AZ

Ağ Ev Hörmüzün uğultusunu eşidir:MÜHARİBƏNİN ÜÇÜNCÜ HƏFTƏSİ NƏLƏRİ DƏYİŞƏ BİLƏR?

Müharibə üçüncü həftəsinə qədəm qoyarkən, ABŞ prezidenti Tramp elə bir seçim qarşısında qalıb ki, burada söhbət təkcə hazırkı kampaniyanın taleyindən yox, bütövlükdə onun xarici siyasət kursunun siyasi mənasından gedir. Onun qarşısında mahiyyət etibarilə iki ssenari var: ya hərbi iştirakı daha da dərinləşdirmək və əməliyyatı strateji nəticəyə çatdırmağa çalışmaq, ya da aralıq uğuru rəsmiləşdirib Amerikanın prosesdə iştirakını mərhələ-mərhələ azaltmağa başlamaq. Məsələ ondadır ki, hər iki yol ağır bədəllər vəd edir və hər ikisi siyasi, eləcə də geosiyasi məğlubiyyətlə nəticələnə bilər.

Bu müharibənin ilk günündən Tramp ikili xətt nümayiş etdirirdi. Bir açıqlamasında qələbənin artıq yaxın olduğunu, rəqibin isə faktiki olaraq sındığını anladırdı. Digər çıxışlarında isə qarşıda uzun, son dərəcə sərt qarşıdurmanın dayandığını etiraf edirdi. İndi, İranla müharibənin başlanmasından iki həftə keçəndən sonra və bu qərarın məhz Ağ Evdə verildiyi şəraitdə, həmin ikili yanaşma artıq strateji dilemma görnüşünü alıb.

Əgər Vaşinqton müharibədə qalırsa, o zaman çərçivələri çoxdan lokal hərbi əməliyyatın sərhədlərini aşmış bir qarşıdurmanın bütün yükünü də öz üzərinə götürür. Bəli, İran ciddi zərbə alıb. Amma zəiflədilmiş vəziyyətdə belə, o, ABŞ və müttəfiqləri üçün müharibənin qiymətini kəskin şəkildə artırmaq qabiliyyətini göstərib. Söhbət təkcə raket zərbələrindən və regional proksi şəbəkələri xətti ilə aparılan fəaliyyətdən getmir. Daha geniş təsir var: enerji bazarlarının silkələnməsi, dəniz logistikasına zərbələr, region ölkələrində əsəb gərginliyinin artması və risk zonasının Fars körfəzindən Şərqi Aralıq dənizinədək tədricən genişlənməsi.

Müharibənin davamı o deməkdir ki, stavkalar daha da yüksələcək. Bu isə yeni itkilər, yeni xərclər, hərbi kampaniyaları təkcə başlatmaq deyil, strateji tükənməyə uğramadan başa çatdırmaq gücündə olan dövlət kimi ABŞ-ın reputasiyasına yeni zərbələr deməkdir. Üstəlik, münaqişə nə qədər uzanırsa, Trampın öz kursundakı daxili ziddiyyət də bir o qədər qabarıq görünür. Tramp hakimiyyətə Amerikanı yeni böyük müharibələrə sürükləməyəcəyinə söz verən siyasətçi kimi gəlmişdi. İndi isə məhz onun dövründə Birləşmiş Ştatlar son təxminən dörddəbir əsrin ən iri Yaxın Şərq toqquşmasına cəlb olunub. Onun elektoratının bir hissəsi üçün bu artıq taktiki manevr deyil, əsas vədlərdən təhlükəli geri çəkilmədir.

Amma geri çəkilmək yolu da asan deyil. İndi çıxmaq o deməkdir ki, elan olunmuş məqsədlərin mühüm hissəsinə çatılmadığı etiraf edilir. Bəli, ABŞ və İsrail nəzərəçarpacaq hərbi nəticələr əldə ediblər. Rəsmi şəxslərin qiymətləndirməsinə görə, İranın raket potensialının böyük hissəsi məhv edilib, hava hücumundan müdafiə sisteminin elementləri sıradan çıxarılıb, donanmaya ciddi ziyan vurulub. Ayətullah Əli Xameneinin ölümü də simvolik və siyasi şok kimi yadda qalıb. Söhbət təxminən qırx il ərzində təkcə İran rejiminin daxili memarlığını yox, bütövlükdə Yaxın Şərqdə davranış trayektoriyasını müəyyənləşdirən fiqurdan gedir.

Ancaq liderin aradan götürülməsi sistemin avtomatik çöküşü demək deyil. İran teokratiyası, əleyhdarlarının gözləntilərinin əksinə olaraq, dağılmayıb. Əksinə, sərt konsolidasiya əlamətləri göstərir. Mövcud məlumatlara görə, idarəetmə yaralı Xamenei oğluna keçir və o artıq Tehranın assimetrik müharibənin bütün arsenalından istifadə etməyə davam edəcəyini anladıb: kiberhücumlar, dənizdə mina təhlükəsi, regiondakı hədəflərə zərbələr, bağlı silahlı strukturlar üzərindən təzyiq. İslam İnqilabı Keşikçiləri Korpusu itkilərə baxmayaraq, döyüş qabiliyyətini saxlayır və rejimin əsas dayaq sütunu olaraq qalır.

