AZ

Sevilməyən obrazlar kraliçası Mehriban Xanlarova Orxan Saffari yazır...

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərdən elə olur ki, bir istedadsız aktyor, aktrisanın təkcə siması sevilir və məhz buna görə də onun müstəsna istedadsızlığı gözə batmır. Bu, təkcə gözəllik, yaraşıq məsələsi də deyil. Yəni bəzən insanın üzündəki nurdan, izaholunmaz bir doğmalıqdan belə asılı olur.

Bu mənada, Mehriban Xanlarovanın üzündə adama doğma gələn heç nə yoxdur.

Sözsüz, doğmalıq olmasa da, pis-yaxşı hər kəsin siması nəsə ifadə edir. Ona görə də mən özüm hər dəfə Mehriban Xanlarovanı görəndə gəlinə gün verib işıq verməyən baldızları, hər şeydə gözü qalan, qonaq gəldiyi evdən gedəndən sonra dalınca üzərlik yandırılan eltiləri xatırlayıram. Elə bilirəm, Mehriban Xanlarovanın çantasında hər ehtimala artıq qurd yağı olur.

Konkret desəm, Mehriban Xanlarovanın sıfatında bircə qram da sənət, səhnə eşqi, peşəkarlıq görə bilmirəm. Mənə elə gəlir, onun gözlərində daim “a bala, nədi? Bax nə istəyirsən, hıııy?” sualı var.

Onu deyim, Mehriban Xanlarova Azərbaycan kinosunda, daha dəqiq, “Sahilsiz gecə” filmində Zibeydə obrazı ilə fahişə obrazını canlandıran ilk aktrisadır.

Bu, əslində, inqilab olmalıdır, Mehriban xanımın adı dillərdən düşməməlidir, tabu qırdığına, cəsarət göstərdiyinə görə daha çox sevilməlidir. Ancaq onun adını bir neçə dəfə dalbadal deyəndə adamın dili ağrıyır. Bütün bunlara baxmayaraq, adamlara onun bu cür bir obrazı da maraqlı gəlmədi. Mehriban Xanlarova “fahişə” kimi də sevilmədi. Əgər Mehriban Xanlarovanın qəlbində bir qram sənət eşqi olsaydı, faciənin nə boyda olduğunu görərdi.

Məsələn, heç nə yox, sonradan təkcə baldırı görsənən o qədər aktrisalar dillər əzbəri oldu ki, onun rolu da yaddan çıxıb getdi. Görünür, inqilab, yenilik də Mehriban Xanlarovaya yaraşmadı, yapışmadı, tutmadı.

Mehriban xanım son illərdə verdiyi müsahilərin birində demişdi ki, bəs yenə çəkilsə, eyni rolu oynayar. Ancaq deyən lazımdır ki, o vaxt olmadısa, indi heç olan deyil.

O qatar çoxdan gedib, Mehriban xanım.

Mehriban Xanlarova müsahibələrinin birində həm də demişdi:

“Bəziləri deyir ki, əvəzolunmaz aktrisa yoxdur. Kim məni əvəz eləyə bilər?”.

Bu məqamda da Mehriban xanıma sual vermək lazımdır ki, axı niyə sizi əvəz eləmək istəsinlər? Bir gənc aktrisanı Allah nə günə qoymalıdır ki, Mehriban Xanlarovanı əvəz eləmək istəsin? Tamaşaçı bir yana, heç Mehriban Xanlarova özünü hansısa rol ilə xatırlayır? Canına yalandan da olsa, and içiləsi bir rolu varmı?

Məndən olsa, Mehriban Xanlarovanın əziyyətini yerə tam vurmazdıq. Məsələn, ömrün bu çağında göstərdiyi xidmətlərə görə onu kraliça, daha dəqiq, “Sevilməyən obrazlar kraliçası” elan edərdik. Vətənə, millətə, sənətə xeyirli olsun. Təbriklər, Mehriban xanım.

Bəli, Mehrihan Xanlarova da heç bir rol ilə möhürünü vura bilməyən, heç kimin kumiri olmayan, tələbə yetişdirə bilməyən aktrisalar siyahısındadır. Daha dəqiq, siyahının ən başında odur.

Əgər “İstedadsız aktrisalar” yarış keçirilsə, Mehriban xanımın burada da birinci və ya axrıncı yer olması şübhəlidir. Ola bilsin, birinci hissədə bu yarışdan da kənarlaşdırılsın.

Bəli, xalq Mehriban Xanlarovanın simasını sevmədi deyə, onun dediyi, göstərdiyi ən yaxşı şeylər də gözə dəymədi, maraqlı olmadı.

Bir ara aparıcılıq etdi, o da alınmadı. Hətta verilişlərdə ekspertə qədər oldu.

Bütün bunların hər biri ayrılıqda faydasızdır. Çünki insanın sənəti olmayanda, sənətdən başqa hər şeylə özünü ayaqda saxlamaq istəyir.

Əgər bu gün Mehriban Xanlarova deyəndə insanların ağlına ciddi rollar, göstərdiyi səhnə performansları yox, hansısa qalmaqal, mənasız məişət söz-söhbətləri gəlirsə, bu, cəmiyyətdən əvvəl Mehriban Xanlarovanın günahıdır. Əgər o cür məsələlərin arxasında böyük bir sənət dayansaydı, mütləq müzakirə obyekti həm də o olardı. Lakin indi heç Mehriban Xanlarovanın məişəti də insanlara maraqlı deyil.

Bunun üçün, əvvəlcə, Mehriban Xanlarovanın özünün maraqlı olması lazımdır.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
icma.az

1Mənbələr