AZ

Yenə də özü deyild? - Benyamin Netanyahu müəmması - VİDEO

İsrail Baş naziri Benyamin Netanyahunun ötən gün yayılan yeni videosu onun sağ olub-olmaması ilə bağlı müzakirələri yenidən alovlandırıb.

“Yeni Sabah” xəbər verir ki, ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibənin 17-ci günündə B.Netanyahu ilə bağlı müxtəlif iddialar yayılmaqda davam edir.

İran mənbələrinin onun hava zərbələri zamanı öldüyü barədə məlumat yaymasından sonra İsrail Baş nazirinin səlahiyyətli nümayəndələri bu xəbərləri təkzib edərək B.Netanyahunun vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Netanyahu martın 15-də “X” sosial şəbəkəsində paylaşdığı, kafe ziyarətini əks etdirən video ilə “yaşayıram” mesajı versə də, görüntülərin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığı geniş müzakirələrə səbəb olub.

Müzakirələr səngiməmiş Baş nazir platformada daha bir video yayımlayıb. “Təlimatlara əməl edin və birlikdə qalib gələk” başlığı ilə təqdim olunan görüntülərdə B.Netanyahu bu dəfə açıq havada görünür.

Görüntülərdə diqqət çəkən məqamlardan biri isə onun əynində martın 15-də yayımlanan videosundakı geyimin eyni olması, həmçinin hər iki videoda əllərini bir müddət cibində saxlamasıdır.

Martın 16-da yayımlanan sonuncu videosunda iki qadınla söhbət edən Netanyahu yerləşdikləri məkanın Qüds mənzərəsinə malik olduğunu bildirərək “Qüdsün bənzəri yoxdur” deyir. Maskalı mühafizəçilərin müşayiəti ilə hərəkət edən Baş nazirin videosunda bəzi kamera keçidləri, mimikası və görüntüdəki kəsilmələr sosial şəbəkə istifadəçilərində şübhələr yaradıb.

Bundan əlavə, Netanyahunun fonla tam uyğunlaşmaması, arxa planın bulanıq görünməsi və üzündəki işıq effektləri də videonun süni intellekt vasitəsilə hazırlanması ehtimalını gündəmə gətirib. Video yayımlandıqdan dərhal sonra minlərlə istifadəçi bu mövzuda müzakirələrə qoşulub.

Netanyahu “buradayam, yaşayıram” mesajını növbəti dəfə təkrarlasa da, onun taleyi ilə bağlı müxtəlif fərziyyələr hələ də səsləndirilməkdə davam edir. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
28
1
yenisabah.az

2Mənbələr