Son günlər abonentlər arasında elektrik sayğaclarına yüklənən vəsaitlərin azalması ilə bağlı suallar yaranıb. Vətəndaşlar “ödədim, amma balansıma az vəsait oturdu” kimi halların səbəbini öyrənməyə çalışır.
Manset.az-ın məlumatına görə, məsələ ilə bağlı “Azərişıq” ASC-nin İnformasiya araşdırma idarəsinin rəis müavini Rüstəm Quliyev bildirib ki, yaranan vəziyyət sabit tarifin tətbiqi və köhnə borcların ödənilməsi mexanizmi ilə əlaqədardır:
“İstehlakçının elektrik enerjisindəki fasiləsizliyini təmin edirik və istehlakçıya şərait yaradırıq ki, o öz qalıq borcunu hissəli şərtlərlə həyata keçirsin”.
Onun sözlərinə görə, Tarif Şurasının qərarı ilə 2026-cı ilin yanvarından sabit tarif tətbiq olunur. Proqram təminatındakı yeniliklər səbəbindən yanvar və fevral ödənişləri üst-üstə düşüb:
“Yanvar hesabat ayı və fevral hesabat ayı arasında olan vaxt azlığı bəzi istehlakçılarda anlaşılmazlığa, çaşqınlığa səbəb oldu ki, niyə sabit tarifə görə 2 manat ödəniş həyata keçirilir. Əslində isə istehlakçıların fevral ayında ödədiyi 2 manat vəsaitin 1 manatı yanvar hesabat ayının, digər 1 manatı isə fevral hesabat ayının sabit tarifinin dəyəri idi”.
R.Quliyev əlavə edib ki, digər məsələ abonentlərin köhnə borcları ilə bağlıdır. Mövcud qaydalara əsasən borcu olan abonentin enerjisi tam ödənişdən sonra bərpa edilməlidir. Lakin qurum vətəndaşların işıqsız qalmaması üçün daha yumşaq mexanizm tətbiq edir:
“Elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əsasən, qalıq borcu olan istehlakçının enerji verilişi dayandırılmalı və elektrik enerjisinin bərpası yalnız və yalnız onun qalıq borcu tam şəkildə ödənildikdən sonra həyata keçirilməlidir. Lakin Azərişıq Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaş yönümlü bəzi hallarda qərar verilir ki, istehlakçının ödədiyi vəsaitin bir hissəsi onun qalıq borcunun ödənişinə sərf olunsun, digər hissəsi isə onun sərf edəcəyi elektrik enerjisinin dəyərinə istifadə edilsin. Məsələn, istehlakçı 10 manat ödəniş həyata keçirir, onun 5 manatı sərf olunur qalıq borcunun ödənişinə, digər 5 manatı isə sərf edəcəyi elektrik enerjisinə. İstehlakçının elektrik enerjisindəki fasiləsizliyini təmin edirik və istehlakçıya şərait yaradırıq ki, o öz qalıq borcunu müəyyən hissəli şərtlərlə həyata keçirsin”.
Beləliklə, sayğacdan tutulan vəsaitin “itmədiyi”, ya sabit tarifə, ya da abonentin əvvəlki borcunun mərhələli ödənilməsinə yönəldiyi bildirilir.