Başlıca problem isə ondadır ki, münaqişədən çıxmaq barədə siyasi qərar verilsə belə, fundamental məsələ yenə açıq qalacaq. ABŞ və İsrailin əsas narahatlığının mərkəzində dayanan, silah səviyyəsinə yaxın zənginləşdirilmiş nüvə yanacağı ehtiyatları hələ də İran ərazisindədir. Elə bu ehtiyatlar da o ssenarini qidalandırır ki, İran zərbəni adladıqdan və nəticə çıxardıqdan sonra gələcəkdə nüvə silahı yaratmaq yolunda hərəkəti daha da sürətləndirə bilər. Başqa sözlə, müharibədən vaxtından əvvəl çıxış təhdidi aradan qaldırmaya, sadəcə ertələyə və perspektivdə onu daha da təhlükəli hala sala bilər. Təsadüfi deyil ki, Vaşinqtonda artıq belə fikirlər səslənib: kimsə İrana girməli və bu materialı fiziki olaraq nəzarətə götürməlidir. Amma belə quru əməliyyatı artıq məhdud kampaniya yox, nəticələri proqnozlaşdırılması çətin olan bir hərbi uçuruma birbaşa eniş olardı.

Müharibə üçüncü həftəyə keçdikcə, onun qiyməti daha aydın görünür. Amerikalı hərbçilər həlak olub. Ümumi qurban sayı iki mini keçib və ölənlərin böyük əksəriyyəti İranda qeydə alınıb. Mülki itkilərin sayı artır. ABŞ-ın regiondakı hərbi mövcudluğu da genişlənir: artıq orada yerləşdirilmiş iri Amerika kontingentinə əlavə olaraq, Yaxın Şərqə yeni dəniz piyadaları göndərilir. Təkcə bu fakt göstərir ki, Ağ Ev ictimaiyyət qarşısında uğur bəyanatları səsləndirsə də, əslində böhranın yekunlaşmasına yox, onun uzanan fazasına hazırlaşır.

Xüsusi çəkini dəniz amili qazanıb. İran neft ixracının əsas hissəsinin keçdiyi Xark adasına endirilən zərbələrdən sonra Hörmüz boğazı ətrafında vəziyyət kritik həddə çatıb. Formal olaraq Vaşinqton bazarları və müttəfiqləri sakitləşdirməyə çalışır, gəmiçiliyə təhlükənin şişirdilməməli olduğunu bildirirdi. Amma reallıq tamam başqa çıxdı: bu həyati marşrut faktiki olaraq iflic vəziyyətinə düşdü və onunla birlikdə dünya ticarətinin, ilk növbədə enerji ticarətinin əhəmiyyətli hissəsi də zərbə altına girdi. Məhz buna görə Tramp açıq şəkildə Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı boğazın təhlükəsizliyinin təmininə qoşulmağa çağırmağa məcbur oldu. Bu, artıq qalib ritorikası deyil. Bu, hətta ABŞ üçün də belə böhranı təkbaşına idarə etməyin həddən artıq baha və həddən artıq çətin ola biləcəyinin etirafıdır.

Başqa bir məqam da kifayət qədər səciyyəvidir. BƏƏ-də neft infrastrukturuna dron hücumlarından, İraqda Amerika obyektlərinə basqınlardan, enerji daşıyıcılarının qiymət sıçrayışlarından sonra Vaşinqton hələ yaxın keçmişdə siyasi baxımdan mümkünsüz görünən addımlara getməyə məcbur qaldı. Xüsusən də ABŞ bazarın daha da qızışmasının qarşısını almaq üçün Rusiya neftinin bir hissəsinə tətbiq olunan sanksiya təzyiqini yumşaltmağa başladı. Bu, İranla müharibənin nə qədər sürətlə sırf İran məsələsinin çərçivəsindən çıxaraq qlobal miqyaslı böhrana çevrildiyinin ən danışan əlamətlərindən biridir.

Görünən odur ki, Tramp qərarları yenə özünə xas üslubda verir: institusional strateji qiymətləndirmə sistemi üzərindən deyil, daha çox şəxsi intuisiya ilə. O, İrana zərbə endirmək qərarını vaxtilə onun niyyətləri ilə bağlı "yaxşı hissiyyatı" olduğunu deyərək izah etmişdi. İndi müharibədən mümkün çıxışı da təxminən eyni sözlərlə əsaslandırır və bildirir ki, bunu "sümüklərində hiss edəcək". Belə fərdiləşdirilmiş qərarvermə siyasi baxımdan effektli görünə bilər, amma böyük regional müharibə şəraitində bu, risklərin kəskin artması deməkdir. Çünki mərc soyuq strateji hesablamaya yox, anın subyektiv duyumuna qoyulur.

