Dünyada müşahidə edilən kataklizmlər fonunda qlobal miqyasda şəhərsalma və mənzil məsələlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Təsadüfi deyildir ki, bu sahədə yaranan çağırışlar XIII Qlobal Bakı Forumunda da müzakirə olunub.
O cümlədən paytaxtımızın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirdə “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda ayrıca panel iclas baş tutub. İclasda vurğulanıb ki, şəhərsalma və mənzil məsələləri dünyanın müxtəlif regionlarında fərqli xüsusiyyətlərə malikdir. Məsələn, qlobal cənub ölkələrində əsas problemlər qeyri-formal yaşayış məntəqələri və infrastruktur çatışmazlığı ilə bağlıdırsa, qlobal şimal ölkələrində maliyyələşmə mexanizmləri və mənzil qiymətlərinin artması nəticəsində əlçatanlığın azalması müşahidə olunur. Şərqi Avropa və Mərkəzi Asiya kimi regionlar bu iki tendensiyanın eyni vaxtda müşahidə olunduğu məkanlardır və bu səbəbdən mənzil problemlərinin həlli üçün vahid yanaşma mövcud deyil. Buna görə də şəhərsalma və mənzil məsələlərinin həllində fərqli yanaşmaların tətbiqi, həmçinin ayrı-ayrı ölkələrin və şəhərlərin müsbət təcrübəsi mütləq qaydada nəzərə alınmalıdır.
Azərbaycanın həssas yanaşması
Uğurlu inkişaf modelinə malik olan Azərbaycanın ayrı-ayrı istiqamətlərdə qazandığı nailiyyətlər və təcrübə beynəlxalq səviyyədə diqqətlə izlənilir və bir sıra hallarda model kimi qəbul olunur. Həmçinin ölkəmizin şəhərsalma məsələlərinə həssas yanaşması da beynəlxalq səviyyədə təqdir olunur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu məsələnin ölkə gündəliyinin prioritetləri sırasında yer aldığını bir daha təsdiqləyir.
Bu gün Azərbaycanda şəhərsalma qədimliklə müasirliyin orijinal vəhdətində inkişaf etdirilir ki, bu da beynəlxalq səviyyədə böyük maraqla izlənilir. Form çərçivəsində aparılan müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev qeyd edib ki, şəhərin mərkəzində yerləşən və UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş İçərişəhər də əsrlər boyu formalaşmış tarixi urban mühitin nümunəsidir. Onun sözlərinə görə, qədim dövrlərdən etibarən insanlar bu ərazidə yaşamaq və işləmək üçün rahat şəhər mühiti yaratmağa çalışıblar.
Anar Quliyev vurğulayıb ki, bu ənənələr bu gün də davam etdirilir və müasir şəhərsalma yanaşmaları beynəlxalq standartlar, qlobal trendlər və UN-Habitat kimi beynəlxalq qurumların tövsiyələri əsasında inkişaf etdirilir.
Beynəlxalq birlik üçün yaxşı nümunə
Azərbaycanda şəhərsalma islahatları, xüsusilə də işğaldan zərər çəkmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası sahəsində qazandığı təcrübə beynəlxalq birlik üçün yaxşı nümunədir. 2024-cü ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planında bir sıra mühüm prinsiplər əsas götürülüb.
Təqdimatda bildirildiyi kimi, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bütövlükdə, 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində paytaxtın əsas inkişaf perspektivlərini müəyyənləşdirir.
Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanıb.
Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə
2026-cı ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhər Forumunda (WUF13) iştirak üçün artıq 169 ölkədən təxminən 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib ki, iştirakçıların təxminən 30 faizi yerli və regional idarəetmə orqanlarını təmsil edir. Bu da şəhərlərin qlobal urbanizasiya problemlərinin həllində artan rolunu göstərir.
Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək. Bu, regionun artan əhəmiyyətini və qlobal şəhərsalma gündəliyinin formalaşmasında rolunu əks etdirir. Anar Quliyev panel iclasında aparılan müzakirələr zamanı bildirib ki, bu forumun əsas məqsədi milli təcrübələrin nümayiş etdirilməsi, bilik mübadiləsinin aparılması və mənzil problemlərinin həllində inklüziv şəhər inkişafını təşviq edən qabaqcıl beynəlxalq təcrübələri öyrənməkdir. Bu tədbir Azərbaycan üçün öz mənzil təşəbbüslərini təqdim etmək və beynəlxalq əməkdaşlığı daha da gücləndirmək imkanı verəcək. Qurum rəsmisinin sözlərinə görə, əhalinin mənzil ehtiyaclarına cavab vermək məqsədilə Azərbaycan 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyi təsis edib. Dövlətin mənzil siyasətinin əsas istiqamətlərindən biri isə azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ərazilərin bərpası və əhalinin köçürülməsidir.
Panel müzakiirələrində iştirak edən digər qonaqlar da paytaxtımızda WUF13-ün böyük uğurla keçəcəyinə əminliklərini bildiriblər. “Dünyada 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyon insan evsizdir. Bu o deməkdir ki, biz böyük investisiyalara və düzgün siyasi qərarlara ikiqat səylə yanaşmalıyıq”. Bu sözləri BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunan brifinq zamanı deyib.
Espinoza bildirib ki, bu problem siyasət, investisiya, layihələndirmə və şəhər planlaşdırması sahələrində birgə qərarlar tələb edir. Bu böhran insan tərəfindən yaradılıb və buna görə də onun həlli də insan tərəfindən tapılmalıdır: “Azərbaycanın qonaqpərvərliyinin, güclü logistika imkanlarının, Bakı şəhərinin zəngin tarixinin və mədəniyyətinin şahidi olaraq əminəm ki, Ümumdünya Şəhərsalma Forumu burada böyük uğurla keçiriləcək”.
Mübariz FEYİZLİ