AZ

“Hər bir bitkinin yetişdirilməsində şagirdlərin böyük əməyi var” Paytaxtın “yaşıl məktəb”indən REPORTAJ

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Bakının Suraxanı rayonunda yerləşən 279 nömrəli tam orta məktəb paytaxtın “yaşıl məktəb”i kimi tanınır. Məktəbin dəhlizləri və sinif otaqları müxtəlif dibçək gülləri ilə zəngindir. Bu güllər təkcə dekorasiya üçün deyil, həm də şagirdlərə təbiəti, bitkiləri və əməyi sevdirməkdən ötrüdür. Məktəblilər gülləri əkir, becərir və onlara qulluq edirlər. Həmçinin şagirdlər biologiya dərslərində həmin bitkilərin quruluşunu və xüsusiyyətlərini öyrənir, bununla da biliklərini möhkəmləndirirlər.

AZƏRTAC-ın əməkdaşları 279 nömrəli tam orta məktəbə gedib, “yaşıl məktəb”də görülən işlərlə daha yaxından tanış olublar.

Məktəbdə ekoloji tərbiyə

Əvvəlcə məktəbin direktoru Südabə Abdullayeva ilə söhbət etdik. O, ekoloji tərbiyənin məktəbdə xüsusi önəm verilən istiqamətlərdən biri olduğunu bildirdi və qeyd etdi ki, məktəbdə güllər əsasən şagirdlərin təşəbbüsü ilə artırılır: “Biz gülləri hazır şəkildə alıb gətirmirik. Əgər bir bitkidən biri varsa, məktəblilər biologiya müəllimi ilə birlikdə onun artırılma yollarını araşdırır və çoxaldırlar. Bitkilərə qulluq şagirdlərdə qayğıkeşlik, məsuliyyət və humanistlik kimi keyfiyyətlərin formalaşmasına kömək edir. Məktəbdə hazırda təxminən 50 növ dibçək bitkisi var. Bundan əlavə, məktəbin təxminən 100 kvadratmetr sahəsi olan həyət bağçası da mövcuddur. Yaz aylarında burada müxtəlif güllər əkilir, maydan etibarən isə açıq havada güllər haqqında dərslər keçirilir”.

Direktor dedi ki, bitkilər şagirdlərin sağlamlığına və psixoloji vəziyyətinə də müsbət təsir göstərir: “Siniflərdə əsasən tənəffüs yollarına və beynin fəaliyyətinə müsbət təsir edən güllər yerləşdiririk. Şagirdlər daim yaşıllıq içində olduqları üçün daha rahat və sağlam mühitdə təhsil alırlar. Qeyd etməliyəm ki, bu təşəbbüs məktəbdə artıq 10 ilə yaxındır ki, davam edir. Layihənin əsası əvvəlki direktor tərəfindən qoyulub, mən isə bu təşəbbüsü davam etdirirəm. Bu təhsil ocağına paytaxtın “yaşıl məktəb”i statusu verilib”

Şagirdlərin bitkilərə bağlılığı və gələcəyə inam

Məktəbin kimya-biologiya müəllimi, şagirdlərə təbiəti və bitkiləri sevməyi aşılayan Aytən Cəbiyeva söylədi ki, dərslərdə bitkilərin quruluşu və funksiyaları izah edilərkən sinifdəki nümunələrdən istifadə olunur: “Təbiətə sevgi təkcə biologiya dərsləri ilə məhdudlaşmır. Riyaziyyat dərslərində şagirdlər budaq və yarpaqların ölçülərini ölçür, təsviri incəsənət dərslərində isə güllərin rəsmini çəkirlər. Bu isə məktəblilərdə bitkilərə qarşı emosional bağlılıq yaradır. Biologiya dərslərində şagirdlər bitkilərin xüsusiyyətlərinə uyğun qulluq etməyi də öyrənirlər. Məsələn, yarpaqları tünd rəngli olan bitkilərin kölgəyə davamlı olduğu, şirəli yarpaqlıların isə suyu özündə topladığı və çox sulanmamalı olduğu izah edilir. Zərif və açıq rəngli yarpaqları olan bitkilərin isə daha çox rütubətə ehtiyac duyduğu şagirdlərə öyrədilir. Hər bir bitkinin yetişdirilməsində şagirdlərimizin kiçik əllərinin böyük əməyi var. Bu da bizi sevindirir ki, gələcəyimiz sağlam əllərdədir”.

Aytən Cəbiyeva bildirdi ki, yetişdirilən güllərin torpağı da məktəbin həyətindən əldə olunur:“Məktəbin arxa bağçasında qış boyu ağaclardan tökülən yarpaqların çürüməsi nəticəsində torpaq əmələ gəlir. Biz həmin torpaqdan istifadə edərək həm təbiəti təmiz saxlayır, həm də bitkiləri yetişdiririk”.

Balaca bitkisevərlərin “böyük təcrübəsi”

Məktəbin 5C sinfinin şagirdi Yağmur Quliyeva bizi Hibiskus bitkisinin əkilmə prosesi ilə tanış etdi. O diqqətə çatdırdı ki, bu bitki sinif və dəhlizlərdə havanı oksigenlə zənginləşdirir və tozları özünə çəkərək ətraf mühiti təmiz saxlayır: “Onun iri və parlaq rəngli çiçəkləri məktəbimizə gözəllik verir və əhvali-ruhiyyəmizi yüksəldir. Çoxaldılmasının ən sadə üsulu sağlam bir budaqdan təxminən 10-15 santimetr uzunluğunda bir parçanın kəsilməsi ilə başlayır. Həmin budağı bir stəkan suya qoyub kök atmasını gözləmək və ya birbaşa dibçək torpağına əkmək olar. Torpağı nəmli saxladıqda, bir neçə həftəyə yeni köklər verəcək və yeni Hibiskus bitkimiz olacaq”.

Nuray Qənbərova və Zəhra Xəlilova isə “Ana ürəyi” (Beqoniya) bitkisinin əhəmiyyəti və əkilməsi prosesi haqqında məlumat verdilər. Onlar söylədilər ki, bitkinin yarpaqları ürək formasına bənzədiyi üçün belə adlandırılır: “Bitki havaya xüsusi maddələr yayaraq göbələk sporlarını və zərərli mikrobların sayını azaldır. Bundan əlavə, sinif otağında olan elektron cihazların yaydığı şüalanmanın təsirini də müəyyən qədər azaltmağa kömək edir”.

Müxbir - Günel Qəribova

Fotoqraf - İlqar Cəfərov

Videooperator - İlham Nadirov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
azertag.az

2Mənbələr