AZ

WUF13 Mərkəzi Asiya və Xəzər regionu üçün mühüm perspektivlər vəd edir - MÜSAHİBƏ

Bakı, 17 mart, AZƏRTAC

Mərkəzi Asiya Universitetinin Dövlət Siyasəti və İdarəetmə İnstitutunun aparıcı elmi işçisi, şəhərsalma üzrə ekspert, eləcə də Çexiyanın İqtisadi Tədqiqat və Magistr Təhsili üzrə Mərkəzi – İqtisadiyyat İnstitutu Fondunun tədqiqatçısı Madina Junussova mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti, tədbirdən gözləntilər, eləcə də Azərbaycanın foruma ev sahibliyinin prioritetləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bakının WUF13-ə ev sahibliyi etməsi Mərkəzi Asiya və daha geniş Xəzər regionu üçün nə vəd edir?

- Ümumdünya Şəhərsalma Forumu şəhərlərin və yaşayış məntəqələrinin gələcəyi ilə bağlı müzakirələrin aparılması baxımından ən vacib qlobal platformalardan biri hesab olunur. Forumu xüsusilə əhəmiyyətli edən həmçinin odur ki, o, iri paytaxtların və qlobal şəhər mərkəzlərinin rolunu daha da artırır. Bu tədbir həmçinin yüksək səviyyəli beynəlxalq müzakirələrdə tez-tez nəzərə alınmayan yerli özünüidarəetmə orqanlarının, ikinci dərəcəli şəhərlərin, şəhərətrafı ərazilərin və həssas ərazilərin qlobal əhəmiyyətini vurğulamaq baxımından əhəmiyyətlidir. Bu mənada Ümumdünya Şəhərsalma Forumu ucqar və daha az tanınmış şəhərləri ilə bağlı reallıqların beynəlxalq inkişaf gündəliyinin mövzuları sırasına daxil ola biləcəyi azsaylı qlobal arenalardan biridir. Bakının WUF13-ə ev sahibliyi etməsi Mərkəzi Asiya və daha geniş Xəzər regionu üçün mühüm perspektivlər vəd edir. Bu, Mərkəzi Asiyanın milli və yerli özünüidarəetmə qurumlarının şəhər dayanıqlığının gücləndirilməsinə və iqlim dəyişmələrinə uyğunlaşmaya daha çox diqqət yetirməsi ehtimalını artırır, o cümlədən Xəzər dənizi hövzəsində sahil və sahilyanı şəhər ərazilərinin həssaslığını aradan qaldırmaq və şəhər irsinin və tarixi şəhər quruluşunun qorunması ilə sürətli yeni inkişafın tarazlaşdırılması zərurətini vurğulayır. WUF13-ün Bakıda keçirilməsi həmçinin Azərbaycanı Mərkəzi Asiya regionu ilə yenidən əlaqələndirməyə, Xəzər regionunda dialoqu gücləndirməyə və bu geniş coğrafiyada dayanıqlı şəhərsalmanın gələcəyinin yalnız milli strategiyadan deyil, həm də şəhər və qəsəbələrin özlərinin dayanıqlığından, kimliyindən və uyğunlaşma qabiliyyətindən asılı olduğu fikrini möhkəmləndirməyə kömək edə bilər.

- “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” - Bakıda keçiriləcək forum məhz bu mövzuya həsr olunub. Sizcə, WUF13 qarşıya qoyulan məqsədə nə qədər nail ola biləcək?

- Biz dayanıqlılığın yalnız böyük şəhər mərkəzləri ilə bağlı əlaqəli olmadığını göstərmək istəyirik. Bu, həm də daha kiçik, diqqətdən kənarda qalmış şəhərlər, o cümlədən dağlıq və həssas yaşayış məntəqələri ilə bağlıdır ki, burada yerli özünüidarəetmə qurumlarının potensialı daha təhlükəsiz icmalar və daha dayanıqlı evlərin yaradılması baxımından vacibdir. Bu mənada, WUF13, təhlükəsiz, dayanıqlı icmalara və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini diqqət mərkəzində saxlayacaq. Bu Mərkəzi Asiyadan olan yerli təcrübəni daha geniş qlobal şəhər gündəliyi ilə əlaqələndirmək baxımından mühüm bir platformadır.

Digər bir gözlənti isə yerli özünüidarəetmə orqanları və yerli qurumlar üçün potensialın artırılmasına daha çox investisiya qoyuluşuna ehtiyac duyulduğuna donorların və tərəfdaşların diqqətini cəlb etməkdir. Yerli qurumların yalnız infrastruktur maliyyəsinə deyil, həm də bilik, bacarıq və institusional dəstəyə ehtiyacı olduğunu göstərmək istəyirik ki, onlar daha səmərəli fəaliyyət göstərsinlər və şəhərləri bütün sakinlər üçün daha dayanıqlı və təhlükəsiz hala gətirməyə kömək etsinlər. Eyni zamanda, biz WUF13-dən şəhər dayanıqlığı təcrübəsində daha da inkişaf etmiş digər ölkələrdən olan həmkarlarımızla əlaqələr yaratmaq, bilik mübadiləsi aparmaq və potensial olaraq birgə maliyyələşdirmə və birgə layihələr həyata keçirmək üçün üçün uzunmüddətli tərəfdaşlıqlar qurmaq niyyətindəyik.

- Azərbaycan beynəlxalq səviyyədə şəhərsalma sahəsində nüfuzunu gücləndirmək üçün bu fürsətdən necə istifadə edə bilər?

- Bunun ən səmərəli yollarından biri Forumdan yalnız təqdimat üçün deyil, həm də şəhər səviyyəsində konkret koalisiyanın qurulması üçün istifadə etmək olardı. Şəhərin maraqlı tərəflərinin iqtisadi dayanıqlıq, iqlimə dəyişmələrinə uyğunlaşma və yaşamaq üçün daha rahat şəhərlərlə bağlı necə birgə əməkdaşlıq edə biləcəyini nümayiş etdirmək üçün bələdiyyələri, universitetləri, əsas sənaye sahələrini, vətəndaş cəmiyyətini və biznes liderlərini bir araya gətirmək mümkündür.

Azərbaycan və xüsusilə də Bakı WUF13-dən istifadə edərək şəhərsalmanın heç də modernləşmə olmadığını nümayiş etdirə bilər. Bununla da ölkənin tarixi şəhər quruluşunun, mədəni irsin və yeni inkişafın düşünülmüş şəkildə balanslaşdırıldığı bir yer kimi təqdim olunması mümkündür.

Bu tədbir həmçinin ölkənin regional liderlik imkanlarını da nümayiş etdirir. Azərbaycan WUF13-dən istifadə edərək ortaq tarixi irsə malik olduğu Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı möhkəmləndirə bilər. Bu dinamika Forumdan kənarda da davam edərsə, Bakı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü və potensial olaraq şəhər dayanıqlığı üzrə uzunmüddətli regional bilik şəbəkəsinə çevrilər bilər. Bu mənada, Azərbaycan üçün ən böyük nailiyyət sadəcə beynəlxalq bir tədbirə ev sahibliyi etmək deyil, həm də WUF13-ü daha geniş İpək Yolu regionunda əməkdaşlıq, öyrənmə və şəhər transformasiyası üçün davamlı platformaya çevirmək olardı.

Seçilən
12
1
azertag.az

2Mənbələr