Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də saat 11:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanından yanğın səbəbilə çağırış daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a verilən məlumata görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfər (3 kişi, 5 qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.
Hazırda pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.
12:30
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Əlavə məlumat veriləcək.
11:42
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Müxbir – Göyçək Mahmudlu