Bu fonda Amerika administrasiyasının daxilində bir anlayış getdikcə güclənir: Tehran gözlənildiyindən xeyli təhlükəli rəqib imiş. Mənbələrin məlumatına görə, Vaşinqton İranın Hörmüz boğazını bağlamaq və ya destabilizasiya etmək hazırlığını, həmçinin münaqişəni region boyu sürətlə yaymaq bacarığını ciddi şəkildə yetərincə qiymətləndirməyib. Xameneinin aradan götürülməsindən sonra çökməyən, əksinə toparlanan İran rejiminin siyasi dayanıqlığı da düzgün hesaba alınmayıb.

Bütün bunlar qaçılmaz şəkildə ABŞ ilə İsrail münasibətlərinə də təsir edir. Rəsmi olaraq ittifaq tam koordinasiyanı qoruyur, amma gərginlik əlamətləri artıq görünür. Müharibə uzandıqca əsas sual daha kəskin səslənir: Vaşinqtonla Təl-Əvivin məqsəd üfüqləri doğrudanmı üst-üstə düşür? İsrail üçün İranın maksimum zəiflədilməsi demək olar ki, ekzistensial xarakter daşıyan strateji vəzifədir. Tramp üçün isə bu müharibə getdikcə onun prezidentliyinin, vədlərinin və siyasi gələcəyinin sınağına çevrilir.

Ağ Ev hələlik baş verənləri ağır, amma tarixi baxımdan zəruri kampaniya kimi təqdim etməyə çalışır. Trampın ətrafı qısamüddətli risklər müqabilində uzunmüddətli dividentlərdən danışır və əməliyyatın son nəticəyə görə qiymətləndiriləcəyini vurğulayır. Məntiq aydındır: əgər ABŞ İranın hərbi potensialının dağıdıldığını bəyan edə bilsə, bu, mövcud administrasiyanın ən iri nailiyyətlərindən biri kimi satışa çıxarılacaq. Amma əsas sual da elə burada gizlənir: potensialın dağıdılması nə sayılmalıdır? İnfrastrukturun məhv edilməsi? Rejim dəyişikliyi? Nüvə proqramının ləğvi? Yoxsa sadəcə bir neçə ildən sonra daha radikal, daha qapalı şəkildə geri qayıdacaq rəqibin müvəqqəti zəiflədilməsi?

Mövcud anın mərkəzi faciəsi də bundadır. Tramp üçün artıq sadə çıxış qalmayıb. Müharibənin davamı ABŞ-ı uzun, baha başa gələn və getdikcə daha az idarə olunan qarşıdurmaya sürükləməklə hədələyir. Tez çıxmaq cəhdi isə gələcək eskalasiyanın mənbəyini yerində saxlayaraq, yekun görüntüsü yarada bilər. Buna görə də Trampın qarşısında duran seçim əslində "qalmaq, yoxsa getmək" formulasına sığmır. Bu, strateji riskin iki müxtəlif forması arasında seçimdir.

Elə buna görə də müharibənin üçüncü həftəyə keçməsi final mərhələsinə keçid kimi yox, sərt yenidənqiymətləndirmə anı kimi görünür. Müharibənin ilk emosional impulsu artıq tükənib. İndi hesab gur bəyanatlara yox, resurslara, dayanıqlığa, siyasi iradəyə və öz qərarlarının nəticəsinə tab gətirmək bacarığına gedir. Və məhz burada əsas həqiqət üzə çıxır: müharibəni sürətlə başlamaq olar, amma ondan qalib kimi çıxmaq, alqışlar altında içəri girməkdən qat-qat çətindir...

Boğazı yenidən açmaq olarmı?

Ötən həftə Oval kabinetdə keçirilən görüşdə qəzəbli ABŞ prezidenti Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyndən soruşub ki, niyə Birləşmiş Ştatlar Hörmüz boğazında gəmiçiliyi sadəcə dərhal və tam şəkildə bərpa edə bilmir.

Cavab son dərəcə sərt və bir o qədər də ayıq olub. İranın bircə hərbçisi və ya onunla əlaqəli silahlı qruplaşmanın döyüşçüsü belə, boğazın dar boğazında sürətli katerlə peyda olaraq asta hərəkət edən supertankeri mobil raketlə vura və ya onun gövdəsinə maqnit mina bərkidə bilər. Belə şəraitdə söhbət artıq klassik hərbi-dəniz nəzarətindən yox, səpələnmiş, ucuz başa gələn və son dərəcə effektli təhlükə ilə mübarizədən gedir. Belə təhdidi Ağ Evdən verilən bir əmrlə neytrallaşdırmaq mümkün deyil.

Hazırkı müharibənin başlıca paradoksu da məhz buradadır. Vaşinqton ənənəvi hərbi göstəricilər baxımından açıq üstünlük əldə etsə də, dünyanın əsas dəniz arteriyasının təhlükəsizliyinə hələ də zəmanət verə bilmir. Bu isə o deməkdir ki, İran, ən ağır itkiləri versə belə, yenə də münaqişəyə öz məntiqini sırımaq imkanını saxlayır. Bu, assimetrik təzyiq məntiqidir.

Neftin qiymətinin artıq bir barel üçün 100 dollar həddinə yaxın dayandığı, Fars körfəzindən keçid üzrə sığorta tariflərinin sürətlə bahalaşdığı bir vaxtda, alov içində olan tanker görüntülərindən cəmi bir neçə yeni kadrın ortaya çıxması bəs edər ki, psixoloji və bazar effekti ölçüdən artıq böyüsün. Belə vəziyyətdə Tehran real gücündən daha qüvvətli görünərdi. Və bu gün İran üçün işləyən də məhz bu effektdir. Boğaz yaxınlığında gəmilərə hücumlardan sonra gəmi sahibləri Trampın "xarakter göstərin" tipli açıq çağırışlarına baxmayaraq, riskə getməkdən imtina edirlər.

Pentaqonun baxış bucağından yanaşsaq, Amerika kampaniyası son dərəcə uğurlu gedir. Müdafiə naziri Pit Heqset "havada tam hökmranlıqdan" danışır. İran donanmasının əhəmiyyətli hissəsi batırılıb, yüzlərlə raket və buraxılış qurğusu məhv edilib. Amerika məlumatına görə, İran indi müharibənin əvvəlində olduğundan 90 faiz az raket, 95 faiz az zərbə dronu buraxır. Formal baxanda bu, rəqibin hərbi potensialının ildırımsayağı boğulmasına dair nümunəvi əməliyyat təsiri bağışlayır.

Amma müharibə, çox vaxt olduğu kimi, artıq formal metrikaların sərhədini keçib. Bəli, İran adi silah imkanlarının mühüm hissəsini itirib. Lakin ordunun dağıdılması təhdidin yox olması ilə nəticələnməyib. Əksinə, aydın olub ki, zəiflədilmiş İran belə xaos yarada, qlobal bazarlara təsir göstərə və dünya iqtisadiyyatının həssas nöqtələrinə lokal, amma siyasi baxımdan ağrılı zərbələr vura bilir. ABŞ prezidenti Trampla illərlə təmas təcrübəsindən sonra Tehranda, görünür, onun zəif nöqtələrini yaxşı əzbərləyiblər: neftin bahalaşması və fond bazarlarının enişi təkcə iqtisadi indikator deyil, Amerika liderinin siyasi özünü hissinə birbaşa təzyiq mexanizmidir.

Hörmüz boğazı da İranın bu assimetrik revanş qabiliyyətinin əsas sübutuna çevrilib. İran donanmasının qalıqlarına yeni zərbələr endirilməsinə baxmayaraq, boğazdan hərəkət demək olar ki, dayanıb. Tankerlərə, yük və digər kommersiya gəmilərinə hücumlar göstərdi ki, hərbi infrastruktur dağıdılsa belə, Tehran həyati marşrutu gücün miqdarı ilə yox, daimi risk istehsalı ilə iflic edə bilir.

Məhz buna görə Vaşinqtonda getdikcə daha çox kommersiya gəmilərinin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən müşayiət olunması variantı müzakirə edilir. Ancaq bu ssenari də nə sürətli, nə sadə, nə də təhlükəsiz görünür. Söhbət eskalasiya ehtimalı yüksək olan, baha başa gələn əməliyyatdan gedir. Amerika regionda daha çox gəmi cəmləməli, müdafiəni gücləndirməli, kəşfiyyat aktivliyini genişləndirməli və böyük ehtimalla boğaza təhlükə yarada bilən İran vasitələrinə yeni zərbələr endirməlidir. Hətta administrasiya daxilində də etiraf olunur ki, belə sxemin işə düşməsinə qədər həftələr keçə bilər. Belə müharibədə isə həftələr artıq taktiki fasilə deyil, yeni sarsıntılar üçün açılan pəncərədir.

Trampın şənbə günü beş dövləti bölgəyə hərbi gəmilər göndərməyə çağırması mühüm siqnal idi. O, ilk dəfə bu qədər açıq şəkildə İrana qarşı daha geniş koalisiya toplamaq niyyətini nümayiş etdirdi. Amma burada Ağ Ev açıq siyasi narahatlıqla üz-üzə qaldı. Yardım, müharibəyə qoşulmaq qərarının qəbulunda demək olar iştirak etməmiş müttəfiqlərdən istənilir. Üstəlik, Tramp hələ yaxın vaxtadək tərəfdaşların sonradan qoşulmasına ehtiyac duymadığını açıq şəkildə hiss etdirirdi. İndi isə görünür ki, xarici dəstək olmadan nə boğazı nəzarətdə saxlamaq, nə də regiondakı vəziyyəti stabilləşdirmək mümkündür.

