İran Futbol Federasiyası 2026-cı il dünya çempionatında milli komandalarının matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün FIFA ilə danışıqlar aparır.
90deqiqe.Az xəbər verir ki, bu barədə İranın Meksikadakı səfirliyi məlumat yayıb.
"ABŞ Prezidenti Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini birbaşa bildirəndə, əlbəttə ki, Amerikaya getməyəcəyik. Hazırda FIFA ilə İran milli komandasının Dünya Kubokundakı oyunlarını Meksikada keçirmək barədə danışıqlar aparırıq", - deyə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac səfirliyin "X" sosial media platformasındakı hesabında dərc olunmuş açıqlamada bildirib.
Keçən həftə Tramp qeyd edib ki, İran komandası "öz həyatları və təhlükəsizliyi naminə" turnirə getməməlidir. Dünya Kubokunun final oyunları 2026-cı ilin iyun-iyul aylarına planlaşdırılıb və ABŞ-ın 11 şəhərində, Meksikanın üç şəhərində və Kanadanın iki şəhərində keçiriləcək.
İran milli komandası Asiyada seçmə mərhələdən keçərək G qrupuna düşüb. Qrupda həmçinin Belçika, Misir və Yeni Zelandiya komandaları yer alır. Komanda Yeni Zelandiya və Belçikaya qarşı Los-Ancelesdə, Misirə qarşı isə Sietldə qarşılaşacaq. Əgər İran turnirdə iştirak edə bilməsə, FIFA matçların əvəzedicisini müəyyən etməlidir. Mümkün namizədlər sırasında İraq və Birləşmiş Ərəb Əmirlikləri milliləri göstərilir.