İran milli futbol komandası 2026-cı il dünya çempionatında iştirak etmək niyyətini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Asiya Futbol Konfederasiyasının baş katibi Vindsor John bildirib ki, AFC-yə İranın turnirdən imtina etdiyi barədə heç bir rəsmi bildiriş daxil olmayıb və hazırda qurumun bildiyi qədər, İran mundiala qatılacaq.
“Onlar bizim üzvümüzdür və biz onların oynamasını istəyirik. Bu günə olan məlumata görə, İran dünya çempionatına gedir”, – deyə Vindsor John Kuala-Lumpurdakı mətbuat konfransında bildirib.
Bununla belə, məsələ tam bağlanmış sayılmır. Reuters-in məlumatına görə, İran Futbol Federasiyası təhlükəsizlik səbəbilə ABŞ-da keçirilməli olan oyunların Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar aparır. İran tərəfi indiki şəraitdə ABŞ-a getməyin mümkün olmadığını bildirir, amma bu, hələlik turnirdən rəsmi imtina anlamına gəlmir.
Dünya çempionatı 11 iyun–19 iyul 2026 tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran püşkatmada Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupa düşüb.
Bizim.Media