Bu, əlavə qüvvələrin təcili şəkildə bölgəyə daşınması fonunda daha da qabarıq görünür. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper yeni resurslara ehtiyac və strategiyanı müzakirə etmək üçün Vaşinqtona gəlib. Az sonra məlum olub ki, üç gəminin göyərtəsində olan təxminən 2500 dəniz piyadası Hind-Sakit okean bölgəsindəki missiyasını yarımçıq kəsərək Yaxın Şərqə yönləndirilir. Formal olaraq onların vəzifələri açıqlanmır. Amma mümkün missiyaların siyahısı özü çox şeyi deyir: ya boğazın təhlükəsizliyinin təmin olunması, ya da daha mürəkkəb hücum xarakterli hərəkətlər, hətta Xark adasına qarşı mümkün əməliyyata qədər. Başqa sözlə, Vaşinqton müharibənin üfüqünü daraltmır, addım-addım genişləndirir.

Ancaq ABŞ hərbi mövcudluğu artırdığı halda, İran qeyri-simmetrik cavab verir və təcrübə göstərir ki, kifayət qədər ağrılı cavab verir. İranın nüvə proqramına qarşı həyata keçirilmiş kiberhücumdan sonrakı illərdə Tehran özünün güclü kiberpotensialını qurub. İndi həmin resurs işə salınıb. Zərbələr təkcə İsrailə yox, həm də Amerika hədəflərinə yönəlir. Bu mənada müharibə müasir münaqişənin tanış cizgilərini almağa başlayır: cəbhə xətti bulanıqlaşır, təmas xətti itib gedir, döyüş meydanı isə logistika, energetika, korporativ infrastruktur və mülki mühitə köçür.

Daha bir proses isə xüsusilə narahatedici görünür: müharibənin nəticələrinin tədricən artıq Amerika ərazisinə sızması. ABŞ daxilində baş verən bir sıra hücumlar və insidentlər, sübut bazası və icraçıların motivasiyası ilə bağlı qeyri-müəyyənlik qalmaqda olsa da, münaqişənin qavranılmasını dəyişir. Müharibə uzaqda olanda onu geosiyasi əməliyyat kimi təqdim etmək olur. Amma o, Amerikanın öz daxilində - universitetlərdə, dini mərkəzlərdə, şəhərlərdə, şirkətlərdə - əks-səda verməyə başlayanda, iştirakın siyasi qiyməti tamam başqa məna kəsb edir.

İsraillə yeni ziddiyyətlər

Hələ müharibədən əvvəlki günlərdə İsrail rəhbərliyində belə bir təsəvvür vardı ki, İrana endiriləcək güclü ilk zərbə, xüsusən də rejimin zirvəsini vurarsa, ölkə daxilində sürətli üsyanı alovlandıra bilər. Görünən odur ki, baş nazir Binyamin Netanyahu bu məntiqə Trampı da inandıra bilmişdi. Elə buna görə də Amerika prezidentinin iranlılara ünvanladığı ilk müraciətlərdə az qala birbaşa belə fikir səslənirdi: zərbədən sonra ölkəni indiki hakimiyyətin əlindən alın.

Əslində bu hesab ilk gündən daha çox siyasi arzuya bənzəyirdi, nəinki real ssenariyə. Keçən iki həftə göstərdi ki, gözlənilən daxili partlayış baş vermədi. Tehran küçələrində daha çox hakimiyyət tərəfdarı aksiyalar görünürdü və bunlar müharibə, milli səfərbərlik, eləcə də ABŞ zərbələrinin səhvləri, o cümlədən mülki obyektlərə ölümcül hücumlarla qidalanırdı. İndi isə görünür, Trampın özü də küçə etirazı faktorunun hadisələrin gedişini dəyişə biləcəyinə əvvəlki qədər əmin deyil.

Müsahibələrindən birində o, faktiki olaraq sərt reallığı etiraf etdi: "Bəsic" və İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı strukturlar hakimiyyətə qarşı çıxmağa cəsarət edənləri sadəcə məhv edəcəklər. Bu qeyri-iradi etiraf xüsusi əhəmiyyət daşıyır. Çünki o deməkdir ki, Vaşinqton müharibənin ilk günlərindəki əsas özünüaldatmalardan birindən tədricən ayılır. Yəni kənardan gələn zərbə avtomatik olaraq rejimin içəridən çökməsini işə salacaq fikri artıq əvvəlki kimi keçmir.

Məhz bu fonda ABŞ və İsrail yanaşmaları arasındakı fərqlər daha aydın görünməyə başlayır. Məlumatlı mənbələrin dediyinə görə, həm Tramp, həm də Amerika hərbçiləri İsrail tərəfini Tehran yaxınlığındakı iri neft anbarlarına zərbə endirməkdən çəkindirməyə çalışıblar. Səbəb də aydın idi: Vaşinqton ehtiyat edirdi ki, belə addım İranı bütün regionun enerji infrastrukturuna qarşı genişmiqyaslı cavab zərbələrinə sövq edə bilər. Amma görünən budur ki, İsrail rəhbərliyi başqa seçim etdi.

Zərbə endirildi, nəhəng yanğınlar başladı, neft qiymətləri sıçradı. Ağ Ev daxilində belə fikir gücləndi ki, Netanyahu təkcə hərbi nəticəyə yox, həm də güclü vizual-psixoloji effektə oynayırdı: Tehranın qara tüstü içində görüntüsünü rejimin zəifliyinin və dağılmasının simvolu kimi göstərmək istəyirdi. Amma effektli kadr hesabı çox real nəticələrlə geri döndü. Cavab olaraq İran Səudiyyə Ərəbistanı və BƏƏ-də enerji obyektlərinə yeni dron zərbələri endirdi, ardınca isə regionun əsas ixrac terminallarından biri olan Füceyrədə neft yüklənməsi dayandırıldı.

Burada artıq söhbət taktikadan getmir. Məsələ strateji üfüqlərin fərqidir. Tramp administrasiyası üçün qlobal enerji bazarlarının tam relsdən çıxmasının və müharibənin nəzarətsiz regional yanğına çevrilməsinin qarşısını almaq həyati əhəmiyyət daşıyır. Netanyahu üçünsə anın məntiqi başqa görünə bilər: İran zəifləyibsə, onun bütün təsir sisteminə, o cümlədən Livan istiqamətinə və "Hizbullah"a da zərbələr endirilməlidir. Livan ətrafında yeni gərginliyin qaynağı da elə budur. Vaşinqtonda belə addımlar qüvvələrin təhlükəli şəkildə səpələnməsi və əlavə eskalasiya faktoru kimi qəbul olunur. Yerusəlimdə isə buna qaçırılmamalı nadir strateji pəncərə kimi baxılır.

Formal olaraq tərəflər hələ də tam koordinasiya və sıx əməkdaşlıqdan danışırlar. Amma diplomatik formulların arxasından daha mürəkkəb reallıq boy göstərir. ABŞ və İsrail hələ də eyni hərbi düşərgədədirlər, lakin qəbul edilə bilən risk, arzu olunan nəticə və sonrakı eskalasiyanın tempi ilə bağlı baxışlar yavaş-yavaş ayrılmağa başlayır.

Bu arada Tramp Netanyahu ilə demək olar hər gün təmas saxlayır və paralel şəkildə ərəb liderləri ilə, ilk növbədə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla fəal məsləhətləşmələr aparır. Mənbələrin sözlərinə görə, Səudiyyə tərəfdən ona verilən siqnal son dərəcə sərtdir: İranı güc yolu ilə sındırmaq davam etməlidir. Mahiyyət etibarilə bu, Vaşinqtona hələ kral Abdullah dövründən yaxşı tanış olan köhnə regional formulun yeni səslənişidir: təhlükə Tehrandan gəlirsə, onu sadəcə cilovlamaq yox, kökündən kəsmək lazımdır.

Amma bütün müharibənin əsas sualı da elə burada doğulur. Nəticələr qlobal miqyas almamışkən rəqibi sona qədər əzməkdən danışmaq asandır. Neft terminalları alovlananda, gəmiçilik donanda, qiymətlər qalxanda, kiberhücumlar çoxalanda və müharibə bumeranq kimi Amerikanın özünə qayıtmağa başlayanda isə bunu etmək qat-qat çətinləşir.

Nəticə etibarilə Tramp üçün problem təkcə Hörmüz boğazını yenidən açmağın mümkün olub-olmamasında deyil. Problem ondadır ki, boğaz bu müharibənin simvoluna çevrilib. ABŞ raketləri, gəmiləri, qərargahları və bazaları məhv edə bilər. Amma o, hələlik İranın məhdud gücü qlobal böhrana çevirmək qabiliyyətinin özünü məhv edə bilmir. Deməli, sual artıq daha geniş qoyulur: məsələ boğazı necə açmaqda yox, hətta zəiflədilmiş rəqibin belə son, ən ağrılı gediş haqqını əlində saxladığı müharibədən necə çıxmaqdadır.

Trampın növbəti qərarları: Xark adası və nüvə anbarı

Münaqişənin lap əvvəlində ABŞ prezidenti Tramp deyirdi ki, onun hesablamalarına görə müharibə dörd həftədən altı həftəyədək çəkə bilər. Ağ Evdə indi də bildirirlər ki, bu proqnoz ümumən qüvvədə qalır. Bu isə o deməkdir ki, çox böyük ehtimalla döyüş əməliyyatları martın sonunda Trampın çoxdan elan olunmuş Çin səfəri zamanı da davam edəcək. Həmin səfər əvvəlcə ticarət, tariflər və Asiyada təhlükəsizlik arxitekturası ilə bağlı sammit kimi planlaşdırılmışdı.

