AZ

Kvinsi Promesun azadlığa buraxılması ilə bağlı yeni məhkəmə iclası keçiriləcək

Amsterdam Apellyasiya Məhkəməsi bu gün Kvinsi Promesun işi üzrə növbəti iclasını keçirəcək. Martın 17-nə təyin olunan bu iclasda futbolçunun vəkillərinin onun vaxtından əvvəl və ya apellyasiya prosesi müddətində azadlığa buraxılması ilə bağlı növbəti vəsatətinə baxılacaq.

İdman.Biz xəbər verir ki, məhkəmənin mətbuat katibi Melissa Zeylstra hələlik işin mahiyyəti üzrə əsas dinləmələrin tarixinin dəqiqləşmədiyini bildirib. Hazırda keçirilən iclaslar yalnız futbolçunun həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya saxlanılma şərtləri ilə bağlıdır.

Xatırladaq ki, Kvinsi Promes Hollandiyada iki ayrı cinayət işi üzrə - narkotik vasitələrin qaçaqmalçılığı (6 il) və xalası oğluna bıçaqla xəsarət yetirmə (1.5 il) maddələri ilə ümumilikdə 7.5 il müddətinə azadlıqdan məhrum edilib. Uzun müddət Rusiyada gizlənən və BƏƏ-də saxlanıldıqdan sonra 2025-ci ilin iyununda ölkəsinə ekstradisiya edilən futbolçu hazırda həbsxanadadır.

Promesun vəkilləri onun beş uşağının olduğunu və maliyyə vəziyyətinin pisləşdiyini əsas gətirərək azadlığa buraxılmasını istəsələr də, məhkəmə onun qaçma ehtimalının yüksək olduğunu bildirərək əvvəlki vəsatətləri rədd edib.

Qeyd edək ki, karyerası ərzində “Spartak” Moskva, “Ayaks”, “Sevilya” və “Tvente” kimi klublarda çıxış edən 34 yaşlı hücumçu Niderland milli komandasının heyətində 50 oyuna çıxaraq yeddi qol vurub.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr