Qlobal hərbi-siyasi arenada ABŞ və İran arasındakı gərginlik Donald Trampın sərt ritorikası və müttəfiqlərin tərəddüdləri ilə yeni bir qeyri-müəyyənlik mərhələsinə qədəm qoyub. Ağ Evin müharibənin gedişatına dair verdiyi bəyanatlar və regional oyunçuların buna reaksiyası dünya düzəninin gələcəyini sual altına qoyur. Xüsusilə ABŞ-ın maliyyə itkilərini “əhəmiyyətsiz” hesab etməsi və Avropanın hərbi dəstəkdən imtinası qarşıdurmanın həm hərbi, həm də iqtisadi miqyasını yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Hüseynov NOCOMMENT.az -a açıqlamasında qeyd edib ki, Donald Trampın tələblərinin həm İran, həm də bəzi müttəfiqləri tərəfindən qəbul edilməməsi Vaşinqtonun güclü əl siyasətinin ciddi bir sınaqla üz-üzə qaldığını göstərir:
“İranın hazırda heç bir razılığa gəlməməsi Tehranın strateji bir gözləmə mövqeyi tutmasından xəbər verir. Onlar hesab edirlər ki, vaxt keçdikcə artan neft qiymətləri və daxili siyasi təzyiqlər Trampı daha yumşaq şərtlərlə masaya oturmağa məcbur edəcək. Lakin Trampın ‘münaqişə tezliklə həll olunacaq’ mesajı, əslində İrana qarşı daha sarsıdıcı, bəlkə də hələ açıqlanmayan hərbi sürprizlərin hazırlığından xəbər verir. Bu, diplomatik dildə ‘ya razılaşacaqsınız, ya da məhv olacaqsınız’ deməkdir”.
ABŞ üçün müharibənin maliyyə təsiri barədə şərhçi qeyd edib ki, Trampın müharibənin maliyyə təsirini ‘əhəmiyyətsiz’ adlandırması həm reallığı, həm də siyasi piarı özündə birləşdirir:
“Həqiqətən də, ABŞ hazırda enerji baxımından böyük ölçüdə özünü təmin edən bir dövlətə çevrilib və Yaxın Şərq neftindən asılılığı minimumdur. Lakin bu, o demək deyil ki, qlobal bazarlardakı qiymət artımı Amerika istehlakçısına təsir etmir. Əslində, Vaşinqton bu müharibəni bir növ ‘investisiya’ kimi görür; İranın regional təsirini sıfırlamaq və enerji yollarına tam nəzarəti ələ keçirmək üçün bir neçə milyard dollar itirmək onlar üçün strateji qazanc fonunda kiçik rəqəmdir. Amma uzunmüddətli perspektivdə bu ‘əhəmiyyətsiz’ xərclər Amerika iqtisadiyyatında inflyasiya təzyiqini artıra bilər”.
Avropa İttifaqının mövqeyinə toxunan Azər Hüseynov vurğulayıb ki, Avropa İttifaqının və xüsusilə Fransanın hərbi gəmi göndərməkdən imtina etməsi Qərb düşərgəsindəki ciddi çatları nümayiş etdirir:
“Avropa bu müharibənin bir parçası olmaq istəmir, çünki onlar üçün həm qaçqın axını, həm də enerji böhranı riski ABŞ-dan qat-qat yüksəkdir. Avropanın diplomatiya çağırışları əslində onların hərbi baxımdan bu cür genişmiqyaslı toqquşmaya hazır olmadıqlarını gizlətmək cəhdidir. Trampın NATO müttəfiqlərinə yönəlik sərt xəbərdarlıqları da göstərir ki, Vaşinqton artıq Avropanın pulsuz təhlükəsizlik çətiri altında gizlənməsini qəbul etmək niyyətində deyil”.
Siyasi şərhçi sonda müharibənin sonu ilə bağlı maraqlı bir proqnoz verib:
“Bu müharibədə klassik mənada bir qalib tərəf olmaya bilər. Əgər İran daxildən sarsılmasa və müqavimətini davam etdirsə, bu, illərlə davam edən üzücü bir qarşıdurmaya çevriləcək. Lakin Trampın qətiyyəti göstərir ki, o, qalib gəlmədən bu işdən əl çəkmək fikrində deyil. Müharibənin taleyi yaxın həftələrdə ABŞ-ın atacağı o məxfi qərarlardan asılı olacaq. Əgər Tehran masaya gəlməsə, biz Yaxın Şərqin tamamilə yeni, bəlkə də daha dağınıq bir xəritəsini görə bilərik. Azərbaycan üçün isə bu, sərhədlərimizdəki gərginliyi maksimum dərəcədə izləməyi və milli maraqlarımızı qorumaq üçün çevik manevrlər etməyi tələb edən bir dövrdür”.
Tunar
NOCOMMENT.az