AZ

Qlobal Bakı Forumu beynəlxalq dialoq üçün mühüm platformaya çevrilib – Əliməmməd Nuriyev

 

Bakıda keçirilən Qlobal Bakı Forumu qlobal siyasət və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu əsas platformalardan biri kimi diqqət çəkir.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında forumun artan beynəlxalq əhəmiyyətindən bəhs edib.

 

O qeyd edib ki, forumu vətəndaş cəmiyyəti nümayəndəsi kimi izləyib və panel müzakirələrində səslənən fikirlər belə qənaət yaradır ki, bu platforma beynəlxalq səviyyədə getdikcə daha böyük əhəmiyyət qazanır: “Müasir dünya dərin geosiyasi transformasiya mərhələsindən keçir, qlobal güc balansı dəyişir, regional münaqişələr artır, enerji və iqtisadi təhlükəsizlik məsələləri daha da aktuallaşır. Belə bir şəraitdə dövlətlər və siyasi liderlər arasında açıq dialoq platformalarının rolu xüsusi əhəmiyyət daşıyır və Bakı Qlobal Forumu da məhz bu ehtiyacdan doğan mühüm müzakirə məkanına çevrilib”.

 

Ə.Nuriyev vurğulayıb ki, forumun keçirildiyi dövr də diqqət çəkicidir: “Dünyada ziddiyyətlərin dərinləşdiyi, İran–ABŞ–İsrail xəttində gərginliyin artdığı bir zamanda forumun məhz Azərbaycanın ev sahibliyi ilə təşkili bu platformaya marağı daha da artırır”.

 

Onun sözlərinə görə, forum çərçivəsində çıxış edən sabiq dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış siyasətçilər müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri geniş şəkildə təhlil ediblər: “Çıxışlarda əsasən qlobal təhlükəsizlik, geosiyasi balansın dəyişməsi, iqtisadi transformasiya və regional əməkdaşlıq məsələləri ön plana çıxdı. Bu müzakirələr göstərir ki, dünya siyasəti yeni mərhələyə daxil olur və bu mərhələdə çoxtərəfli diplomatiya və qarşılıqlı etimadın gücləndirilməsi əsas prioritetlərdəndir”.

 

Əliməmməd Nuriyev bildirib ki, İlham Əliyevin forumdakı çıxışı xüsusi əhəmiyyət daşıyır: “Prezident beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əməkdaşlığın vacibliyini vurğuladı və qeyd etdi ki, müasir dünyada sabitlik və təhlükəsizlik yalnız dialoq və əməkdaşlıq yolu ilə təmin edilə bilər”.

 

O əlavə edib ki, Hikmət Hacıyev də çıxışında beynəlxalq münasibətlərdə etimad mühitinin formalaşmasının vacibliyinə diqqət çəkib: “Qlobal siyasətdə gərginliklərin artdığı bir dövrdə dövlətlər arasında açıq dialoq və qarşılıqlı anlaşma yeni təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayır”.

 

Ə.Nuriyev qeyd edib ki, forumda səslənən fikirlər qlobal gündəlikdə əsas meylləri də ortaya qoyur: “Enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və regional nəqliyyat layihələrinin inkişafı kimi məsələlər xüsusi diqqət mərkəzində idi. Xüsusilə Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsində Orta Dəhliz kimi layihələr regionun geoiqtisadi rolunu daha da artırır”.

 

Sonda o vurğulayıb ki, Qlobal Bakı Forumu yalnız fikir mübadiləsi üçün platforma deyil: “Bu forum qlobal siyasətin müxtəlif istiqamətlərinin müzakirə edildiyi, yeni əməkdaşlıq ideyalarının formalaşdığı və beynəlxalq münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm strateji platformadır. Ümumilikdə, bu tədbir Azərbaycanın beynəlxalq diplomatiyada rolunun güclənməsi və qlobal dialoqun inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Zəhra Ağayeva

Seçilən
12
qht.az

1Mənbələr