AZ

Azərbaycanda aprel-iyul qərarı – “Bəzi məqamlar var, ictimaiyyətə açıqlanmır…”

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, karantin rejimi 2026-cı il 1 iyul saat 06:00-dək qüvvədə olacaq. Bundan əvvəl müddət 1 aprelədək nəzərdə tutulmuşdu.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun fikrincə, insanlar arasında qrip halları var, lakin karantin bununla əlaqəli deyil:

“İlin demək olar ki, hər fəslində, xüsusilə qış və yaz aylarında xəstəliklərin artması müşahidə olunur. Məsələn, iki gün əvvəl Badamdarda yolu şampunlu su ilə yudular ki, guya bu, xəstəliyə qarşı tədbirdir. Amma karantin rejimini koronovirusla əlaqələndirmək doğru deyil”.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə hesab edir ki, mövcud vəziyyət bəzi məhdudiyyətlərin müəyyən üstün tərəflərinin də olduğunu göstərir:

“Düzdür, insanlar çətinlik çəkir, gediş-gəliş məhdudlaşır, quru sərhədlərdən istifadə etmək mümkün olmur. Ancaq hadisələr göstərir ki, regionda vəziyyət tam da stabil deyil. Bu baxımdan düşünürəm ki, bəzi məqamlar var ki, biz onları bilmirik və ya həmin məlumatlar ictimaiyyət üçün açıqlanmır”.

Adil Qeybulla qeyd edib ki, koronavirus pandemiyası başa çatsa da, müxtəlif epidemiyalar hələ də mövcuddur:

“Demək olar ki, koronavirus tamamilə yoxa çıxmayıb. Lakin təkcə bu fakt sərhədlərin bağlı qalması üçün əsas deyil. Yəqin ki, başqa səbəblər də mövcuddur. Ola bilsin ki, ictimaiyyətə açıqlanmayan müəyyən məqamlar var. Buna görə də karantin rejiminin nə qədər davam edəcəyinə dair qərarı verən qurumlar vəziyyəti daha yaxşı qiymətləndirə bilirlər. Amma bir daha qeyd edirəm ki, mövcud vəziyyət təkcə COVID-19 pandemiyası ilə bağlı deyil”.

globalinfo.az xatırladır ki, Azərbaycanda karantin rejiminin uzadılması barədə qərarın təhlükəsizlik səbəbindən verilməsini daha əvvəl müxtəlif ekspertlər bildiriblər. Ermənistanla sülh müqaviləsinin imzalanmaması, Rusiya-Ukrayna müharibəsi və İrandakı hərbi münaqişə fonunda Bakının kilid nöqtə kimi belə qərar verməsi dövlətin zəruri tədbiri kimi dəyərləndirilir.

Seçilən
31
2
konkret.az

4Mənbələr