AZ

Deputatlar “Mədəniyyət haqqında” qanun layihəsinə İRAD TUTDULAR

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Məclisdə “Mədəniyyət haqqında” qanun layihəsində yazılan “mədəni və yaradıcı sənayenin istifadə olunması" ifadəsinin düzgünlüyü geniş müzakirəyə səbəb olub.Modern.az xəbər verir ki, layihənin ilk oxunuşunda deputat Erkin Qədirli, vitse-spiker Rafael Hüseynovun iradından sonra isə Milli Məclis üzvləri Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Tahir Mirkişili, Fəzail İbrahimli də bu terminə iradlarını bildiriblər.Hikmət Babaoğlu deyib ki, “yaradıcı sənaye” yox, “yaradıcılıq sənayesi” terminindən istifadə olunmalıdır. Tahir Mirkişili isə məsələyə iqtisadçı kimi yanaşaraq qeyd edib ki, Azərbaycan dilində həm “sənaye”, həm də “sənayesi” sözləri işlədilir və bunlar fərqli məna çalarlarına malikdir. 

Deputat qeyd edib ki, əgər “sənaye” sözü istifadə olunursa, onun qarşısında həmin sahənin xarakterini ifadə edən söz gəlir. “Lakin “mədəni sənaye” ifadəsi işlədildikdə belə bir təəssürat yaranır ki, sanki sənaye prosesinin daxilində baş verən hadisələr “mədəni” xarakter daşıyır. Bu isə sual doğurur: bəs qeyri-mədəni sənaye də varmı? Digər tərəfdən, “sənayesi” sözü işlədildikdə, bu, konkret sahəyə aid məhsulların istehsal olunduğu sənaye mənasını verir. Mən dilçi deyiləm, lakin iqtisadçı kimi hesab edirəm ki, əgər konsepsiyaya zidd deyilsə və qanunvericilik baxımından mümkündürsə, “mədəniyyət və yaradıcılıq sənayesi” ifadəsinin işlədilməsi daha düzgün və məqsədəuyğun olar”, – o qeyd edib.

Fəzail İbrahimli məsələnin Milli Məclisdə bir qədər dramatikləşdirildiyini deyib: 

“Bəzi məqamlar var ki, onlar fərdi yanaşmadan asılı deyil, dilin öz qaydaları və tələbləri mövcuddur. Bəzən bu tələblər nəzərə alınmadan fikri ifadə etmək üçün dilin imkanları zorlanır. Hikmət müəllimin də qeyd etdiyi kimi, “mədəni və yaradıcı sənaye” ifadəsi müəyyən suallar doğurur. Axı sənayenin “mədəni” və ya “yabanı” forması olmur. “Mədəni” sözünün əksi “yabanı”dır və bu kontekstdə uyğun görünmür” .

Deputat vurğulayıb ki, “yaradıcı sənaye” ifadəsi də mübahisəlidir. "Çünki sənaye onsuz da yaradıcılıq nəticəsində formalaşır, yəni əlavə olaraq “yaradıcı” deməyə ehtiyac varmı?",– o sual edib.

Fəzail İbrahimli qanun layihəsinin mürəkkəb yazıldığını da irad kimi bildirib:

"Bundan əlavə, fikir verin bir neçə budaqlı tabeli mürəkkəb cümlə istifadə olunur və bu cümlələrin heç birinin arasında qarşılıqlı əlaqə yoxdur. Cümləni oxuyandan sonra heç nə başa düşmürsən". 

Kim necə istəyir elə yaza bilməz, dilin tələbləri var. Mədəni yox, mədəniyyət sənayesi yazılmalıdır. Qaldı ki, digər hissələrə, ayrı-ayrı hissələrə bölüb "sən nə istəyirsən" sualına cavab verilməlidir” – deputat vurğulayıb. 

“Deyir mən Tarixi-Nadiri axıra qədər oxumuşam bunu başa düşmürəm. Cümlələr yerində deyil, fikirlər tamamlanmır, Azərbaycan dilinin tələbləri pozulur, mahiyyət və fəlsəfə qalmaqla fikir və ifadələri düzəltmək lazımdır”,– F. İbrahimli sonda qeyd edib. 

Mədəniyyət nazirinin müavini Sədaqət Yusifova isə bildirib ki, “mədəni və yaradıcı sənayelər” anlayışı yeni deyil. Belə ki, “Azərbaycan mədəniyyəti – 2020” konsepsiyasında, 2020-ci illər üçün sosial-iqtisadi inkişaf strategiyasında, eləcə də Nazirlər Kabinetinin mədəni və yaradıcı sənaye sahələrinə aid fəaliyyət növləri, xidmət və məhsullar siyahısında bu anlayışdan geniş istifadə olunub.

"Vaxtilə bu termin tətbiq edilərkən UNESCO-nun statistika metodologiyasına istinad edilib. Ola bilər ki, tərcümə zamanı müəyyən uyğunsuzluqlar yaranıb, lakin artıq bu anlayış qanunvericilik praktikasında möhkəmlənib. Əgər hazırda qanunvericilikdə həmkarımızın təklif etdiyi dəyişikliklər qəbul edilərsə, digər normativ aktlarda da dəyişikliklərin aparılması zərurəti yaranacaq ki, bu da uzunmüddətli prosesdir.

Ümumilikdə, qanunvericilik texnikasına yenidən baxılmasına ehtiyac var. Çünki yüzlərlə qanunda dil və qrammatik normalara tam riayət olunmasa da, kontekst baxımından mətnlər anlaşılandır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
235
1
modern.az

2Mənbələr