Ölkədə mənzil bazarında qiymətlər sürətlə yüksəlir.
Artıq bu artım kirayə məzil bazarında da özünü açıq şəkildə göstərir. Belə ki, paytaxtın kirayə mənzil sektorunda ilin əvvəlindən etibarən qiymətlər yüksəlişə keçib. Üstəlik, həm yeni yaşayış komplekslərində, həm də köhnə tikililərdə kirayə verilən mənzillərin qiyməti kifayət qədər bahadır.
Maraqlıdır, kirayə mənzil bazarında qiymət artımına səbəb nədir?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, 2021-ci ildən etibarən ölkədə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur:
“Bu sahədə ən yüksək bahalaşma isə Bakı şəhərində qeydə alınır. Bununla yanaşı, Sumqayıt və Xırdalan şəhərlərində də oxşar artım tendensiyası müşahidə edilir. Digər regionlarda isə bu proses daha zəifdir. Qiymət artımı həm satış, həm də kirayə bazarında özünü göstərir. Sözügedən bahalaşmanın əsas səbəblərindən biri 2021-ci ildə genişmiqyaslı tikinti işləri fonunda inşaat materiallarının kəskin bahalaşmasıdır. Tikinti xərclərinin artması şirkətlər arasında rəqabətə təsir edib, bu isə mənzil qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb”.

Ekspert qeyd edib ki, qiymət artımı vətəndaşların daşınmaz əmlaka investisiya marağını da artırıb:
“Bu da öz növbəsində kirayə mənzil bazarında əlavə təzyiq yaradaraq qiymətlərin daha da yüksəlməsinə səbəb olub. Hazırda bazarda ciddi mənzil çatışmazlığı hiss olunur. Eyni zamanda, köhnə yaşayış binalarının kütləvi şəkildə sökülməsi də ucuz mənzil təklifini azaldır. Beləliklə, kirayə verilən evlərin də qiymətləri bahalaşır. Nəzərə almaq lazımdır ki, son 5 ildə tikinti həcmi də azalıb. Üstəlik, əhalinin regionlardan Bakıya axınının artması tələbatı bir qədər də yüksəldir. Yəni təklifin məhdud olması fonunda kirayə mənzil bazarında qiymətlərin artımı davam edir”.
Günel Cəlilova