AZ

Avropa Parlamentindən növbəti "korluq": Humanitar məsələdə də ikili standartlar – ÖZƏL

Avropa Parlamentinin prezidenti Roberta Metsola bildirib ki, İranla bağlı hadisələr fonunda Ermənistan Avropa ölkələrinin vətəndaşlarının təxliyəsi üçün mühüm humanitar dəhlizə çevrilib.
Onun sözlərinə görə, Ermənistan bu prosesdə Avropa İttifaqı ölkələrinin vətəndaşlarının çıxarılmasına kömək göstərir və bu dəstəyə görə rəsmi İrəvana təşəkkür edilib. Metsolanın açıqlamasında Ermənistanın rolu xüsusi vurğulansa da, regionda təxliyə və tranzit imkanlarının təmin olunması istiqamətində Azərbaycanın da geniş fəaliyyəti var.

"Avropa institutlarının bu cür ikili yanaşmasına dəfələrlə şahid olmuşuq və hər dəfə də, təəssüf ki, Azərbaycanla bağlı yanlış mövqe sərgiləndiyini görmüşük. Bu gün hətta humanitar məsələlərdə belə eyni yanaşmanın davam etdiyini müşahidə edirik".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, Azərbaycan öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı ayrı-ayrı dövlətlər də fərdi şəkildə ölkəmizə təşəkkürlərini bildirirlər. Hazırda İrandan mülki şəxslərin və diplomatik korpus nümayəndələrinin təxliyəsi prosesində əsas təhlükəsizlik rolunu oynayan ölkələrdən biri məhz Azərbaycandır. Yəni həmin insanların təhlükəsiz şəkildə çıxarılmasında Azərbaycanın rolu danılmazdır. Lakin buna baxmayaraq, Avropa Parlamentinin sədri yenə də ikili yanaşma nümayiş etdirərək Ermənistanı ön plana çıxarır və Azərbaycanın fəaliyyətini kölgədə qoymağa çalışır. Bu isə, əlbəttə ki, qəbulolunan hal deyil və Azərbaycana qarşı qərəzli münasibətin açıq ifadəsi kimi qiymətləndirilə bilər.

"Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında uzun müddətdir müşahidə olunan soyuqluq da məhz bu cür yanaşmaların nəticəsidir. Avropa Parlamentinin sədrinin son açıqlaması bir daha göstərir ki, bu münasibətlərdə yaranmış gərginliyin əsas səbəblərindən biri elə Avropa institutlarının özüdür. Davamlı olaraq Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi, əsassız ittihamların irəli sürülməsi nəticə etibarilə Azərbaycan ilə Avropa institutları arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Bu, olduqca təəssüf doğuran bir haldır. Eyni zamanda qeyd etmək lazımdır ki, bu yanaşma əslində Avropa institutlarının özlərinə də ziyan vurur. Çünki belə siyasət nə konstruktiv nəticə verir, nə də qarşılıqlı əməkdaşlığa xidmət edir. Əksinə, münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Bütün bunlar bir daha göstərir ki, bəzi hallarda Avropa institutları erməni diasporunun təsiri altında hərəkət edir və onların maraqlarına xidmət edən mövqe sərgiləyirlər. Bu isə artıq açıq şəkildə müşahidə olunan bir reallıqdır", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr