Ermənistanda Stanislavski adına Rus Dram Teatrının səhnəsində “artsax blokadası” mövzusunda səhnələşdirilmiş “Blokada” tamaşasının premyerası baş tutub.
Musavat.com xəbər verir ki, tamaşanın məzmunu İrəvandan bir ailənin Qarabağdan olan erməni ailəsinə baş çəkməsidir və guya sonra bölgədə “blokada” başlayır.
Ssenariyə əsasən bu iki fərqli ailə bir evdə yaşamalı, “bütün dünyadan təcrid olunmuş vəziyyətdə” gözləməlidirlər.

Tamaşanın rejissoru Sedrak Qocamanyan, müəllifi isə Ani Maqakyandır. Tamaşada əsas personajlardan birini canlandıran aktrisa Marjan Avetisyan “Haparak”a geniş müsahibəsində bildirib ki, bu gün Ermənistan hakimiyyəti "artsax" sözünün tələffüzünü belə qadağan etdiyindən, bu haqda tamaşa səhnələşdirmək böyük bir lüksdür. Onun sözlərinə görə, iqtidar hamını təhdid edir ki, “soyqırım muzeyi”nin direktorunun aqibətini yaşayacaqsınız: “Tamaşaya gəldikdə isə, demək olar ki, siyasi mövzulara toxunmur, xüsusilə siyasi xarakterli bir tamaşa hazırlamaq niyyəti yox idi. Rejissor və prodüser evlərindən, vətənlərindən və hər şeydən məhrum olan insanların təcrübələri haqqında tamaşa hazırlamaq üçün böyük bir istək duyurdular.
Aktrisa bildirib ki, gözlənilməz bir dövrdə yaşayırıq: “Artsax”dan bəhs etməyə belə bilərik, amma bizi susdurmaq üçün fürsət tapa bilərlər. Şübhəsiz ki, onlar həm bizə zərər verə, həm də susdurmağa cəhd edə bilərlər”.
Göründüyü kimi, Ermənistanda hələ də separatizm ocaqları var və onu istənilən platformada yaşatmağa çalışırlar. Baxmayaraq ki, Azərbaycanla Ermənistan sülh mətnini paraflayıb, Qarabağın bizə aid olduğu təsdiq edilib, amma torpaqlarımızda ikinci “erməni dövləti” qurmaq niyyətində olanlar İrəvanda fəaldırlar. Onlar Azərbaycana qarşı ərazi iddialarını öz ideyalarında saxlayıblar.
Bu da erməni cəmiyyətində revanş və separatçı əhval-ruhiyyənin varlığından xəbər verir. Yəni ictimai şüur dəyşməyib – mədəniyyət adamları da, siyasətçiləri də mifik “artsax”dan dəm vururlar. Halbuki ermənilər Qarabağda blokada şəraitində olmayıblar və bu yalanı indiyə qədər dilə gətirmək, üstəlik, teatr tamaşasında səhnələşdirmək absurddur.
Emil Salamoğlu
Musavat.com