Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Robert Koçaryan Ermənistan müxalifətinin qarşıdan gələn parlament seçkisində baş nazirliyə vahid namizədi elan edilib. Bu, Rusiyanın Cənubi Qafqaz regionunda öz laxlamış nüfuzunu yenidən bərpa etmək yolunda növbəti həmləsi sayıla bilər…
Məlum səbəblərdən Rusiyanın bizim regiona, hətta hər zaman onun forpostu rolunda çıxış etmiş Ermnənistana belə təsir rıçaqları kifayət qədər zəifləyib. Odur ki, Rusiya separatizm, təxribat, işğal, çevriliş, bir sözlə, “fitnə-fəsad”dan başqa heç nə təklif edə bilmədiyi regionumuzda Koçaryan kimi uzun illər zəncirdə saxladığı “siyasi meyidi” dirildib xidmətindən istifadə etməyə çalışır. Onun erməni müxalifətinin əsas namizədi elan edilməsi də bunun göstəricisidir…
Hələ ötən ilin əvvəllərində Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun əsas vəzifəsinə paralel olaraq, Kremlin Ermənistan üzrə yeni kuratoru təyin edildiyi məlum olmuşdu. Kiriyenkonun bu təyinatı həmin vaxt rusiyayönlü Ermənistan mediasında, xüsusən də müxalifət qəzetlərində geniş işıqlandırılmış, sevinclə qarşılanmış, müzakirələrə səbəb olmuşdu. Ondan öncə bu istiqamətə Ukraynaya qarşı işğalçılıq müharibəsinə qarşı çıxan Dmitri Kozak başçılıq edirdi…

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra separatçı "dnr" və "lnr"-in baş kuratoru və işğal edilmiş ərazilərin ilhaqı ilə bağlı referendumlar keçirən də məhz Kiriyenko olub.
Yeni vəzifəsində Kiriyenkonun ilk işlərindən biri o oldu ki, Moskvada “Putinin dostu” Robert Koçaryanla görüşdü. Heç bir şübhə yoxdur ki, hələ o vaxt, həmin görüşdən sonra erməni müxalifətinin bu ilin iyununda keçiriləcək seçkidə baş nazirliyə əsas namizədi Koçaryanın timsalında müəyyən edilmişdi…
Son bir neçə ildə Rusiyanın Ermənistanda hökuməti dəyişdirmək və öz tərəfdarlarını hakimiyyətə qaytarmaq üçün çoxsaylı cəhdləri uğursuz olub. Bunun üçün Erməni Apoostol Kilsəsindən tutmuş Rusiyadakı erməni milyarderlərə qədər bütün “alətlərdən” istifadə edilib. İndi bütün bu “alətlər” Koçaryanın ixtiyarına verilir və onun ətrafında birləşdirilir.
Hələlik Paşinyanı nə hərbi çevriliş cəhdi, nə küçə etirazları və iğtişaşlar, nə də seçki prosesləri ilə devirmək mümkün olmayıb. Bütün bu planların uğursuzluğu rusiyapərəst qüvvələrin sürətlə marginallaşması ilə müşayiət olunub və bu gün Koçaryan-Sarqsyan klanının Ermənistanda böyük elektorata və tam qələbə qazanmaq şansına malik olduğunu söyləmək qətiyyən doğru olmaz.

Buna baxmayaraq, Paşinyanın özünün və onun partiyasının reytinqləri də ürəkaçan deyil. Buna baxmayaraq, hakim Vətəndaş Müqaviləsi Partiyası Ermənistanda aparıcı siyasi qüvvə olaraq qalır. Lakin Ermənistandakı Rusiya hərbi bazasını, sərhədlərin hələ də ruslar tərəfindən qorunmasını, ölkədə rusiyameylli qüvvələrin siyasi səhnədə və parlamentdə təmsil olunmasını, Rusiyanın burada tək siyasi deyil, həm də silahlı təxribatlar, diversiyalar törətmək imkanlarının qaldığını, nəhayət, Putinin ölkədəki ən yaxın adamının - Koçaryanın vahid namizəd kimi irəli sürülməsinin mümkün fəsadlarını nəzərə almamaq düzgün olmaz.
Son rəy sorğuları göstərir ki, Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın təkbaşına hökumət qurmasına imkan verəcək qələbə şübhə altındadır. Əgər onun partiyası parlamentdəki yerlərin 50 faizindən azını alsa, Paşinyan koalisiya sazişi bağlamağa məcbur olacaq. Ola bilsin ki, ermənilərin böyük kəsiminin Koçaryana nifrətindən çıxış edən Kreml də onun tam qələbəsinə inanmadığı üçün məhz koalisiya ssenarisinə hazırlaşır. Bu halda rusiyapərəst qüvvələr tam şəkildə hakimiyyətə qayıda bilməsə belə, məqsəd onların ölkənin idarə olunmasında heç olmasa qismən iştirakına nail olmaqdır.

