AZ

Müsəlman ölkələr Tehranı niyə tərk edir? – Laricaninin ittihamı, əsas səbəblər

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani son açıqlamasında müsəlman ölkələrin İranı dəstəkləməməsindən məyus qaldığını söyləyib.

“Bugünkü qarşıdurma əsasən bir tərəfdə Amerika və İsrail, digər tərəfdə isə müsəlman İranı və müqavimət qüvvələri arasındadır. Siz kimin tərəfindəsiniz?”, – deyə Laricani bildirib.

NOCOMMENT.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu Əli Laricaninin açıqlamasını şərh edərkən bildirib ki, o, günahı ölkəsinin illərdir yürütdüyü siyasətində axtarsın:

“Vaxtilə Azərbaycan da müsəlman ölkələrinin siyasətindən narazı idi. İslam Konfransı Təşkilatının sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edilsə də, əməldə təşkilata üzv ölkələrin bir qismi, o cümlədən İran işğalçı Ermənistanla sıx əməkdaşlıq edirdi.

İndinin özündə müsəlman ölkələri ABŞ və İsrailin İrana qarşı müharibəsinin əleyhinədirlər. Ancaq İran narazı qaldığı müsəlman ölkələrin ərazisinə raket və dronlar atdığına görə, heç bir müsəlman ölkəsi Tehranı dəstəkləmək istəmir”.

Elxan Şahinoğlu

Ekspert qeyd edib ki, Pakistanla Əfqanıstan arasında hərbi qarşıdurmanın genişlənməsi də diqqət mərkəzindədir:

“Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabilə hava zərbəsi endirib. İlkin məlumatlara görə, ən azı 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Pakistan “Taliban”a aid hərbi hədəflərə dəqiq zərbələr endirildiyini açıqlayıb. “Taliban” isə zərbələrin mülki yerlərə dəydiyini iddia edir. İki ölkə arasında fevral ayından başlanan qarşdurma qısa fasilələrlə davam edir. İki ölkənin sərhədində qarşılıqlı hücumlar daima qeydə alınır. İki ölkə arasında vasitəçilik səyləri nəticə verməyib.

Beləliklə, bölgədə 3 – ABŞ və İsrailin İrana, İsrailin Livana qarşı, Pakistan – Əfqanıstan arasında müharibə şiddətlənib. Bu sıraya İranın Körfəz ölkələrinə endirdiyi raket və dron zərbələrini də əlavə etsək, Yaxın Şərqdəki gərginliyin genişləndiyini söyləmək mümkündür. Əfqanıstan daha ağır vəziyyətdədir. Qonşuluğunda müharibə gedir, eyni zamanda Pakistanla da hərbi qarşıdurma içindədir”.

Şahinoğlu vurğulayıb ki, müharibələrin davamı milyonlarla insanın qaçqına çevriləcəyi və aclığa sürüklənəcəyi ehtimalını artırıb:

“ABŞ və İsrailin zərbələri illər öncə İranda məskunlaşan minlərlə əfqan miqrantı evlərinə qayıtmağa məcbur edib. Ancaq evdə də qeyri-sabitlikdir. Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan əhalisinin təxminən yarısının – təxminən 21,9 milyon insanın – bu il humanitar yardıma ehtiyacı olacağını proqnozlaşdırıb. Humanitar yardımların çatdırılmasını davam etdirmək üçün BMT-nin Ümumdünya Ərzaq Proqramı hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstana alternativ təchizat yollarını araşdırır”.

Tunar
NOCOMMENT.az

Seçilən
2
2
nocomment.az

3Mənbələr