AZ

Ağ Evin enerji savaşı: Neftin kəskin düşməsi manata zərbə vuracaq?

Qlobal enerji bazarlarında gözlənilən kəskin dəyişikliklər və böyük dövlətlərin iqtisadi manevrləri dünya iqtisadiyyatının yaxın perspektivini qeyri-müəyyənlik dalğasına sürükləyir.

Xüsusilə ABŞ-nin yeni maliyyə naziri Skott Bessentin yaxın aylarda neft qiymətlərində ciddi ucuzlaşmanın baş verə biləcəyi ilə bağlı proqnozu həm enerji ixracatçıları, həm də qlobal maliyyə institutları üçün həyəcan siqnalı rolunu oynayır.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Yaxın Şərqdə gərginliyin hər an genişmiqyaslı toqquşmaya çevrilə biləcəyi bir şəraitdə, enerji daşıyıcılarının bahalaşması gözlənilsə də, Vaşinqtonun “enerji dominatlığı” strategiyası bazarda tam fərqli bir mənzərə yaradır. ABŞ-nin daxili hasilatı maksimuma çatdırmaq və qlobal tədarük zəncirlərinə nəzarəti gücləndirmək planları bazarda süni və ya təbii təklif bolluğu yaradaraq qiymətləri aşağı salmaq potensialına malikdir. Bu cür kəskin ucuzlaşma ssenarisi Azərbaycan kimi iqtisadiyyatının mühüm hissəsi neft-qaz gəlirlərinə söykənən ölkələr üçün həm makroiqtisadi sabitlik, həm də sosial öhdəliklərin icrası baxımından yeni və mürəkkəb çağırışlar formalaşdırır.

Əkrəm Həsənov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bu proqnozların Azərbaycan üçün yarada biləcəyi real təhlükələri və strateji çıxış yollarını ətraflı şərh edib.

Ekspert bildirib ki, Skott Bessentin proqnozlaşdırdığı ucuzlaşma reallaşarsa, bu, ilk növbədə Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsində ciddi boşluqlara səbəb ola bilər, çünki ölkəmizin ixracat səbətinin və valyuta daxilolmalarının əsasını hələ də xam neft satışı təşkil edir.

İqtisadçının sözlərinə görə, dünya bazarında neftin bir barelinin qiymətinin büdcədə nəzərdə tutulan həddən aşağı düşməsi manatın məzənnəsi üzərindəki təzyiqi yenidən gündəmə gətirə bilər:

“Azərbaycanın illər ərzində topladığı böyük həcmli valyuta ehtiyatları və Dövlət Neft Fondunun aktivləri qısamüddətli dövrdə bu cür neqativ təsirləri neytrallaşdırmaq üçün güclü “təhlükəsizlik yastığı” rolunu oynayır. Əgər neftin ucuzlaşması uzunmüddətli və struktur xarakter alarsa, hökumət büdcə xərclərinin optimallaşdırılmasına getməli və qeyri-neft sektorunun maliyyələşməsini daha radikal üsullarla sürətləndirməli olacaq”.

Müharibə fonunda neftin siyasi silah kimi istifadə olunmasına diqqət çəkən Əkrəm Həsənov qeyd edib ki, ABŞ bu strateji addımla həm də rəqibləri olan Rusiya və İranın hərbi-sənaye kompleksini maliyyəsiz qoymağı hədəfləyir:

“Qiymətlərin aşağı düşməsi bu ölkələrin müharibəni davam etdirmək imkanlarını zəiflədir ki, bu da qlobal geosiyasi xəritənin yenidən cızılması deməkdir. Azərbaycan üçün isə bu vəziyyət iqtisadi islahatların, xüsusən də investisiya mühitinin yaxşılaşdırılmasının nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. Neft asılılığından qurtulmaq üçün yalnız bəyanatlar kifayət deyil; sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində real rəqabətqabiliyyətlilik artırılmalı, daxili istehsal ixrac potensialı ilə gücləndirilməlidir. Qlobal enerji bazarlarındakı kəskin dalğalanmalara qarşı ən effektiv müdafiə mexanizmi güclü və şaxələnmiş real iqtisadiyyatın qurulmasıdır ki, bu da Azərbaycanın gələcək suverenliyinin iqtisadi təminatıdır”.

Tunar

NOCOMMENT.az 

Seçilən
27
nocomment.az

1Mənbələr