ABŞ, İsrail və İran arasındakı münaqişə üçüncü həftəsinə qədəm qoyarkən, ABŞ prezidenti Donald Tramp həftəsonu ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb.
Hafta.az yazır ki, ABŞ-ın yeddi ölkə ilə danışdığını, lakin adlarını çəkmədiyini bildirən Tramp əvvəllər sosial media paylaşımında Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələrin də bu səylərə qoşulacağına ümid etdiyini bildirmişdi.
İran qlobal neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazını faktiki olaraq bağlayıb və bu, tarixdə qlobal neft tədarükündə ən böyük fasiləyə səbəb olub.
ABŞ-ın bölgəyə gəmilər göndərmək çağırışına ölkələrin cavabları belədir:
Yaponiya
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, ölkəsinin hazırda Yaxın Şərqdə gəmiləri müşayiət etmək üçün dəniz qüvvələri göndərmək planı yoxdur.
Parlamentdə çıxış edən Takaiçi deyib: "Biz hələlik müşayiət gəmiləri göndərməklə bağlı heç bir qərar verməmişik. Yaponiyanın müstəqil və hüquqi çərçivədə nə edə biləcəyini araşdırmağa davam edirik".
Takaiçi bildirib ki, bu həftə Vaşinqtona səfəri zamanı Trampla gözlənilən görüşündə İranla münaqişə də müzakirə olunacaq.
Avstraliya
Avstraliya kabinetinin üzvü Ketrin Kinq Avstraliyanın Hörmüz boğazının açılmasına kömək etmək üçün hərbi gəmilər göndərməyəcəyini açıqlayıb.
ABC dövlət televiziyasına verdiyi müsahibədə Kinq deyib: "Biz Hörmüz boğazına gəmilər göndərməyəcəyik".
Cənubi Koreya
Cənubi Koreya prezident aparatı bazar günü verdiyi açıqlamada bildirib ki, "Biz bu məsələ ilə bağlı ABŞ ilə sıx əlaqədə olacağıq və diqqətlə nəzərdən keçirildikdən sonra qərar verəcəyik".
Cənubi Koreya konstitusiyasına görə, xaricə qoşun göndərmək üçün parlamentin təsdiqi tələb olunur.
Böyük Britaniya
Böyük Britaniya hökumətinin sözçüsü dünən bildirib ki, Baş nazir Keyr Starmer qlobal gəmiçilikdəki fasilələrə son qoymaq üçün Hörmüz boğazının açılmasının vacibliyini Trampla müzakirə edib.
Sözçü əlavə edib ki, Starmer həmçinin Kanadanın Baş naziri Mark Karni ilə də danışıb və bu gün keçiriləcək görüşdə münaqişə ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Avropa Birliyi
Diplomatlar və rəsmilərin sözlərinə görə, Avropa Birliyi (AB) xarici işlər nazirləri bu gün Yaxın Şərqdə dəniz qüvvələrinin gücləndirilməsini müzakirə edəcəklər, lakin bu qüvvələrin rolunun Hörmüz boğazını da əhatə edəcək şəkildə genişləndirilməsi məsələsinə toxunacaqları gözlənilmir.
AB-nin Aspides qüvvələri 2024-cü ildə Qırmızı dənizdə Husi hücumlarından gəmiləri qorumaq üçün yaradılıb.
Almaniya
Almaniyanın xarici işlər naziri Yohann Vadeful dünən bildirib ki, Aspides hətta hazırkı missiyasını yerinə yetirməkdə belə effektiv deyil.
Almaniyanın ARD televiziyasına danışan Vadeful deyib: "Buna görə də, Aspides-in əhatə dairəsini Hörmüz boğazına qədər genişləndirməyin daha böyük təhlükəsizlik təmin edəcəyinə çox şübhə ilə yanaşıram".