AZ

Birbaşa xarici investisiyalar 6,6 milyard dollara yüksəlib

2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında 3,5 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu dövrdə ölkənin xarici ticarət dövriyyəsi 41,8 milyard dollar təşkil edib, strateji valyuta aktivləri isə 85,1 milyard dollara çatıb.Metbuat.azxəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib. Məlumata əsasən, ötən il tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indeks dəyişkənliyindən təsirlənib. Buna baxmayaraq, cari əməliyyatlar balansında 3,5 milyard dollar həcmində profisit yaranıb.2025-ci il üzrə xarici ticarət dövriyyəsi 41,8 milyard dollar olub. Bu dövrdə neft-qaz sektoru üzrə 18,1 milyard dollar həcmində profisit, qeyri-neft-qaz sektoru üzrə isə 11,7 milyard dollar həcmində kəsir qeydə alınıb. Nəticədə xarici ticarət balansında 6,4 milyard dollar həcmində profisit formalaşıb. Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə ixracın həcmi 3,5 milyard dollar təşkil edib.Kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb. Hesabat dövründə ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 1,4 milyard dollar azalıb.Bununla yanaşı, Azərbaycanın strateji valyuta aktivləri il ərzində 14,1 milyard dollar artaraq dövrün sonuna 85,1 milyard dollara yüksəlib.Təkrar gəlirlər balansı üzrə əməliyyatların saldosu da müsbət olub. Belə ki, 2025-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi 1,2 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0,5 milyard dollar təşkil edib. Nəticədə pul baratları üzrə 671,9 milyon dollar müsbət saldo yaranıb. Təkrar gəlirlər balansı üzrə ümumi müsbət saldo isə 742,1 milyon dollar olub.Samir Nəsirov qeyd edib ki, 2025-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi illik müqayisədə 8,7 faiz artıb.Ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi isə 2025-ci ildə 6,6 milyard dollar təşkil edib. Bu məbləğin 1,4 milyard dolları qeyri-neft-qaz sektorunun payına düşüb.

Enerji göstəricilərinə gəldikdə isə, ötən il xam neftin orta qiyməti bir barel üçün 68,5 dollar olub.

Seçilən
25
metbuat.az

1Mənbələr