AZ

Paşinyanın istefasını tələb etmişdi – geri çəkildi

Ermənistanda bir müddət əvvəl baş nazir Nikol Paşinyanın istefasını tələb edən keçmiş mer bu dəfə jurnalistlərin suallarından yayınıb.

Musavat.com xəbər verir ki, Ermənistanın Eçmiədzin şəhərinin keçmiş meri Diana Qasparyan jurnalistlərin suallarını cavablandırmaqdan yenidən imtina edib.

Qasparyan hələ Yeni il öncəsi bayramlardan sonra barəsində açılmış cinayət işi ilə bağlı ətraflı açıqlama verəcəyini və məsələni şərh edəcəyini deyib. Lakin indiyədək vəd edilən mətbuat konfransı keçirilməyib.

Bu gün yerli media ondan əvvəlki bəyanatının – “dövlətin maraqları naminə Nikol Paşinyanın istefa verməli olduğu” fikrinin qüvvədə qalıb-qalmadığını soruşub.

Qasparyan isə yalnız qısa cavabla kifayətlənib:

“Biz cinayət işi üzrə məhkəmə iclasına gəlmişik”.

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Komitəsi “Vətəndaş müqaviləsi” partiyasından olan keçmiş mer və onun ailə üzvlərini Eçmiədzin torpaqlarının satışı zamanı çirkli pulların yuyulmasında ittiham edir.

Cinayət işi iki maddə – pul yuma və vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə aparılır. İstintaqın qənaətinə görə, Qasparyanın ailə üzvləri onun qanunsuz fəaliyyətinə kömək ediblər. İddialara əsasən, o, Eçmiədzinə rəhbərlik etdiyi yeddi il ərzində şəhər torpaqlarının ailə üzvlərinə satılması sxemini təşkil edib. Məsələn, 2022-ci ildə torpaq sahələrindən biri formal olaraq qayınatasının tanışına hərrac vasitəsilə satılıb. Təxminən 189 milyon dram bazar dəyəri olan torpaq sahəsi 52 milyon drama, yəni üç dəfədən də çox ucuz qiymətə satılıb. Daha sonra həmin sahə Qasparyanın qayınatasının mülkiyyətinə keçib.

Bundan başqa, 2 min kvadratmetr sahəsi olan qonşu torpaq sahəsi hərrac keçirilmədən birbaşa satılıb. Əvvəlcə bələdiyyəyə məxsus torpaq satış üçün yararlı elan edilib, daha sonra hərracda merin qayınatasının yaxın tanışı tərəfindən alınıb. Sonradan həmin şəxs torpağı başqa birinə, o isə Qasparyanın qardaşının həyat yoldaşına satıb.

Qardaşının həyat yoldaşı ilə bağlı iş ayrıca icraatda araşdırılır.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr