AZ

Azərbaycanda IT sektorunda struktur problemlər qalır – Ceyhun Xəlilov

İnformasiya texnologiyaları son illərdə sürətli inkişaf mərhələsinə keçərək həyatın demək olar ki, bütün sahələrinə nüfuz edib. Müasir İT həlləri yüksək sürət, geniş imkanlar və avtomatlaşdırma ilə seçilsə də, onların etibarlılığı və keyfiyyəti tətbiq sahəsindən və idarəetmə səviyyəsindən asılı olaraq dəyişir.

Azərbaycanda IT sektorunda müəyyən inkişaf müşahidə olunsa da, mövcud vəziyyət hələ də tam qənaətbəxş deyil və bu sahədə struktur problemlər qalmaqdadır. Bu sözləri Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin sədri Ceyhun Xəlilov QHT.az-a olan açıqlamasında bildirib.

Ceyhun Xəlilov bildirib ki, ölkədə internet bazarında real rəqabətin zəif olması əsas problemlərdən biridir. Onun sözlərinə görə, bazarın əsasən bir neçə operator arasında bölüşdürülməsi məhdud rəqabət mühiti yaradır: “Bu model faktiki olaraq məhdud rəqabət mühiti yaradır və nəticədə internet xidmətlərinin qiymətləri yüksək qalır, xidmət keyfiyyətinin və texnoloji yenilənmənin sürəti isə gözlənilən səviyyədə olmur".

C.Xəlilov sözlərinə görə, digər mühüm problem beynəlxalq internet magistrallarının məhdudluğudur. O qeyd edib ki, Azərbaycanın internet trafikinin əhəmiyyətli hissəsi xarici tranzit xətlərindən asılıdır və bu vəziyyət gecikmələrə, sürət azalmasına və ümumi data axınının məhdudlaşmasına səbəb olur.

Sədr vurğulayıb ki, strateji baxımdan əsas məsələ IT sektorunun ölkə iqtisadiyyatındakı payının aşağı olmasıdır. O bildirib ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu göstərici xeyli geridə qalır və rəqəmsal iqtisadiyyatın gücləndirilməsi üçün sektorun ÜDM-də payı artırılmalıdır.

Ceyhun Xəlilov bildirib ki, problemin həlli üçün praktiki addımlar atılmalıdır. Onun sözlərinə görə, xaricdən gətirilən IT avadanlıqları üçün vergi və gömrük güzəştlərinin tətbiqi texnologiyaların ölkəyə daha sürətli daxil olmasına və biznes mühiti üçün əlçatanlığın artmasına şərait yarada bilər.

C.Xəlilov sözlərinə görə, IT sektoruna xarici investisiyaların cəlb edilməsi də vacib istiqamətlərdən biridir. O qeyd edib ki, investorlar üçün stabil biznes mühiti yaradılmalı, texnoloji parklar və startap ekosistemi inkişaf etdirilməlidir.

Sədr əlavə edib ki, region ölkələrinin təcrübəsi bu sahədə mühüm nümunələr təqdim edir və uyğun mexanizmlərin tətbiqi ilə texnologiya sektorunda irəliləyiş əldə etmək mümkündür.

Ceyhun Xəlilov sonda üç əsas strateji nəticəni diqqətə çatdırıb: “Rəqəmsal infrastruktur artıq texniki deyil, milli iqtisadi təhlükəsizlik məsələsidir". O həmçinin qeyd edib ki, real rəqabət və investisiya mühiti yaradılmadan texnoloji inkişafın sürətlənməsi mümkün deyil və gələcəyin iqtisadiyyatı texnologiya əsaslı olacaq.

Fatimə Nəbiyeva

Seçilən
11
qht.az

1Mənbələr