Beləliklə, mümkün ssenarilərdən biri Paşinyanı rusiyapərəst qüvvələrlə koalisiya yaratmağa məcbur etməkdir. Lakin hazırkı Baş nazirin buna gedəcəyi olduqca şübhəlidir. Paşinyan artıq dəfələrlə bu qüvvələri ölkə adı çəkmədən, amma Rusiyanı nəzərdə tutaraq xarici dövlətlərin agentləri adlandırıb. İndi onlarla koalisiyaya getsə, deməli agentlərlə əməkdaşlıq etmiş olacaq…
Koçaryan hələ ötən ilin fevralın ortalarından, yəni, Kiriyenko ilə görüşdən az sonra fəallaşmağa başlayıb. Həmin vaxt Moskvadan qayıdandan sonra özünə sadiq media orqanlarının iştirakı ilə böyük mətbuat konfransı keçirən bu hərbi cani Kremlin ritorikası ilə tamamilə üst-üstə düşən tezisləri səsləndirmişdi.O, həmin çıxışında faktiki olaraq Ermənistanı yenidən Moskvanın vassalına çevirməyə, Qərbyönümlü kursdan imtina etməyə və Qarabağ münaqişəsini canlandırmağa çağırdı.

Onun dedikləri Putin, Lavrov, Zaxarovanın rəsmi açıqlamalarını olduğu kimi təkrarladı və Azərbaycana münasibətdə daha da irəli gedərək, Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışdı. O, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağın İrəvanın "ciddi səhvi" olduğunu, Rusiyanın guya Ermənistanın ona "xəyanət etdiyi" üçün Azərbaycanla müharibədə “hərəkətsiz qalmağa məcbur olduğunu”, Qərbin zəiflədiyini, Rusiyanın isə "gücləndiyini" iddia edərək, Ermənistanın Avropaya inteqrasiyadan imtina etməli olduğunu dedi.
Bu ilin yanvarında isə Koçaryan Zəngəzur dəhlizini - Tramp Marşrutu İnvestisiya Layihəsini (TRIPP) tənqid edərək, ABŞ administrasiyasının təşəbbüsünə açıq müxalif mövqe tutdu. O, bu layihəni "Ermənistanın təhlükəsizliyinə ciddi təhdid" adlandıraraq, ABŞ-nin guya TRIPP-dən yalnız İran sərhədini nəzarətdə saxlamaq üçün istifadə etdiyini və İsrailin də bunda maraqlı olduğunu bildirdi. Bir sözlə, öz hakimiyyəti dövründə Ermənistanı siyasi və iqtisadi dalana, Kremlin vassalına çevirmiş bu məxluq Zəngəzur dəhlizinə qarşı çıxaraq, Kremlin və İrandakı rejimin ağzı ilə danışdı. Ondan zatən başqa bir şey də gözləməyə dəymirdi…
Heç kimə sirr deyil ki, Putin Rusiyası Ermənistanı öz “İttifaq dövləti”nin Belarus kimi bir elementi, Koçaryanı isə Lukaşenkonun erməni variantı olaraq görür.
O da sirr deyil ki, Koçaryanı “diriltmək” cəhdi həm də Kremlin Azərbaycana qarşı düşmənçilik siyasətinin daha bir təzahürüdür. Bu məxluqun açıq “anti-Azərbaycan” və regionu qarışdırmaq layihəsi olduğu heç kimdə şübhə doğurmur…
Təəssüf ki, erməni cəmiyyətində başı daşa dəysə də, ağlı başına gəlməyənlər hələ də var və çoxdur. Bunlar əsasən İkinci Qarabağ müharibəsində nə özü, nə də yaxın qohum- əqrəbası, övladları iştirak etməmiş, yaralanmamış, ölməmiş ermənilərdir. Bir də Azərbaycana, Türklərə qarşı nifrət iliyinə qədər işləmiş qatı millətçi, faşist təfəkkürlü başıpozuqlar var. Koçaryan kimilərin elektoratı da bunlardır. Ancaq Azərbaycan belə “qaynar başları” necə soyutmağın yolunu çox gözəl bilir. Koçaryanın layiqli yeri Baş nazir postu yox, Bakı türməsində yatan separatçı quldurların yanıdır.
Odur ki, ağlı başında olan ermənilər yəqin başa düşür ki, Koçaryan və onun başının quldur dəstəsinin hakimiyyətyə qaytarılması Ermənistanın dövlət kimi mövcudluğunun sonu ola bilər…
E.Qüdrətoğlu
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.