AZ

Bakı Forumu qlobal dialoq və əməkdaşlıq üçün mühüm platformadır - ŞƏRH

Bakı, 17 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu bir daha göstərdi ki, müasir dünyada artan fikir ayrılıqları, siyasi qarşıdurmalar və təhlükəsizlik çağırışları fonunda dialoq platformalarına ehtiyac daha da artır. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan bu Forum qlobal gündəmdə duran vacib məsələlərin müzakirəsi üçün olduqca əhəmiyyətli bir beynəlxalq platforma kimi çıxış etdi. Son illərdə qlobal təhlükəsizlik mühitinin daha da gərginləşməsi, Yaxın Şərq regionunda artan qarşıdurmalar, xüsusilə İran ətrafında yaranmış gərginlik və beynəlxalq siyasi balansın dəyişməsi fonunda belə bir forumun təşkil olunması xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

O deyib: “Forum artıq uzun illərdir ki, qlobal səviyyədə fikir mübadiləsi üçün mühüm məkana çevrilib. Hər il olduğu kimi, bu dəfə də tədbirdə dünyanın müxtəlif regionlarından nüfuzlu siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekspertlər, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər. Avropa, Asiya, Afrika, Yaxın Şərq və Amerika qitələrindən gəlmiş iştirakçıların geniş təmsilçiliyi Forumun qlobal xarakter daşıdığını bir daha nümayiş etdirir”.

QHT sədri Forumun diqqət çəkən mövzularından birinin şəhərsalma və iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlar olduğunu deyib: “Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərlərin davamlı inkişafı məsələsini beynəlxalq gündəliyin əsas mövzularından birinə çevirib. Müzakirələrdə vurğulanıb ki, müasir şəhərlərin planlaşdırılması təkcə infrastruktur və memarlıq məsələləri ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, sosial bərabərlik, ekoloji balans, enerji səmərəliliyi və insan təhlükəsizliyi kimi mühüm amilləri də nəzərə almalıdır.

Panel müzakirələrində “ağıllı şəhər” konsepsiyası, yaşıl enerji mənbələrinin genişləndirilməsi, şəhərlərdə karbon emissiyalarının azaldılması və iqlim dəyişikliklərinin təsirlərinin minimuma endirilməsi kimi məsələlər də geniş şəkildə müzakirə olunub. Ekspertlər qeyd ediblər ki, gələcəkdə şəhərlərin inkişaf strategiyası daha çox ekoloji davamlılıq və innovativ texnologiyaların tətbiqi üzərində qurulmalıdır.

“Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal dialoqa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya verdiyi töhfənin aydın ifadəsidir. Bakı artıq təkcə regional deyil, həm də qlobal səviyyədə fikir mübadiləsinin və mühüm təşəbbüslərin formalaşdığı mərkəzlərdən birinə çevrilib. XIII Qlobal Bakı Forumu bir daha sübut etdi ki, fikir ayrılıqlarının aradan qaldırılması üçün ən doğru yol açıq dialoq, qarşılıqlı hörmət və birgə əməkdaşlıqdır”, - deyə U.Mirzəyev vurğulayıb.

Seçilən
23
azertag.az

1Mənbələr