AZ

Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitet (UNEC) ali təhsil sistemində və məzunların əmək bazarına inteqrasiyasında mühüm yeniliyə imza atıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetdə üç ildən artıq müddətdə üzərində çalışılan “Qeyri-akademik transkript” layihəsi uğurla tamamlanıb və bu təşəbbüs ölkəmizdə, eyni zamanda, regionda ilk dəfə tətbiq ediləcək.

Məlumdur ki, dünyanın aparıcı universitetlərində məzunlara əsasən onların ixtisas biliklərini əks etdirən akademik transkriptlər təqdim olunur. Lakin müasir əmək bazarının tələbləri göstərir ki, yalnız nəzəri biliklər kifayət etmir. İşəgötürənlər namizədlərin fərdi bacarıqlarını – liderlik, ünsiyyət, komanda ilə işləmə və problem həlletmə kimi “soft skills”lərini də qiymətləndirməyə üstünlük verirlər.

Məhz bu ehtiyacdan çıxış edərək UNEC tərəfindən hazırlanmış “Qeyri-akademik transkript” məzunların universitet həyatı boyunca qazandıqları qeyri-akademik bacarıqları rəsmi şəkildə təsdiqləyəcək. Aprel ayında layihənin test mərhələsinə, may ayından isə qeyri-akademik transkriptin əldə olunması üçün rəsmi imtahanlara başlanılacaq.

Qiymətləndirmə prosesi 10 əsas meyar üzrə aparılacaq. Bu meyarlara liderlik, komanda ilə işləmə, analitik düşünmə, problem həlletmə, kreativlik, sosial məsuliyyət və digər mühüm kompetensiyalar daxildir. İmtahan nəticəsində tələbələrin fərdi bacarıqları obyektiv meyarlarla ölçüləcək və rəsmi sənəd şəklində təsdiqlənəcək. Bu sənəd iş dünyasında namizədlərin potensialını daha obyektiv qiymətləndirməyə imkan verəcək və UNEC məzunlarının rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Seçilən
14
6
azertag.az

7Mənbələr