Amma indi demək olar ki, şübhə yeri qalmır: Pekində keçiriləcək görüşün əsas mövzusu artıq ticarətin özü yox, müharibə olacaq. Təkcə ona görə yox ki, bu müharibə Yaxın Şərqdə qüvvələr balansını kökündən dəyişir. Həm də ona görə ki, o, sürətlə qlobal iqtisadi təzyiq alətinə çevrilir. Ötən il Çin sədri Si Cinpin, Pekinin strateji əhəmiyyətli nadir torpaq mineralları və maqnitlər üzərində nəzarətinə arxalanaraq, Trampı tarif qarşıdurmasında geri çəkilməyə məcbur edə bilmişdi. İndi isə mənzərə güzgü effekti ilə tərsinə çevrilir. Əgər müharibə Vaşinqtonun ssenarisi üzrə gedərsə, Trampın əlinə Çin sənayesini qidalandıran neft axınlarına təsir göstərə biləcək rıçaq keçə bilər. Həm Venesueladan gələn neftə, həm də kampaniyanın nəticəsindən asılı olaraq İrandan gələn axınlara.

Pekin üçün bu, abstrakt məsələ deyil. Çin İran neftinin ən iri alıcısı olaraq qalır və İrandan tədarüklər onun dəniz yolu ilə idxal strukturunda ciddi yer tutur. Buna görə də hazırkı müharibənin nəticəsi Çin rəhbərliyi üçün xarici böhran yox, öz enerji dayanıqlılığının bir hissəsinə çevrilib. Başqa sözlə, Pekində görüş anına qədər Trampla Si artıq sadəcə ticarət disbalanslarından danışmayacaqlar. Söhbət ondan gedəcək ki, dünya xammal arteriyalarına kim, hansı həddə və hansı vasitələrlə təsir göstərə bilir.

Amma bu söhbətdən əvvəl Trampı, bəlkə də, bütün müharibənin ən ağır iki qərarı gözləyir: Xark adasını güc yolu ilə ələ keçirmək lazımdırmı və nüvə materialları anbarına qarşı əməliyyata göstəriş verilməlidirmi. Həmin anbarda, hesab edildiyi kimi, silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın əhəmiyyətli həcmi saxlanılır.

Bu iki hədəf həm hərbi məntiq baxımından, həm də siyasi nəticələrinə görə prinsipial şəkildə fərqlənir.

Xark adası açıq, coğrafi baxımdan aydın və klassik hərbi güc prizmasından nisbətən əlçatan hədəfdir. O, Fars körfəzinin şimal ucunda yerləşir və İranın neft ixrac sistemində açar rol oynayır. Hərbi nöqteyi-nəzərdən adanın tutulması ABŞ-ın İran iqtisadiyyatının ən həssas damarlarından biri üzərində birbaşa nəzarətinin nümayişi kimi görünərdi. Amma əsas təhlükə də elə bu zahiri sadəliyin içində də gizlənir.

Adanı almaq hələ onu ağrısız şəkildə saxlamaq demək deyil. İstənilən işğalçı kontingent dərhal İnqilab Keşikçiləri Korpusunun qalıqları, sahildən zərbələr, kiçik qayıqların hücumları, boru kəmərlərində diversiyalar və dayanmayan yıpradıcı təzyiq üçün hədəfə çevriləcək. Başqa sözlə, xəritədə məhdud bir dəniz epizodu kimi görünə bilən əməliyyat, əslində tez bir zamanda həssas bir köprünün uzun müddət tutulmasına çevrilə bilər. Bu isə Trampın siyasi bazasının həmişə xəbərdarlıq etdiyi və bir daha təkrarlanmayacağına özünün də söz verdiyi hərbi iştirak modelidir.

Bununla belə, Ağ Ev üçün bu ssenarinin cazibəsi göz qabağındadır. Xarkın uğurlu ələ keçirilməsi İran iqtisadiyyatının əsas ixrac klapanı üzərində faktiki nəzarət demək olardı. Tramp üçün bu, sadəcə hərbi uğur yox, strateji boğma rıçağına çevrilərdi: İranın maliyyə sistemini təzyiq altında saxlamaq, neft gəlirlərini kəsmək və şərtləri güc mövqeyindən diktə etmək imkanı. Buna görə də Xark məsələsi təkcə taktika məsələsi deyil. Bu, Trampın uzun müharibələrə girməmək vədini maksimum təzyiq aləti əldə etmək şansı ilə dəyişib-dəyişməyəcəyinin sualıdır.

Təbiət etibarilə tamam başqa məsələ nüvə yanacağının ələ keçirilməsi ilə bağlı mümkün əməliyyatdır. Əgər Xark əraziyə nəzarət problemidirsə, nüvə anbarı artıq son hədd risk zonasıdır və burada səhvin qiyməti fəlakət ola bilər.

