İraq hökuməti neft tankerlərinin Hörmüz boğazından keçidini təmin etmək üçün İranla danışıqlar aparır.
Bu barədə İraqın neft naziri Həyyan Əbdül Qani dövlət xəbər agentliyi INA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Bağdad Tehranla əlaqə saxlayaraq neft daşıyan tankerlərin təhlükəsiz keçidinə icazə almağa çalışır. Danışıqların detalları açıqlanmayıb.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də bəyan etmişdi ki, rəsmi Tehran bir sıra ölkələrlə onların gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi məsələsini müzakirə edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına – o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki obyektlərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Eyni zamanda, İranın Hörmüz boğazını bağladığı və Fars körfəzi ölkələrinin neft infrastrukturuna hücumlar etdiyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 30 faizi məhz bu boğazdan keçir. Mövcud vəziyyət isə neft qiymətlərinin son dörd ilin maksimum səviyyəsinə yüksəlməsinə səbəb olub.