AZ

Bakıda 200 min yeni mənzil -

Bakı şəhərində 2040-cı ilə qədər 200 min mənzilin inşası planlaşdırılır. Bu barədə Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda məlumat verilib. Bəs bu binalar Bakının hansı ərazilərində inşa oluna bilər?Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, əslində, elan olunan 200 minlik göstərici çox aşağıdır, faktiki ehtiyac bundan xeyli çoxdur: “Nəzərə alsaq ki, artıq 2026-cı ildir və 2040-cı ilə qədər 14 il vaxt qalır, bu müddət kifayət qədər uzun görünür. Lakin düşünürəm ki, proses bu qədər uzanmamalıdır. Əksinə, yaxın 6-7 il ərzində istismar müddəti bitmiş binalarla bağlı ciddi və sürətli iş aparılmalıdır. Bu məsələdə konkret ərazilərdən daha çox, fərdi yanaşma vacibdir. Söhbət təkcə Bakıdan getmir, Sumqayıt, Xırdalan, Gəncə və ümumilikdə Azərbaycanın bütün regionlarında istismar müddəti bitmiş binalar kompleks şəkildə təhlil olunmalıdır. Daha qəzalı vəziyyətdə olan binalar prioritet olaraq önə çəkilməlidir. Eyni zamanda, bu binaların sökülməsi ilə bağlı qanunvericilik bazası təkmilləşdirilməlidir. Mövcud qanunvericiliklə proses davam edərsə, vətəndaşlarla tikinti şirkətləri arasında ciddi mübahisələrin yaranması qaçılmaz olacaq. Çünki dövlətin bu qədər böyük həcmdə söküntü işlərini həyata keçirmək üçün resursları məhduddur. Bu səbəbdən prosesin ən azı 90 faizinin özəl tikinti şirkətləri tərəfindən icra olunacağı gözlənilir. Lakin ölkədə belə iri həcmli işləri görəcək şirkətlərin sayı azdır və onların resursları da məhduddur. Bu isə məsələyə daha düzgün və planlı yanaşmanı zəruri edir”.E.Azadovun sözlərinə görə, Bakı şəhərinin baş planına əsasən, paytaxt daxilində təxminən 16 min istismar müddəti bitmiş bina mövcuddur. Şəhər ətrafı ərazilər də nəzərə alındıqda bu rəqəm 20 minə yaxınlaşır. Bu binalardan 1100-ü tam və ya qismən qəzalı kimi qeydiyyata alınıb. Onların içərisində təxminən 190 bina isə artıq ciddi qəzalıdır və yaşamaq üçün təhlükəlidir: “Orta hesabla hər belə binada 50-60 mənzil olduğunu nəzərə alsaq, ümumilikdə təxminən 1 milyona yaxın yeni mənzilə ehtiyac yaranır. Bu isə o deməkdir ki, 200 min mənzil planı ümumi ehtiyacın çox kiçik bir hissəsini əhatə edir. Əvvəllər Nazirlər Kabinetinin 86 saylı qərarı çərçivəsində pilot layihələr həyata keçirilirdi. Bu qərarın müsbət tərəfi ondan ibarət idi ki, Bakıda yüzlərlə yeni bina tikildi, şəhərin görünüşü dəyişdi və bir çox qəzalı bina aradan qaldırıldı. Lakin 2019-cu ildə həmin qərar ləğv edildi, baxmayaraq ki, praktikada effektiv nəticələr vermişdi. Digər tərəfdən, Nazirlər Kabinetinin 83 saylı qərarı ilə birinci mikrorayonun sökülməsi nəzərdə tutulsa da, 2017-ci ildən bu yana artıq 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu proses hələ də tam reallaşdırılmayıb. Təcrübə göstərir ki, bu sahədə indiyədək təxminən 40–50 tikinti şirkəti iştirak edib və ümumilikdə 100-ə yaxın yaşayış kompleksi inşa olunub. Lakin nəzərə alsaq ki, təkcə Bakıda 16 minə yaxın istismar müddəti bitmiş bina var, mövcud şirkət sayı bu yükü qarşılamaq üçün kifayət etmir. Bu isə o deməkdir ki, proses uzandıqca qəzalı binaların sayı daha da artacaq və qısa müddət ərzində yaşayış üçün təhlükəli binaların sayı dəfələrlə çoxalacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
10
metbuat.az

1Mənbələr