Mövcud məlumatlara görə, 60 faizə qədər zənginləşdirilmiş uranın əsas hissəsi İsfahanda, yerin dərin qatında yerləşən tunel sistemində saxlanılır. Söhbət hələ hazır silah olmayan, amma artıq o təhlükəli həddə çox yaxın dayanan materialdan gedir ki, oradan hərbi istifadəyə texnoloji keçid siyasi qərar və zaman məsələsinə çevrilir. Materialın özü kompaktdır, amma məhz bu onu eyni anda həm konkret, həm də son dərəcə təhlükəli hədəfə çevirir.

Məsələ bundadır ki, həmin tunellərə çatmaq son dərəcə çətindir. Ötənilki zərbələrdən sonra girişlərin bir hissəsi dağılıb, bir çox sahələr uçub tökülüb, giriş-çıxış daha da mürəkkəbləşib. Kəşfiyyat materialın çıxarılmasına dair əlamət görmədiyini deyə bilər, amma əlamətin olmaması hədəfi daha əlçatan etmir. Xüsusi əməliyyat qüvvələri üçün bu, eyni dərəcədə təhlükəli iki ssenari arasında seçim demək olardı: ya ildırımvari daxilolma və sürətli evakuasiya hesabı ilə gizli sızma, ya da böyük hərbi qruplaşmanın örtüyü altında içəri girmək və konteynerlərin ehtiyatla çıxarılması üçün günlərlə, bəlkə də həftələrlə davam edəcək əməliyyata başlamaq.

Məhz burada müharibə adi hərbi kampaniya çərçivəsindən çıxmağa başlayır. Bu materialla davranış zamanı istənilən səhv, nəticələri sırf döyüş toqquşmasının çox uzağına gedən fəsadlar doğura bilər. Konteynerlərin zədələnməsi, nəmlə təmas, saxlama şərtlərinin pozulması həm toksik, həm də radiasiya təhlükəsi yarada bilər. Üstəlik, çıxarılmış materialın yanlış yerləşdirilməsi kritik reaksiya riskini gündəmə gətirir. Başqa sözlə, bu, elə bir əməliyyatdır ki, burada xüsusi təyinatlılar eyni vaxtda hücum qrupu, mühəndis bölməsi və nüvə-texniki komanda kimi işləməlidir. Siyasi ritorikada belə missiyalar gur səslənir, amma reallıqda dövlətin planlaşdıra biləcəyi ən çətin əməliyyatlar sırasına daxildir.

Görünür, Vaşinqtonda bu məsələnin təcili xarakter daşıması başqa bir səbəblə də izah olunur. Ağ Ev ehtiyat edir ki, İnqilab Keşikçiləri Korpusu əvvəlkindən qat-qat daha çıxılmaz vəziyyətə düşdüyü üçün həmin yanacağın İran ərazisində qalmasını son strateji kozır kimi görməyə başlaya bilər. Mütləq dərhal silah yaratmaq üçün yox, daha çox şantaj, müharibəni uzatmaq və ABŞ-ı ehtiyatlı davranmağa məcbur etmək aləti kimi. Belə olan halda nüvə materialı artıq təkcə texnoloji aktiv yox, bütün kampaniyanın siyasi girovuna çevrilir.

Elə buna görə də Trampın qarşısındakı seçim bu qədər ağrılı görünür. Xarkın ələ keçirilməsi strateji nəzarət vəd edir, amma işğal məntiqinə sürüklənmək təhlükəsi daşıyır. Nüvə anbarına zərbə və ya onun tutulması əsas təhlükələrdən birinin aradan qaldırılması kimi görünür, amma bu, demək olar ki, həddən artıq mürəkkəb əməliyyat riski ilə müşayiət olunur. Bir variant uzanan hərbi mövcudluğa aparır. O biri isə stavkaların ani sıçrayışına, elə bir mərhələyə ki, burada istənilən yanlış hesab sadəcə uğursuzluqla yox, fəlakətlə nəticələnə bilər.

Tramp deyəndə ki, qərar hələ verilməyib və Ağ Ev ona “heç yaxın da düşməyib”, bu, diplomatik pauzadan daha çox çıxılmazlığın miqyasına dolayı etiraf kimi səslənir. İlk günlərdə İranı məcburetmə üzrə sürətli əməliyyat kimi təqdim edilməyə çalışılan müharibə getdikcə elə bir münaqişəyə çevrilir ki, burada hər növbəti addım əvvəlkindən daha təhlükəlidir. Vaşinqton yekun seçimi nə qədər yubadırsa, bir həqiqət də bir o qədər qabarır: bu müharibənin həqiqi sonuna, bəlkə də, hələ çox var.(BakuNetwork)

 

Seçilən
35
senzor.az

1Mənbələr