bahar yenidən gəlib. Novruzun gücü də məhz bundadır".

Sonra Azərbaycanda Novruz bayramı haqqında slayd nümayiş etdirilib.

Daha sonra Azərbaycanın Serbiyadakı səfirliyinin birinci katibi Gülnarə Məmmədova "Multikulturalizm və yaz ənənələri" mövzusunda çıxış edib. O, bildirib ki, Novruz bayramı Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutub və nəsillərarası mədəni körpü rolunu oynayıb:

"Novruz xalqımızın milli-mənəvi səsidir. Azərbaycan tarix boyu müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin olduğu bir coğrafiyada yerləşib. Bu tarixi reallıq ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin formalaşmasına imkan yaradıb. Məhz buna görə də multikulturalizm Azərbaycanda sadəcə siyasət konsepsiyası yox, həyat tərzidir. Bu gün Azərbaycanda müxtəlif etnik və dini icmalar əsrlər boyu olduğu kimi sülh və qarşılıqlı etimad şəraitində yaşayırlar. Bu müxtəliflik Azərbaycan cəmiyyətinin gücünün və zənginliyinin göstəricisidir. Azərbaycan multikulturalizm və mədəniyyətlərarası dialoq ideyalarını beynəlxalq səviyyədə də təşviq edir. Bu baxımdan Bakı son illər mədəniyyətlərarası və dinlərarası dialoq üçün mühüm platformaya çevrilib".

Belqrad Universitetinin Filologiya fakültəsinin Şərqşünaslıq kafedrasının müdir müavini Miryana Marinkoviç isə çıxışı zamanı "Serbiyada Azərbaycan dilinin tədrisi" mövzusuna toxunub.

"Xalqlarımız arasındakı dostluq qarşılıqlı hörmət və mədəni dialoqun gözəl bir nümunəsini təşkil edir. Belə maraqlı tədbirlər universitetimizdə təşkili isə həm fərqli mədəniyyətlərin tanınmasına, həm də akademik əməkdaşlığın dərinləşməsinə böyük töhfə verir. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Belqrad Universitetində Azərbaycan Dilləri Universitetinin rektoru, akademik Kamal Abdullayevin təşəbbüsü və Azərbaycan Serbiyadakı səfirliyinin dəstəyi ilə 2018-ci il aprelin 26-da açılıb. Mərkəzin əsas məqsədi Azərbaycanca dilini, zəngin ədəbiyyatını və qədim mədəniyyətini Serbiyadakı auditoriyalara tanıtmaqdır.

Seçilən
63
far.az

1Mənbələr